Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

«Bunların hamısı virtual diplomatik oyunlardır»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Əgər xarici işlər naziri Edvard Nalbandyan yenilənmiş Madrid prinsiplərini Ermənistanın da qəbul etdiyini bəyan eləyirsə, bu xoşagələn haldır. Bu, danışıqları yekunlaşdırıb böyük saziş üzərində işə başlamaq üçün Azərbaycan, Ermənistan və həmsədrlər üçün imkan yaradır».

Bu fikirləri martın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Parisdə Edvard Nalbandyanla görüşündən sonra belə məlumatlar yayılıb ki, Ermənistan artıq Madrid prinsiplərinin yenilənmiş variantı ilə razıdır. «İnterfaks» agentliyinin yaydığı məlumata görə, Edvard Nalbandyan ölkəsinin Madrid sənədini Azərbaycandan əvvəl qəbul etdiyini bildirib:

«BİZ YALNIZ ONU ALQIŞLAYA BİLƏRİK»

«Biz yalnız onu alqışlaya bilərik ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Madrid prinsiplərini qəbul edir. Hərçənd onlar (Azərbaycan) iddia edirlər ki, prinsipləri müəyyən istisnalarla qəbul edirlər».

Yerevanda keçirdiyi mətbuat konfransında Nalbandyan əslində Azərbaycanın Madrid prinsiplərinin mahiyyətini təhrif etdiyini də deyib. Onun sözlərinə görə, sənədi Ermənistan qəbul edir, onu qəbul etməyən Azərbaycandır.

Bir həftə əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, Madrid prinsiplərinin yenilənmiş variantını Azərbaycan qəbul edib, Ermənistan isə hələ düşünür. O vaxtdan siyasi dairələr, eləcə də media Ermənistan tərəfin sözügedən sənəd barədə nə qərara gələcəyini gözləyirdi.

Nalbandyanın və onun ardınca da Məmmədyarovun son bəyanatlarından sonra «Dağlıq Qarabağ ətrafında nə baş verir?» sualı qısa bir zaman kəsiyində yenidən mediada və siyasi dairələrdə müzakirə
Ərəstun Oruclu
mövzusuna çevrilib.

HƏRƏ MADRİD PRİNSİPLƏRİNİ ÖZ DÜŞÜNDÜYÜ KİMİ TƏQDİM EDİR

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, əslində Bakı və Yerevan Madrid prinsipləri deyilən sənədi öz düşündüyü kimi təqdim edir. Sənədə razılıq barədə deyilənlər isə tərəflərin onlara təzyiq edən beynəlxalq aləmə mesajıdır. Hər iki tərəf öz hakimiyyətlərini qorumaq üçün Qarabağ məsələsində güzəştə getməyə razı olduqlarını göstərmək istəyirlər:

«Bunların regional proseslərdəki rolu, geosiyasi proseslərə neqativ təsir göstərir. Ona görə həm Bakıya, həm də Yerevana ciddi təzyiqlər başlayıb ki, onlar davranışlarını dəyişsinlər. Davranışı dəyişmək isə son nəticədə normal seçkilərə getmək və hakimiyyəti itirmək deməkdir. Onlar da bunun müqabilində daim əllərində saxladıqları Qarabağ kartını oyuna çıxartmaq istəyirlər ki, gəlin bu məsələdə anlaşaq, amma digər məsələlərə toxunmayın. Çünki bu artıq bizim hakimiyyət maraqlarımız deməkdir».

Ərəstun Orucluya görə, həqiqət isə ondan ibarətdir ki, tərəflərin biri sənəddə referendum məsələsinin olmasını, digəri isə olmamasını qəbul etmir. İndiki halda Ermənistan Madrid prinsiplərinin əvvəldən təklif olunan variantını, Azərbaycan isə sənədi özü təklif etdiyi düzəlişlərlə qəbul etdiyini sadəcə təkrarlayır.

Onu da deyim ki, Ermənistan XİN rəhbəri də öz növbəsində Azərbaycanın sənədi qəbul etməsini alqışladığını bildirir. Əlbəttə deyir ki, əgər doğrudan da bu belədirsə.

Bəzi politoloqlar hesab edirlər ki, Bakının və Yerevanın indi də bu yolla məsələni gündəmdə saxlamaq istəyi təsadüfi deyil. Çünki hər iki cəmiyyətdə artıq bu
Vəfa Quluzadə
sülh danışıqlarına və onun fonunda öz hakimiyyətlərinin problemi həll etmək istəklərinə inam itməkdədir.

BAYRAM ƏRƏFƏSİNDƏ HAMIDA OPTİMİST ƏHVAL YARATMAQ İSTƏYİRLƏR

Politoloq Vəfa Quluzadənin sözlərinə görə isə, əslində XİN rəhbərləri tərəfindən səslənən fikirləri ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov 1994-cü ildə deyib. O vaxt o bildirmişdi ki, Madrid prinsipləri ətrafında razılıq əldə edilərsə, onda böyük siyasi sazış üzərində işə başlamaq olar.
Bu məsələni yenidən gündəmə gətirməklə bayram ərəfəsində hamıda optimist əhval yaratmaq istəyirlər:

«Bunların hamısı virtual diplomatik oyunlardır və reallığa heç bir dəxli yoxdur. Məqsədləri də odur ki, camaatda belə bir fikir yaransın ki, bu məsələ üzərində iş gedir. Amma əslində heç bir iş getmir. Camaat düşünür ki, torpaqlar bu gün, sabah qayıdır».

Vəfa Quluzadəyə görə, təkcə Azərbaycan yox, Ermənistan əhalisinin də problemin həlli üzərində iş getdiyini düşünməsinə ehtiyac var.

Çünki Ermənistan da məsələni həll edə bilmir. Bununla belə, politoloq düşünür ki, hətta tərəflər Madrid prinsipləri ətrafında razılaşma əldə etsələr belə, bu da heç nəyi dəyişməyəcək. Çünki haqqında danışılan böyük sülh sazişı üzərində iş 50 il də gedə bilər, 70 il də. Amma indi məsələ ondan ibarətdir ki, heç nə razılaşdırılmayıb.
XS
SM
MD
LG