Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Sumqayıtda hələ 40-cı illərin baraklarında yaşayanlar var [Video]


Sumqayıt barakları
Gözlə
Embed

No media source currently available

0:00 0:03:39 0:00

Sumqayıt barakları

İkimərtəbəli baraklar. Xudmani həyətlərini qızılgül kolları bəzəyir. Bura Sumqayıtın «İnşaatçılar» massividir. Bu taxta «fin evləri» Sumqayıtın tikintisində iştirak edənlər üçün, İkinci Dünya müharibəsindən sonra tikilib.

DİVAR İÇİNDƏ SİÇOVUL GƏZİR

Hər evdə 4 ailə alt, 4 ailə üst mərtəbədə yaşayır. Qorxa-qorxa, evlərinin hər an başlarına uçacağını gözləyə-gözləyə. Onlar pilləkənləri ehtiyatla qalxıb-düşürlər. Bu evlər istənilən vaxt çökə bilər.

«Gecələr divarın içində siçovullar gəzir. Səslərini eşidirik. Qorxudan uşaqlarımı qucaqlayıb yatıram».

Bunu buradakı qəzalı evlərin birində yaşayan 36 yaşlı Könül Xələfova deyir:

«Evim uçur. Gəlib görsünlər bu şəraitdə kim yaşayar? Vəzifəlilər yaşayar? Mətbəxim başıma uçur. Ev böyrü üstə elə əyilir ki, qapı da yatır, bağlanmır. Hər dəfə yonuruq ki, bağlansın».

Sakinlərin dediyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya 2 il bundan qabaq məktub göndəriblər, keçən il Sumqayıt şəhər İcra Hakimiyyətində də olublar. Dediklərinə görə, nə gəlib bu evlərə baxan olub, nə də onların nə vaxt köçürüləcəyi barədə bir söz deyən.

«YENİ SUMQAYIT» SALINACAQ, AMMA...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bir il bundan əvvəl bildirib ki, «İnşaatçılar» massivində məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət «Yeni Sumqayıt» yaşayış massivi salınacaq. Əli Həsənov bu ərazidəki evlərin istismar müddətini başa vurduğunu da deyib:

«Oradakı evlər əsasən bir və ikimərtəbəlidir. Ərazidə infrastruktur mövcuddur. Ora Sumqayıt şəhər İcra Hakimiyyəti ilə bir yerdə baxmışıq və ölkə rəhbərliyinə məruzə olunub. Dövlət başçısı bu məsələyə razılıq verib, hazırda sənədləşmə işləri aparılır».

Elə Könül xanım da deyir eşidib ki, bu ərazidə «Yeni Sumqayıt» adlı şəhərcik salınacaq. Amma nə vaxt?

««İnşaatçılar» massivindəki taxta konstruksiyalı evlərin sökülməsi nəzərdə tutulub, ancaq vaxtı bəlli deyil. Gərək bunun üçün vəsait ayrılsın. Hələlik heç bir vəsait ayrılmayıb».

Sumqayıt şəhər İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi Araz Fərhadov belə deyir.
Sumqayıt şəhər İcra Hakimiyyəti
Sumqayıt şəhər İcra Hakimiyyəti

SƏNƏD YOXDUR?

Ancaq apardığımız araşdırma göstərir ki, vəsait ayrılıb. «İnşaatçılar» massivində, eləcə də Sumqayıtın 21-ci məhəlləsində köhnə yararsız binaların tam və ya qismən sökülərək yerində yeni binaların tikintisi üçün 400 min manat ayrılıb. Özü də 2011-ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan. AR Nazirlər Kabinetinin (NK) 2011-ci il 4 iyul tarixli I77s nömrəli sərəncamı ilə.

«İnşaatçılar» massivinə vəsait ayrıldığını Araz Fərhadova xatırlatdıq. O, isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Tariyel Hacıyevlə danışandan sonra bizə bildirdi ki, ortalıqda heç bir vəsait yoxdur, hər hansı sənəd də:

«Vəsait ayrılması icra hakimiyyətlik məsələ deyil axı. Nazirlər Kabineti ayırmalıdır. Böyük qurumlar var».

Baş məsləhətçi deyir ki, vəsait ayrılacağı təqdirdə «tədbirlər planı»nda «İnşaatçılar» massivindəki taxta binaların sökülməsi nəzərdə tutulub.

arayış

ARAYIŞ

Azərbaycan dövlət büdcəsinin 2 ehtiyat fondu var – Prezidentin Ehtiyat Fondu (PEF) və büdcənin Nazirlər Kabinetinin sərəncamıyla idarə olunan Ehtiyat Fondu (EF). Qanunvericiliyə əsasən, PEF-in həcmi büdcənin xərclərinin 2 faizindən, EF isə büdcə xərclərinin 5 faizindən çox ola bilməz.
Belə çıxır, büdcənin Ehtiyat Fondundan ayrılmış 400 min manatı görən olmayıb. Bu məbləğin Sumqayıtda 2 massivdə söküntü-tikinti işləri üçün yetərli olub-olmadığı başqa məsələdir. Ancaq az-çoxluğundan asılı olmayaraq, vəsait xərclənibmi? Xərclənibsə, hansı məqsədlə? Bu suallara Nazirlər Kabinetindən də cavab ala bilmədik.

SÖHBƏT 228 MİLYON MANATDAN GEDİR

Bu, hələ bir sərəncam, 400 min manat isə ötən il Ehtiyat Fonddan ayrılmış 228 milyon manatın cüzi bir hissəsidir. EF-dən ayrı-ayrı xərcləmələrlə bağlı əldə etdiyimiz sərəncamlarda 197.093.494 - təxminən 200 milyon manata yaxın vəsaitin ayrıldığını hesablamaq olur. Mayın 29-da isə Milli Məclisdə 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanunu müzakirə olunub. Həmin sənəddə büdcənin Ehtiyat Fondu 227.917.865 (227 milyon 917 min 865 manat) göstərilib.

Bu il martın 15-də NK-ya sorğu göndərdik ki, 2011-ci ildə EF-dən əlimizdə olan sərəncamlardan əlavə vəsait ayrılıb-ayrılmaması barədə məlumat versin. Bu sorğuya bu günədək cavab verilməyib.

Eləcə də 10-dan çox nazirlik və dövlət idarəsindən onlara EF-dən ayrılmış vəsaitlərin xərclənməsinə dair detalı informasiya istədik. Həmin qurumlardan yalnız Ərazilərin Bərpası və
«Baku Crystal Hall»un tikintisinə 50 milyon manat da büdcənin Ehtiyat Fondundan ayrılıb
«Baku Crystal Hall»un tikintisinə 50 milyon manat da büdcənin Ehtiyat Fondundan ayrılıb
Yenidən Qurulması üzrə Agentlik və «Azərsuistilik» ASC gördükləri işlər barədə ətraflı məlumat veriblər.

PREZİDENTİN İŞLƏR İDARƏSİNƏ – 27 MİLYON YARIM...

2011-ci ildə beynəlxalq tədbirlərin təşkili üçün tələb olunan nəqliyyat vasitələrinin alınması məqsədilə Prezidentin İşlər İdarəsinə Ehtiyat Fonddan 27.500.000 manat ayrılıb. «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üçün «Baku Crystal Hall»un tikintisinə 50 milyon manat da büdcənin Ehtiyat Fondundan ayrılıb.

2011-ci il Ehtiyat Büdcəsinin təxminən 200 milyon manatını əhatə edən sərəncamlarla burada tanış ola bilərsiniz. Bu sərəncamların bəziləri www.e-qanun.az, bəziləri isə www.budget.az saytlarından götürülüb.

2 MİLYON 600 MİN MANATLIQ MUĞAM TAMAŞASI

Daha bir diqqətçəkən sərəncam 2.601.500 (2 milyon 601 min 500) manatlıq muğam layihəsi ilə bağlıdır. Nazirlər Kabineti 3 noyabr 2011-ci il 359s saylı sərəncamı ilə həmin məbləğ «balet ustası və xoreoqraf Blanka Guteerres Li tərəfindən hazırlanmış Azərbaycanda muğamın zəngin musiqi və obraz aləmini əks etdirən xoreoqrafik muğam tamaşası layihəsi üçün» Mədəniyyət və Turizm Nazirliyinə ayrılıb.

Layihə üzərində iş gedir. İşə başlanan kimi bu barədə mətbuata əlavə informasiya verəcəyik

İspan xoreoqraf Blanka Guteerres Li'nin ofisindən Stéphane Hivert AzadlıqRadiosuna bildirib ki, bu layihə ilə bağlı suallara cavab vermək üçün çox tezdir:

«Bir neçə həftəyə əlaqə saxlayın. Bu barədə daha çox məlumat ala bilərik. Ən azı buna ümid edirik».

Ancaq Hivert bir neçə həftə sonra göndərdiyimiz məktublara cavab vermədi.

Xoreoqrafik muğam tamaşası ideyası kimə məxsusdur - Blanka Li'yə, yoxsa Azərbaycan tərəfə? Layihə nə vaxt başlayır, hansı tədbirlər planlaşdırılır?

VƏSAİT AYRILIB, AMMA XƏRCLƏNMƏYİB?

Mədəniyyət və Turizm Nazirliyindən İntiqam Hümbətov deyir ki, layihə ilə bağlı iş gedir:

«Hökumətin qərarı olub. Məqsədli vəsait də ayrılıb. Hələlik iş layihə mərhələsindədir, vəsait olduğu kimi qalır. Onun xərclənməsinə başlanmayıb. Layihə üzərində iş gedir. İşə başlanan kimi bu barədə mətbuata əlavə informasiya verəcəyik».

Nəzakət Teymurova - Şur Təsnifi
Nəzakət Teymurova - Şur Təsnifi
Bəs niyə məhz 2.601.500 manat? Bəlkə bu layihənin dəyəri bu məbləğdən az ya çox olacaq? İntiqam Hümbətov: «Bu layihəni təklif edənlər mütəxəssislərdir. Yəqin ki, artıq-əskiyini də bilirlər. Xərclənən dövlət vəsaitinə nəzarət var. Məlumat da veriləcək. Görünür, böyük layihədir, ona görə o məbləğ nəzərdə tutulub».

Vəsait nazirliyin hesabına köçürülübmü? İntiqam Hümbətov deyir ki, qərar olubsa, o məbləğ köçürülə də bilər, köçürülməyə də:

«O məbləğin harada olub-olmamağı elə də əhəmiyyət daşımır. Əsas odur ki, dövlət həmin layihəyə çəkiləcək xərci müəyyənləşdirib».

Maliyyə Nazirliyindən deyirlər ki, NK-nın sərəncamı varsa, vəsaitin köçürülməsi texniki məsələdir.

Yuxarıda da qeyd etdik ki, 2011-ci ilin büdcəsinin icrası haqqında qanunda Ehtiyat Fondun məbləği təxminən 228 milyon manat göstərilib. Muğam layihəsinə ayrılmış 2 milyon 600 min manat da bu xərclənmiş vəsaitin arasındadır ya yox, bu suala cavab ala bilmədik.

Amma Ehtiyat Fonddan vəsait ayrılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edildikdə, müvafiq əsaslandırıcı sənədlər təqdim edilməlidir.
Hətta bəzən bir işin görülməsi üçün iki dəfə sərəncamla vəsait ayrılması halları var. Ancaq bu işin həqiqətən neçəyə başa gəlməsini təsdiqləyən heç bir layihə-smeta sənədi ortaya qoyulmur

NK həmin sənədləri araşdırdıqdan sonra EF-dən vəsait ayrılması məsələsinə baxır və zəruri hallarda sərəncam qəbul edir. NK-nın 2003-cü ildə təsdiqlədiyi «Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları»nda belə deyilir.

KORRUPSİYANIN BİR NÖVÜ

«İqtisadi Təşəbbüslərə Yardım» Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, büdcə vəsaitlərinin bir çox hallarda layihə-smeta sənədləri olmayan layihələrə ayrılması Azərbaycan büdcəsi ilə bağlı geniş yayılmış haldır. Hətta bəzən bir işin görülməsi üçün iki dəfə sərəncamla vəsait ayrılması halları var. Ancaq bu işin həqiqətən neçəyə başa gəlməsini təsdiqləyən heç bir layihə-smeta sənədi ortaya qoyulmur:

«Bu, həmin vəsaitlərin yayındırılması, təyinatından başqa məqsədlə istifadə olunması yaxud mənimsənilməsi haqda deyilən fikirləri doğruldur. Yəni, bu, faktiki olaraq korrupsiyanın bir növü kimi çıxış edir. Məhz hesabatlılıq, şəffaflıq, vəsaitlərin xərclənməsində məsuliyyət mexanizmi təmin olunmadığından vəsaitlərin təyinatından yayındırılması və korrupsiya üçün geniş imkanlar yaradılır».

OĞUZUN BİTİB TÜKƏNMƏYƏN ABADLIQ İŞLƏRİ

Azər Mehdiyev
Azər Mehdiyev
Büdcənin Ehtiyat Fondundan istifadə qaydalarında o da deyilir ki, bu fond büdcədə nəzərdə tutulmayan xərclərə sərf olunmalıdır. Ancaq, deyəsən, bu qaydaya da bir çox hallarda əməl olunmur.

Ötən il EF-dən Oğuz şəhərində abadlıq, işıqlandırma, yenidənqurma işlərinin aparılması üçün Oğuz rayon İcra Hakimiyyətinə 500 min manat ayrılıb. Tenderi «Rövşən Oğuz Qrup» MMC udub. Ancaq elə ötən il Oğuzda park və meydanlarda abadlıq işlərinin aparılması üçün də tender keçirilib. Təxminən 1 milyon manatlıq bu tenderi də «Rövşən Oğuz Qrup» MMC udub. Eyni şirkətin udduğu daha bir tender yenə Oğuzda küçə və yolların əsaslı təmir işlərinin aparılması olub. Bu işlərin dəyəri də 500 min manat müəyyən olunub.

Bu, hələ son deyil. Ötən il Oğuzda küçə və yolların təmir işlərinin aparılması üçün keçirilən 450 min manatlıq başqa bir tenderi isə «Uğan» MMC udub. Tenderi keçirən Oğuz rayon İcra Hakimiyyətindən deyirlər ki, abadlıq işləri ötən il də aparılıb, bu il də davam edir. Belə çıxır, təkcə ötən il Oğuzda abadlıq işlərinə təxminən 2 milyon yarım manat ayrılıb.

«NƏZƏRDƏ TUTULMAYAN», AMMA «NƏZƏRDƏ» TUTULAN XƏRCLƏR

Büdcənin Ehtiyat Fondundan abadlıq, yenidənqurma işlərinə vəsait ayrılması təkcə Oğuza aid deyil. NK-nın sərəncamlarında Sabirabad, Salyan, Şamaxı, Gəncə, Naxçıvan və digər icra hakimiyyətlərinə də yaşayış evlərinin, məktəblərin təmiri, yolların yenidən qurulması, abadlıq işlərinin aparılması adıyla vəsaitlər ayrıldığını
Büdcənin Ehtiyat Fondunun hər hansı bir regionun sosial-iqtisadi proqramına yönəldilməsi yolverilməzdir

görürük.

Abadlıq işinə vəsait ayrılması büdcədən nəzərdə tutulmayan xərclərdirmi?

İqtisadçı Azər Mehdiyev deyir ki, büdcənin Ehtiyat Fondunun hər hansı bir regionun sosial-iqtisadi proqramına yönəldilməsi yolverilməzdir. Çünki bu işlər «planlaşdırılmayan» deyil. Hansısa regionun, ərazinin abadlaşdırılması əvvəlcədən nəzərdə tutulan və büdcəyə salınan bir fəaliyyətdir. Sonradan bu işə gözlənilməz xərc kimi vəsait ayırmaq yolverilməzdir. Ancaq qanunsuz da deyil, çünki qanunvericilikdə bu məsələlərlə bağlı boşluq var.

Yeri gəlmişkən, mütəxəssislər NK-nın Ehtiyat Fondunu özünün təsdiqlədiyi qaydalarla idarə etməsini yolverilməz sayır, EF-dən istifadənin qanunla tənzimlənməli, Büdcə Məcəlləsində öz əksini tapmalı olduğunu deyirlər.

İLDƏN-İLƏ ARTAN EHTİYAT FOND

Dövlət büdcəsinin Ehtiyat Fondu son 5 ildə aşağıdakı kimi müəyyən olunub:

2008 – 438.5 milyon manat,
«Azərbaycandakı PEF və EF təcrübəsi isə post-sovet və yaxud avtoritar ölkələr üçün xarakterik sayılır»
«Azərbaycandakı PEF və EF təcrübəsi isə post-sovet və yaxud avtoritar ölkələr üçün xarakterik sayılır»
2009 – 193.4 milyon,
2010 – 448 milyon,
2011 – 227.9 milyon,
2012 – 500 milyon manat (proqnozlaşdırılır)

Bura Prezidentin Ehtiyat Fondunu da əlavə edəndə, təkcə bu il dövlət büdcəsi xərclərinin 5 faizindən çoxunun ehtiyat fondlara verilmiş olduğunu görürük.

Mütəxəssislər bu vəsaitlərlə bağlı hesabatlılığın, şəffaflığın təmin olunmasını vacib sayırlar.

​Ehtiyat Fonddan ayrılmış vəsaitin uçotunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) aparmalı, hər rüb EF-dən ayrılmış vəsaitlər barəsində NK-ya məlumat verməlidir.

AzadlıqRadiosunun Maliyyə Nazirliyinə martın 6-da göndərdiyi müvafiq sorğuya hələ ki, cavab verilməyib.

XARİCDƏ DƏ EHTİYAT FONDLAR VARMI?

İnkişaf etmiş ölkələrdə də hökumət üçün ehtiyat fondları yaradılır, ancaq onların istifadə istiqamətləri, prinsipləri ciddi şəkildə müəyyən olunur. İqtisadçı Azər Mehdiyev:

«Həmin fondlar əvvəlcədən planlaşdırılması mümkün olmayan fövqəladə hallar baş verdikdə istifadə olunur. Fondun ildən-ilə artırılması isə həqiqətən də təbii fəlakətlərin gözlənilməsi səviyyəsindən, baş vermə intensivliyinə uyğun həyata keçirilir. Bütün hallarda vəsaitlərin istifadəsi haqqında hökumət ciddi şəkildə parlament qarşısında hesabat verir. Azərbaycandakı PEF və EF təcrübəsi isə post-sovet və yaxud avtoritar ölkələr üçün xarakterik sayılır».

BARAKLARDA YAŞAYANLARIN ARZULARI

Sumqayıtın «İnşaatçılar» massivində yaşayanların isə nə büdcənin Ehtiyat Fondunun ildən-ilə artmasından xəbəri var, nə də həmin massivə bu fonddan vəsait ayrılmasından. Onlar oturub ümidlə buradan köçürüləcəkləri günü gözləyirlər.

İki uşaq anası Könül Xələfovanın bircə arzusu var:

«Bakı gün-gündən gözəlləşir. Bundan Sumqayıta da pay düşsə nə olar ki? Axı biz də yaxşı evdə yaşamaq istəyirik».
XS
SM
MD
LG