Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

İki saatlıq görüşün xizəkli sonu


Prezidentlər Soçidə, 25 yanvar 2010
Prezidentlər Soçidə, 25 yanvar 2010
«Prezidentlərin görüşü səmərəli keçib və tərəflərin razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaqları razılaşdırılıb».

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin yanvarın 25-də Soçidə Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı keçirilən görüşündən sonra deyib.

MİNSK PROSESİ İRƏLİLƏYƏCƏK

Sergey Lavrov tərəflərin budəfəki açıq söhbətinin Minsk prosesinə də müsbət təsir edəcəyini düşünür. O, mediaya açıqlamasında vurğulayıb ki, münaqişə tərəflərinin razılaşdırılmamış məqamlar üzrə təkliflər verməsi danışıqlar prosesində konkretliyə səbəb olacaq.

GERİYƏ DÖN!

Politoloq Vəfa Quluzadə isə düşünür ki, Azərbaycanın 18 ildir davam etdirdiyi sülh danışıqlarının heç bir nəticəsi olmayacaq. Politoloq deyir ki, Rusiyanın tərəflərə öz təkliflərini hazırlamaq çağırışı, prosesi yenidən geri çevirmək deməkdir:

Vəfa Quluzadə
- Rusiya «nə hərb, nə sülh» prosesindən olduqca məmnundur. Çünki münaqişənin həlli Rusiyanın regiona təsir imkanlarını daralda, Azərbaycanın və Ermənistanın Avroatlantika məkanına inteqrasiyasını sürətləndirə bilər. 1998-ci ildə tərəflər münaqişənin həllinə yaxınlaşmışdı. O zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan problemin mərhələli çözümünü təklif etmişdi. Ancaq siyasi proseslər onun hakimiyyətdən getməsinə səbəb oldu. Özü də bunu Rusiya etdi. Daha sonra 1999-cu ildə Azərbaycanla Ermənistan İstanbul sammitində güzəştli sülh sazişi imzalamağa çox yaxınlaşmışdılar. Ancaq Ermənistan parlamentində spiker, baş nazir də daxil olmaqla nazirlər, deputatlar güllələndi. Rusiyanın bu münaqişənin nizamlanması üzrə atdığı addımların hamısı manevrdir.

Politoloq deyir ki, beynəlxalq hüquq pozulub və Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əgər həmsədr dövlətlər, o sıradan Rusiya Qarabağ düyününün açılmasını istəyirsə, o zaman Ermənistanı beynəlxalq hüququ əməl etməyə, öz qoşunlarını işğal etdiyi Azərbaycandan geri çəkilməyə çağırmalıdır. Bu, baş verməyənə qədər sülh danışıqlarının heç bir nəticəsi olmayacaq.

REFERENDUM DÜYÜNÜ


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Soçidəki üçtərəfli görüşü nəticəsiz sayır:

- Əgər prezidentlərin bundan öncəki Moskva görüşündə hər hansı sənəd imzalanmışdısa, irəliləyişlərlə bağlı hər hansı ümid yaranmışdısa, Soçidə bu baş vermədi. Əslində, Lavrovun mətbuat üçün açıqlamasında onun görüşdə heç bir nəticəyə gəlinmədiyinə işarə etdiyi açıq görünür.
Elxan Şahinoğlu
Düzdür, Lavrov bildirdi ki, Madrid prinsiplərinin preambula hissəsilə bağlı ümumi razılaşma, münaqişənin çözüm şərtlərilə bağlı ortaq anlayış var. Ancaq bunlar yenilik deyil. Soçi görüşünə qədər dövlət başçıları Madrid prinsiplərinin çoxunu qəbul etmişdi. Əsas fikir ayrılığı Dağlıq Qarabağın statusunun müəyyən edilməsilə bağlı referendumun vaxtı ilə bağlıdır. Ermənistan referendumun tarixi bəlli olmadan hər hansı sülh sazişi imzalamaq istəmir. Azərbaycan isə bu məsələyə qarşıdır. Əgər bu məqamla bağlı yenə də heç bir razılaşma əldə olunmayıbsa, prezidentlərin üçlü görüşündə hansı nəticələrdən danışmaq olar?

Elxan Şahinoğlu ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nümayəndəsi Qoran Len-Markerin bugünlərdə dediyi «2010-cu ilin yazına qədər münaqişənin baza prinsipləri razılaşdırıla bilər» fikrini də bölüşmür. Onun sözlərinə görə, Soçi görüşünün faktiki olaraq heç bir sənəd, anlaşma əldə edilmədən imzalanması deyilənlərin reallaşacağına böyük şübhə yaradır.

XİZƏKLİ SAMMİT

Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını mümkün sayır. Prezident İlham Əliyev bu fikri öz çıxışlarında dəfələrlə bildirib.

Rəsmi Bakı Soçi görüşü ilə bağlı açıqlama yaymayıb. Rusiya qaynaqları isə yazır ki, görüş təxminən iki saat sürüb. Danışıqlardan sonra Rusiya və Azərbaycanın dövlət başçıları «Krasnaya polyana» dağxizək komleksində xizək sürüb danışıqları qeyri-rəsmi şəraitdə davam etdirməyi qərara alıblar. Serj Sarkisyan isə danışıqlardan sonra Ermənistana qayıdıb. Onun Medvedevlə Soçi danışıqlarından öncə təkbətək görüşü ötən həftə Moskvada olmuşdu.
XS
SM
MD
LG