Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Azərbaycanın əlində ən böyük «kozır»


İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan
Azərbaycan və Ermənistan prezidentləri iyunun 17-i yaxud 18-də görüşə bilərlər. Və bu görüş də sonuncu danışıqlar kimi Rusiyada baş tutmalıdır. Bu haqda xəbər agentlikləri məlumat yayıblar.

Prezidentlərin bu ilin yanvarında keçirilmiş görüşündən sonra Azərbaycan prezidenti Madrid prinsiplərini qəbul etdiyini bəyan etmişdi. Ermənistansa iki həftə vaxt istəmişdi. Amma Azərbaycan dövlət başçısının dediyinə görə, aradan altı ay keçsə də, qonşu dövlətdən xəbər yoxdur. Madrid prinsipləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, qaçqınların öz torpaqlarını qayıtmasını, bütün nəqliyyat və ticarət yollarının açılmasını və Dağlıq Qarabağın statusunun son mərhələdə səsvermə yoluyla həllini nəzərdə tutur.

Danışıqların yönünü isə Yerevanın cavabı müəyyənləşdirəcək deyəsən. İlham Əliyev bir qədər əvvəl mətbuata demişdi ki, Ermənistanın vaxt uzatma taktikası davam edərsə, yaxud da rəsmi qaydada bu prinsiplərə mənfi cavab verərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Prezident onu da demişdi ki, Bakı müxtəlif variantları nəzərdən keçirir.

MƏSƏLƏ KONKRETLƏŞİB!

Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, məsələ artıq konkretləşib. Madrid prinsipləri sülh planı Praqa prosesinin yekunudur. Bu, İlham Əliyev hakimiyyətə gələndən - 2004-cü ilin aprelindən başlanan danışıqların sonu və sonucudur:

Elxan Mehdiyev
«Azərbaycan fəlakətlidir, ya cəsarətlidir, addımı atıb - Madrid planını qəbul edib. Azərbaycanın əlində son 17 ildə ən böyük «kozır», çox böyük arqument var. Çünki Azərbaycan sülh planını qəbul edir. Ermənistan isə sülh planını qəbul etməməklə Azərbaycanı müharibəyə məhkum edəcək».

Əslində, Yerevanın «yox» deyəcəyi Bakıda çoxlarında, o cümlədən həmsöhbətimdə də şübhə doğurmur:

«Bundan əvvəl də Elmar Məmmədyarov həmsədrlərlə Venesiyada görüşmüşdü. Və orda Ermənistan tərəfin Madrid prinsiplərini qəbul etmədiyi açıq-aşkar bəlli olmuşdu. İndi bu danışıqlar nə üçündür, demək çətindir. Ola bilsin bu danışıqlar ona görə önəmli sayılır ki, Azərbaycan Ermənistanın dilindən Madrid prinsiplərini qəbul edir ya yox cavabını ala bilər. Əgər rədd cavabı alınandan sonra da danışıqlar davam edərsə, deməli, Azərbaycanın verdiyi bəyanatlar yalandır, daxili siyasətə yönəlik addımlarıymış».

«DANIŞIQLAR DAHA ON İL ÇƏKƏ BİLƏR»

Elxan Mehdiyevə görə, bu halda danışıqlar on illərlə davam edə bilər. Elə Yerevanın çalışdığı da budur.

Uzun müddət Qarabağ danışıqlarında iştirak etmiş keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə danışıqların bu templə təxminən daha on il davam edəcəyini təxmin edir. İşdi əgər Rusiya mövqeyinə düzəliş edib Ermənistana təzyiqi artırmasa. Odur ki, Vəfa Quluzadə Sankt-Peterburq görüşlərinin dönüş nöqtəsi olacağını güman etmir. O ki qaldı, Azərbaycanın danışıqlarda qalıb-qalmamasına:

Vəfa Quluzadə
«Danışıqlarda qalıb-qalmamaq eyni şeydir. Danışıqlardan çıxsaq bütün Qərb Azərbaycanı təqsirkar çıxaracaq. Görürsüzmü, fələstinlilər altmış ildir danışıqlar aparırlar. Ona görə danışıqlar davam edəcək, amma uğursuz şəkildə. Rusiya mövqeyini dəyişənə kimi…».

MOSKVA DA MÖVQEYİNİ AÇIQLAMALIDIR

Eyni qənaəti başqa bir politoloq Rasim Musabəyov da bölüşür:

«Mən gözləmirəm ki, Ermənistan təkmilləşmiş Madrid prinsiplərini qəbul etsin. Amma hər bir halda görüşdən boyun qaçırmaq düzgün olmazdı. Çünki Ermənistan izahat verməyə məcburdur. Azərbaycan cavab tələb edə bilər ki, iki həftə demişdin, yarım il keçib, sözünü de. Biz də işimizi bilək. Vacib olan həm də Ermənistanın patronu olan Rusiyanın da ortaya bir mövqe qoymasıdır. Ona görə bu görüş vacibdir. Amma faydalı olacaq-olmayacaq, bunu müəyyən vaxtdan sonra biləcəyik».
XS
SM
MD
LG