Rusiya ABŞ prezidenti Co Baydeni Ukraynadakı savaşı gərginləşdirməkdə və durumu qarışdırmaqda suçlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün qoyulan məhdudiyyətin aradan qaldırılmasını şərh edərkən belə deyib.
Daha öncə istər Ukrayna prezidenti Volodımır Zelenski, istərsə ölkənin digər rəsmiləri təmənnasız silahla düşmən ərazisindəki əlçatmaz hədəflərə tam həcmdə zərbələrə razılıq almaq üçün bir neçə ay danışıqlar aparıblar.
ABŞ və digər NATO müttəfiqləri onların istehsal etdiyi silahla Rusiya ərazisinə zərbə endirərkən bəlli məsafə müəyyənləşdirib.
Peskovun fikrincə, Vaşınqtonun rəsmi təsdiqləmədiyi məhdudiyyətin dəyişdirilməsi gərginliyin yeni mərhələsinə səbəb olacaq və ABŞ-ın Ukraynadakı müharibəyə daha çox qatılmasını şərtləndirəcək.
Rusiya prezidenti Vladimir Putin sentyabrda Qərb dövlətlərini xəbərdar edib ki, adi raket zərblərinə nüvə silahı ilə cavab verə bilər. Rəsmi Moskva nüvə gücünün dəstəyi ilə özünə qarşı gerçəkləşdirilən istənilən hücumu birgə hücum kimi gözdən keçirəcək.
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Ağ evin bu addımının daha ciddi fəsadlara yola aca biləcəyini söyləyib.
"Bu, çox gərəkli qərar idi"
Uzaqmənzilli silahlardan minlərlə şimali koreyalı hərbçinin Rusiyanın Kursk vilayətindəki savaşa qatılmasına cavab olaraq istifadə edilə bilər. Bilgilərə görə, Rusiyanın cənub-qərbindəki bu vilayətə raket zərbələri endirilməsi məhdudiyyəti qüvvədə qalır.
Yeni durum Böyük Britaniya və Fransanın Ukrayna ilə bağlı bənzər məhdudiyyəti qaldırmağa da yol açır. Bu da Ukraynaya savaşın həlledici anında düşməninə zərbə etdirməyə imkan verəcək. Ukrayna gələcək sülh danışıqlarında önəmli anlam daşıyacaq Kursk vilayətində nəzarət etdiyi əraziləri hər vəchlə əlində saxlamağa çalışır.
Kiyevin avropalı müttəfiqləri yayılan bilgiyə nikbin reaksiya verib. Polşa prezidenti Andjey Duda bildirib ki, Baydenin davranışı savaşda həlledici məqam ola bilər: "Bu, çox gərəkli qərar idi. …Rusiya görür ki, Ukraynanın güclü dəstəyi var və Qərb öz mövqeyində qətiyyətlidir".
Almaniya xarici işlər naziri Annalena Berbok hərbi dəstək baxımından Vaşınqtonun addımı önəmli sayıb. Onun sözlərinə görə, bu addım Qərbin strategiyasının dəyişmədiyini göstərir. Nazir əlavə edib ki, Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları və Çinin Rusiyaya dronlar verməsi məsələsini də gözdən keçirəcək.
Aİ-nin xarici işlər və güvənlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel digər Avropa ölkələrinin də Vaşınqtonun addımını təkrarlayacağına ümid bəslədiyini bildirib.
ABŞ Ukraynaya uzaqmənzilli silahlarla Rusiyaya zərbə endirməyə icazə verib
ABŞ mediasının yazdığına görə, Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinin dərinliklərinə ABŞ silahları ilə zərbələrin endirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırıb.
Ağ ev və Milli Güvənlik Şurası məsələ ilə bağlı AzadlıqRadiosunun göndərdiyi sorğulara şərh verməyib.
Bilgilər təsdiqlənsə, sözügedən qərar Kiyevin bununla bağlı coxdankı xahişləri fonunda ABŞ siyasətindəki ciddi dəyişikliyə işarə edəcək.
Bilgiləri təsdiqləməyən Ukrayna prezidenti Volodımır Zelenski bildirib ki, "zəfər planı"nın əsas bəndlərindən biri müttəfiqlərin verdiyi uzaqmənzilli silahlardan istifadəni nəzərdə tutur.
"Hərbçilər zərbələri sözlərlə endirmir. Raketlərin özü özü haqqında danışacaq", - Zelenski Teleqram sosial şəbəkəsindəki paylaşımında belə yazıb.
"Reuters" təfərrüata varmasa da, Kiyevin bu silahlarla ilk zərbəni yaxın günlərdə gerçəkləşdirəcəyini bildirib.
Ukrayna, böyük ehtimalla, uçuş radiusu 300 km olan ATACMS raketlərindən yararlanacaq.
Bayden administrasiyası yanvarın 20-də Ağ evi tərk edənədək Ukraynaya yardımı gücləndirmək imkanları axtarır.
Baydenin Kiyevə dəstəyini tənqid edən Tramp bildirib ki, tezliklə Ukraynanın ürəyincə olmayan şərtlərlə savaşın dayandırılmasına nail olmağa çalışacaq.
"Bu siyasət… Trampın özünə də sərf edəcək"
ABŞ qoşunlarının Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces AzadlıqRadiosuna bildirib ki, bu, Trampın Ağ evə qayıdışınadək ABŞ-ın hərəkətsiz qalmayacağına dair Rusiyaya bir işarədir: "Tramp administrasiyası işə başlarkən, bu siyasət artıq gerçəkləşməkdə olacaq və Donald Trampın özünə də sərf edəcək".
General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.
Şotlandiyadakı Sent-Endrüs Universitetinin professoru Fillips O'Brayen belə bir addımın çoxdan gərəkdiyini deyərək əlavə edib ki, əsas narahatedici məqam Ağ evə qayıdandan sonra Trampın bu siyasəti dayandıra biləcəyidir.
ABŞ-ın Böyük Britaniya, Fransa və digər müttəfiqlərini də bənzər addımlar atmağa məcbur edəcəyi düşünülür.
Kiyevin bir çox müttəfiqi qərara birmənalı yanaşmır
Ukraynanın uzaqmənzilli Qərb silahlarından istifadəsini Kiyevin bir çox müttəfiqi birmənalı qarşılamayıb. Bəziləri Rusiyanın cavab zərbəsindən və Avropada daha geniş savaşın yayılmasından ehtiyatlanır.
Bayden sözügedən icazəni verməyə istəkli olmasa da, mayda Ağ ev Ukraynaya endirilən qaçılmaz zərbələrin önünü kəsmək üçün Rusiya sərhədindəki hədəflərə belə silahlarla məhdud zərbələr endirməyə icazə vermişdi.
Bir çox media orqanı Baydenin icazəsini Şimali Koreyadan Rusiyaya minlərlə hərbçi göndərilməsinə və onların Kursk vilayətindəki savaşa qatılmasına cavab kimi dəyərləndirir.
Kreml Ukraynaya uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsinin münaqişəni ciddi ölçüdə gərginləşdirəcəyi barədə Qərbə xəbərdarlıq edib.
Rusiya tammiqyaslı hərbi müdaxiləyə başlayandan bəri uzaqmənzilli silahları və təyyarələri ilə Ukraynanın hərbi, eləcə də mülki və infrastruktur obyektlərinə zərbələr endirib.
Noyabrın 17-də Ukraynanın enerji infrastrukturuna şiddətli hava zərbəsindən sonra ölkəboyu elektrik kəsintiləri gözə dəyib.
Avropa İttifaqı, NATO və digər Qərb müttəfiqləri Rusiyanın sonuncu zərbəsini qınayıb və bundan sonra da Ukraynaya dəstəyi sürdürəcəklərini bildirib.