Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:28

Universitet tələbəsi dövlətə xəyanət ittihamı ilə cəzalandırıldı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Dövlət Universitetinin (BDU) III kurs tələbəsi Fidan Əliyeva iki ildir dövlətə xəyanət ittihamı ilə həbsdədir. O, 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində başlanan və 138 gün sürən aksiyadakı ekofəallardan biridir. Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarına Azərbaycanla bağlı bir sıra bilgi, dövlət obyektlərinin foto və videolarını çəkib göndərməklə casusluq etməkdə suçlanan 21 yaşlı qıza bugünlərdə hökm oxunub. Ona 6 il həbs cəzası kəsilib.

F.Əliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. Həmin maddədə 12 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə görə, qadınlara ömürlük həbs cəzası verilmir.

F.Əliyevaya hətta prokuror da qanunda nəzərdə tutulan cəzanın minimum həddindən aşağı – 10 il həbs verilməsini istəmişdi. Prokuror məhkəmədə aşağı cəza həddini əsaslandırarkən onun gəncliyini, özəlliklə sağlamlığındakı problemi vurğulayıb. İstər istintaq, istərsə məhkəmə dövründə F.Əliyeva psixiatrik ekspertizadan keçirilib. Hər iki ekspert rəyində ona "qarışıq tipli şəxsiyyət pozuntusu" diaqnozu qoyulub.

"Məni şantaj edirdi..."

Ekspertlərin rəyinə görə, o, hərəkətlərinin faktik xarakterini və ictimai təhlükə dərəcəsini tam anlamasa, onları idarə etmək gücündə olmasa da, tam anlaqsız da deyilmiş. Bu üzdən, məhkəmə onun təqsirli bilinib cəzalandırılmasına qərar verib.

Cinayət işinin materiallarında iddia olunur ki, F.Əliyeva Telegram kanalında tanış olduğu şəxs vasitəsilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Ona verilən tapşırıqlara uyğun şəkildə foto və səs yazıları göndərib. Tələbə və könüllü kimi, Şuşadakı aksiyaya gedərkən yolda gördüklərini, orada baş verənləri də çəkib və Telegram-da yollayıb.

Laçın-Xankəndi yolunun özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları tərəfindən blokadası
Laçın-Xankəndi yolunun özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları tərəfindən blokadası

F.Əliyeva özünü qismən təqsirli bilir. Ağır uşaqlıq, psixoloji sarsıntılar keçirdiyini vurğulayan gənc qız deyir ki, Telegram vasitəsilə danışdığı şəxsin heç xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib. Onun sözlərinə görə, Telegram kanalında yazışdığı şəxs hədə-qorxu gəlməklə onu bilgi və fotolar göndərməyə məcbur edib: "Məni şantaj edirdi. Fotomu "vətən xaini" kimi paylaşacağı ilə məni hədələdi. Əlaqə nömrəmi, adımı, universitetimi... hamısını bilirdi. Deyirdi ki, paylaşacağam...".

Xatırlatma

2022-ci il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirib, Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb ediblər. Ermənistan tərəfi isə Azərbaycan hakimiyyətini bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda ittiham edirdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü il birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər sülh sazişi imzalamayıblar. Sərhədlər delimitasiya olunmayıb.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdu.

XS
SM
MD
LG