Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Putin əhali sayını artıra biləcəkmi – Qərb mediası


Volqoqrad. arxiv fotosu
Volqoqrad. arxiv fotosu

Rusiyada ölümlərin yarıdan çoxuna infarkt, yüksək təzyiq, iflic səbəb olur. Hər üç rusiyalı kişinin biri 60 yaşına çatmır

Rusiya Prezidenti Vladimir Putin ölkədəki kəskin demoqrafik böhranı yoluna qoymağa çalışır, vətəndaşları dünyaya daha çox uşaq gətirməyə həvəsləndirir. “The Daily Beast” portalında Anna Nemtsova ekspertlərə istinadla bunun boş arzu olduğunu yazır.

Son altı ayda Rusiyada əhalinin təbii artımı ötən ilin eyni dövrüylə müqayisədə iki dəfədən çox azalıb. Elə Prezident Putinin ötən həftə ailələri genişləndirmək çağırışı bu statistikadan qaynaqlanır.

Boşanmalar, məişət zorakılığı

“İki, üç, dörd uşaqlı güclü ailə gələcək Rusiyanın imici olmalıdır”, – o deyib.

Müəllif bu məqsədin bir çox səbəblərdən çətin olacağını yazır. Əvvəla, Dövlət Statistika Xidmətinin məlumatına görə, ötən il Rusiyada bağlanan nikahların 73 faizi boşanma ilə sonuclanıb, 48 faizində isə dünyaya övlad gətirilməyib. “Putinin qoyduğu yeni hədəfə çatmaq başlıca ona görə çətindir ki, Rusiyada qadınların 51 faizi sadəcə, doğmaq istəmir”, – müəllif yazır.

Bir səbəb qadınların üzləşdiyi zorakılıqdır. Pandemiya dövründə Rusiyada məişət zorakılığı həddən artıq çoxalıb. “Novaya Gazeta”nın ötən ay yazmasına görə, Rusiyada qətlə yetirilən hər üç qadından ikisini öz ailə üzvləri öldürüb.

Əhali azalır

2021-ci il yanvarın 1-dək Rusiya əhalisinin sayı 146 milyondan çox olub. Bu isə bir il ərzində 702 min nəfər azalma deməkdir. Müəllif yazır ki, bu statistikaya pandemiyadan dolayı 475 min civarında əlavə ölü sayı da daxildir. Amma yenə də demoqrafik böhranın kəskinliyini göstərir.

Rusiyada ölümlərin yarıdan çoxuna infarkt, yüksək təzyiq, iflic səbəb olur. Hər üç rusiyalı kişinin biri 60 yaşına çatmır. Yeni ildə iki həftə çəkən rəsmi tətil xüsusilə təhlükəli sayılır, minlərlə insan ya çox aşırı içməkdən, ya da donvurmadan ölür.

Demoqrafiya İnstitutunun eksperti Yuri Krupnov portala deyib ki, Rusiyada ambisiyalı qadınların ətrafında süst, ərköyün kişilər dolaşır, bəzi qadınlar kişisizlikdən şikayətlənirlər. Bəziləri özlərini uşaqsız daha azad sayır, bəziləri hətta uşaqlara nifrət edirlər.

“Doğum indiki kimi ailəyə 1.5 uşaq səviyyəsində qalsa, əhalimiz əsrin sonuna 70 milyona düşə bilər, bu, sadə hesablamadır”, – ekspert deyib.

XS
SM
MD
LG