Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Bakıda sənədsiz ev problemi necə həll olunacaq?


Arxiv foto: Bakı yaxınlığında neft mədənləri ərazisində tikilmiş ev.
Arxiv foto: Bakı yaxınlığında neft mədənləri ərazisində tikilmiş ev.
Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərlə bağlı mübahisələri yeni komissiya araşdıracaq. İyunun 27-də prezident İlham Əliyev belə bir komissiyanın yaradılmasına dair sərəncam verib.

Komissiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sədr təyin edilib. Orada 15-dən artıq nazir və digər çinli məmurlar təmsil olunur. Komissiya magistral kəmərlərin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin mühafizə zonalarında, neft, qaz yataqlarının torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri tənzimləməlidir. Qurum 3 ay ərzində təkliflərini prezidentə təqdim etməlidir.

«PREZİDENTİMİZ QƏRAR VERİBSƏ...»

İllərdir evinə sənəd almağa çalışan Zemfira Haşımova bu komissiyaya çox ümidlidir:

«Hörmətli prezidentimiz qərar veribsə, ümid edirik ki, məsələ öz həllini tapacaq».

Prezident ilk dəfə bu problemi 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib. Dövlət başçısı aidiyyəti qurumlara tapşırıb ki, bu məsələ tez bir zamanda həll edilsin.

Zemfira Haşımova isə deyir ki, prezidentin ötən ilki çıxışından sonra Bakının Qaraçuxur qəsəbəsində, «Dərə» massivində yaşayanlar sənədləşmə üçün dəfələrlə etdikləri müraciətə mənfi cavab alıblar. Hər dəfə onlara deyilib ki, prezident şifahi göstəriş versə də, ortalıqda bu məsələni tənzimləyən sənəd yoxdur.
Tahir Rzayev
Tahir Rzayev

«BU, İNSANLARIN MƏNAFELƏRİNİN QORUNMASINA YÖNƏLİB»

Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü Tahir Rzayev prezidentin sərəncamını müsbət dəyərləndirir. Deputata görə, xeyli dövlət məmurunun təmsil olunduğu komissiya mövcud problemi həll etməyə qadir olacaq:

«Çox əhəmiyyətli bir sərəncamdır. Əlbəttə, bu, insanların mənafelərinin qorunmasına, həm də qanunvericiliyin tikintidə təmin olunmasına yönəlib».

Amerika Ticarət Palatasının əlaqələndiricisi Şahid Şükürov hesab edir ki, sənədləşməni aparmaq üçün ortalıqda hansısa bir sənəd yoxdursa, bu iş inzibati yolla həyata keçirilə bilər:

«Yəqin bu, inzibati qaydada tənzimlənməlidir və bu qayda ilə müvafiq tədbirlər görülməlidir. Yəni, sənədsiz olan bir şeyə sənəd verilməsi bu yolla həll edilə bilər və bu, mümkündür. Digər tərəfdən, prezident deyibsə, yəqin ki onun dediyinə uyğun sənədləşmə aparılacaq. Burda kompleks tədbirlər planı nəzərdə tutulur».

PARLAMENTDƏN YOXA ÇIXAN LAYİHƏ
Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev isə 1900-cü ildən mövcud olan 500 minə yaxın tikilinin sənədləşməsi üçün ortalıqda bir sənədin olmasını vacib sayır. O deyir ki, prezidentin ötən ilki çıxışından sonra hazırlanan qanun layihəsi onların əlinə keçsə də, sonradan həmin sənəd yoxa çıxıb. Orada komissiya yaradılması haqda bənd də var imiş.

Ancaq R.Ağayev düşünmür ki, yüksək rütbəli məmurların təmsil olunduğu komissiyanın yaradılması sənədsiz evlər problemini tez bir zamanda həll edəcək:

NAZİRLƏRİN TOPLANDIĞI KOMİSSİYA...

«Qarmaqarışıq bir vəziyyət yaranıb. Təəssüf ki, Azərbaycan hökuməti bu prosesi bağlı qapılar arxasında aparır. Yaxşı olardı ki, bura ictimai qurumlar, ekspertlər cəlb olunaydı. Yoxsa hökumət bir neçə məmuru yığıb bir yerə deyir ki, gedin, fikirləşin. Təcrübə göstərir ki, məmurların çıxardığı qərarlar həmişə vətəndaşın əleyhinə olur. O komissiyanın nə iş görəcəyini mən bilmirəm».

Dəmiryolu yaxınlığında evlər
Dəmiryolu yaxınlığında evlər
R.Ağayev deyir ki, prezidentin ötən ilin martında verdiyi göstərişdən sonra Bakı şəhər İcra Hakimiyyəti sənədsiz evlərin siyahısının tutulması ilə bağlı xeyli iş görüb:

«Bir ildən çox vaxt ərzində Bakı şəhər İcra Hakimiyyəti araşdırma aparıb, amma indi birdən sərəncam verilir. Yeni bir komissiya yaradılır və onlara deyilir ki, 3 ay müddətində araşdırma aparın. Mən belə başa düşürəm ki, bu, siyasi bir məsələdir. Sovet dövründən qalan əmanətlər kimi bu məsələ ilə bağlı nə isə manipulyasiya eləmək istəyirlər».

İNFRASTRUKTURLARIN ÖZÜNÜ UZAQLAŞDIRMAQ

R.Ağayev sənədsiz tikililərin tənzimlənməsində Türkiyə nümunəsini yada salır. Deyir, elə yaşayış yerləri var ki, onları köçürməkdənsə, infrastruktur obyektlərinin özünü ərazidən uzaqlaşdırmaq olar. Artıq Azərbaycanda da belə nümunə var. Misal üçün, Binəqədi rayonundakı yüksəkgərginlikli elektrik xəttinin altında yaşayış evləri olduğundan elektrik xətti ərazidən bir-neçə yüz metr uzaqlaşdırılıb.

R.Ağayev hesab edir ki, mövcud problemin həlli yolları çoxdur. Sadəcə, bunu həll etməyə siyasi istək olmalıdır.
XS
SM
MD
LG