Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Çində əhali 1.4 milyardı keçəndən sonra... – Qərb mediası


Pekin, arxiv fotosu
Pekin, arxiv fotosu

Şəhərdə yaşayan cütlüklər, özəlliklə 1990-cı ildən sonra doğulanlar ailə qurmaqdansa öz müstəqilliklərini və karyeralarına üstünlük verirlər

Çində doğumun azalması 1950-ci illərdən bəri əhali artımının ən aşağı səviyyəyə düşməsinə səbəb olub. “Reuters” yazır ki, Yaponiya kimi inkişaf etməkdə olan ölkələrə xas qocalma tendensiyası Çini də yaxalayır və iqtisadiyyatını gücləndirmək qabiliyyətinə kölgə salır.

1970-ci illərin sonundan Çində tək uşaq siyasəti tətbiq olunub. Ölkədə hər on ildən bir siyahıyaalma keçirilir. 2020-ci ilə aid nəticələr bu gün – mayın 11-də açıqlanıb. Çin əhalisi cəmi 5.38% artaraq 1.41 milyarda bərabər olub. 1953-cü ildə ölkədə müasir mərhələdə siyahıyaalma başlanandan bu, ən aşağı artım göstəricisidir.

“Demoqrafik zaman bombası”

Ötən il hər qadına 1.3 doğum əmsalı düşüb. Bu, Yaponiya və İtaliya kimi qocalmaqda olan cəmiyyətlərlə bərabərdir. Dünyanın ikinci ən böyük iqtisadiyyatında artıq qarşısıalınmaz əhali azalması başlaya bilər. Amma məsələ ondadır ki, Çin Böyük Yeddilik (G7) ölkələrinə xas ailə təsərrüfatı gəliri səviyyəsinə çatmayıb.

“The Associated Press” yazır ki, Çin qocalanadək varlana bilməmək riskilə üz-üzədir. Bəziləri ölkənin “demoqrafik zaman bombası” ilə üzləşdiyini deyirlər.

“Hər şeydən çox işçi qüvvəsi yaşındakı əhalinin sürətlə azalmasından narahatıq”, – Pekin Universitetinin professoru Lu Yiehua deyib. Onun sözlərinə görə, 2011-ci ildə 15-59 yaşlı potensial işçi qüvvəsi ümumi əhalinin 75 faizini təşkil edirdisə, 2050-ci ildə 50 faizədək düşəcək.

“Əhali çox qocalarsa, bu problemi immiqrasiya ilə həll etmək mümkün olmayacaq. Bununla daha tez məşğul olmaq lazımdır”, – Lu vurğulayıb.

Karyera, yoxsa uşaq?

Çin 2020-ci ildə əhali sayını 1.42 milyarda, doğum əmsalını isə 1.8-ə çatdırmağı hədəf qoymuşdu. Bu hədəf 2016-cı ildə qoyulub. Həmin il Çin bir uşaq siyasətini iki uşaq məhdudiyyəti ilə əvəzlədi.

“Reuters” yazır ki, demoqrafik vəziyyətdə kəskin pisləşmə Pekini cütlükləri daha çox uşaq dünyaya gətirmək üçün həvəsləndirməyə sövq edəcək. Ancaq indiyədək təklif olunan imtiyazlar işə yaramayıb. Cütlüklər karyera seçiminin, bahalı həyatın onların ailələrini böyütməsini önlədiyini deyirlər.

“Son illərin əhali inkişafı tendensiyasına əsasən demək olar ki, əhali artımı gələcəkdə də azalacaq”, – Milli Statistika Bürosunun rəhbəri Ning Yije deyib.

“Çinin əhalisi gələcəkdə pik həddə çatacaq, amma dəqiq vaxt bəlli deyil. Yaxın gələcəkdə də Çində ümumi əhali sayının 1.4 milyarddan yuxarı həddə qalacağı proqnozlaşdırılır”, – o, sözlərinə əlavə edib.

Artan xərclər

Bir ürəkaçan məqam isə əhalinin gənc hissəsində gözlənilməz artımdır. 2020-ci ildə əhalinin 17.95%-nin yaşı 14 və ondan az olub. 2010-cu ildə bu göstərici 16.6% idi.

“Reuters” qeyd edir ki, şəhərdə yaşayan cütlüklər, özəlliklə 1990-cı ildən sonra doğulanlar, valideynlərinin təzyiqinə baxmayaraq, ailə qurmaqdansa öz müstəqilliklərini və karyeralarına üstünlük verirlər. Üstəlik, Çinin böyük şəhərlərində yaşayış xərcləri də artır.

Bir dövlət araşdırma mərkəzinin 2005-ci ildə hazırladığı hesabata görə, ortabab ailənin uşaq böyütməsi 490 min yuana (75 min dollara yaxın) başa gəlirdi. Yerli medianın 2020-ci ildə yazmasına görə, bu xərc 1.99 milyon yuana çatıb, yəni 15 il öncəylə müqayisədə dörd dəfə artıb.

Bu gün açıqlanmış data Çinin tezliklə əhali sayına görə Hindistandan geri qalacağını göstərir. Bunun 2025-ci ilədək baş verəcəyi gözlənir.

XS
SM
MD
LG