Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Əsrin sonuna dünya əhalisini nələr gözləyir


Makedoniyada miqrantlar, arxiv fotosu
Makedoniyada miqrantlar, arxiv fotosu

Proqnoza görə, 2064-cü ildə dünya əhalisi pik həddə – 9,7 milyarda çatacaq, əsrin sonuna isə 8,8 milyarda düşəcək

2100-cü ildə Yer üzündə 8,8 milyard adam yaşayacaq. Bu, BMT-nin mövcud proqnozlarından iki milyard nəfər azdır. Bu gün – iyulun 15-də dərc olunmuş araşdırmada doğum səviyyəsinin azalması və əhalinin qocalmasının əhali artımındakı rolu öyrənilib. Araşdırmanı “The Lancet” tibb dərgisi dərc edib.

Proqnoza görə, 2064-cü ildə dünya əhalisi pik həddə – 9,7 milyarda çatacaq, əsrin sonuna isə 8,8 milyarda düşəcək.

20-dən artıq ölkədə – Yaponiya, İspaniya, İtaliya, Tailand, Portuqaliya, Cənubi Koreya və Polşada əhali azı 50 faiz azalacaq.

80 il ərzində Çinin əhalisinin də təxminən bu qədər, yəni bugünkü 1,4 milyarddan 730 milyona düşəcəyi gözlənir.

Tövsiyələr

Saharaaltı Afrikada isə əhali üç dəfə artaraq 3 milyarda yüksələcək. Təkcə Nigeriyada əhali sayının 2100-cü ilədək 800 milyona çatması gözlənir. O, 1,1 milyard əhalisi olacaq Hindistandan sonra ikinci yerə çıxacaq.

“Bu proqnozlar ətraf mühit üçün yaxşı xəbər sayılır, ərzaq istehsalı sistemləri təzyiq, karbon emissiyaları azalacaq, Saharaaltı Afrikanın bəzi yerləri üçün ciddi iqtisadi imkanlar yaranacaq”, – araşdırmanın əsas müəllifi Christopher Murray “Frans Pres” agentliyinə deyib.

“Ancaq Afrikadan kənar çox ölkələrdə işçi qüvvəsi azalacaq, demoqrafik piramidada yerdəyişmələr olacaq və bütün bunlar iqtisadiyyata mənfi təsir göstərəcək”, – o, sözlərinə əlavə edib.

Araşdırmada belə bir qənaətə gəlinib ki, yüksək gəlirli ölkələr əhalinin səviyyəsini və iqtisadi artımı saxlamaqdan ötrü çevik immiqrasiya siyasəti yürütməli, uşaq istəyən ailələrə sosial dəstək verməlidirlər.

“Amma əhali azaldığı bir vaxtda bəzi ölkələrin reproduktiv sağlamlıq xidmətlərinə çıxışı məhdudlaşdıra biləcəyi təhlükəsi var və bunun da nəticələri fəlakətli olar”, – Murray xəbərdarlıq edib.

“Qadınların hüquq və azadlıqları hər bir hökumətin inkişaf siyasətinin başında dayanmalıdır”, – o vurğulayıb.

Yaşlı əhali, işçi qüvvəsinin azalması

Hesabatda qeyd olunur ki, daha yaşlı əhalini təmin etməkdən ötrü sosial xidmətlər və səhiyyə sistemlərinə yenidən baxılmalıdır.

Dünyada doğum səviyyəsi azaldığından, ömür uzunluğu isə artdığından yaşı 5-dən aşağı uşaqların sayının 40 faizdən çox azalacağı proqnozlaşdılır – 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona düşəcəyi gözlənir.

Sözügedən dönəmdə 2,37 milyard adamın, yəni dünya əhalisinin 25 faizindən çoxunun yaşı o vaxtadək 65-dən yuxarı olacaq.

Yaşı 80-i keçənlərin sayı isə bu gün 140 milyondur, 866 milyona çatacaq.

“Cəmiyyətlər azalan işçilər və vergi ödəyiciləri ilə artıma çalışacaq”, – professor Stein Emil Vollset deyib.

Çinin işlək yaşda olan əhalisinin sayı 62 faiz azalacaq. Bu gün bu rəqəm 950 milyon nəfərdir, 80 il sonra 350 milyona düşəcək.

Hindistanda isə bu göstərici 762 milyondan 578 milyona düşməlidir.

XS
SM
MD
LG