Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Zaqatalada zəlzələdən sonra: «Gündə 3-4 evi sökürlər…»


Zaqatalada zəlzələdən sonrakı vəziyyət
Gözlə

No media source currently available

0:00 0:06:40 0:00
Direct-ə keçid
-
Bu ilin mayında Zaqatalada baş verən zəlzələdən sonra qəzalı evlər sökülüb yenilərinin tikilməsinə başlanılıb.

Bu barədə AzadlıqRadiosuna kənd sakinləri məlumat verib.

«HEÇ BİR SÖKÜNTÜ BAŞLAMAYIB»

Zəlzələdən əziyyət çəkən kəndlərdən birinin - 90-dan çox təsərrüfatı olan Ələsgər kəndinin sakinləri hələ də rəsmilərin yolunu gözləyirlər ki, onlara baş çəkib vəziyyətlərini araşdırsınlar. Kənd müəllimi Əfəndi İsmayıl deyir ki, dövlət komissiyası yaxın kənddə yerləşən bələdiyyə ilə görüşüb, vətəndaşlarla isə yox:

«Baxış keçirməyiblər. Heç bir söküntü başlamayıb. Fövqəladə Hallar Nazirliyinin işçilərindən bir nəfər də gəlib çıxmayıb. 15-dən artıq evə heç yaxın durmaq mümkün deyil, elə dağıntı vəziyyətdədir. Çadırda yaşayırıq».

Kənd camaatı narahatdır ki, evləri qış yetişənə qədər hazır olmasa, soyuq ayları çadırda keçirməli olacaqlar.

«GÜNDƏ 3-4 EV SÖKÜRLƏR»
Zaqatalada zəlzələ, 10 may 2012
Zaqatalada zəlzələ, 10 may 2012

Zaqatalanın Mamrux kəndində isə artıq bəzi evlərin özülü qoyulmağa başlayıb. Kənd sakini Heydər Surxayov bu barədə AzadlıqRadiosuna danışıb:

«Söküblər, təmizlik işləri aparıblar. İndi bünövrəsini qoyurlar. Haradasa, bir siyahıyla gedirlər. 100 dənə ev sökülüb, bir 100 dənə də ev qəzalı vəziyyətdədir. Komissiya gözləyirlər, sökməlidirlər. Gündə 3-4 evi sökürlər, bünövrəsini qoyurlar».

Mamruxun bir qrup sakini icra nümayəndəliyinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinə məktub yollayıblar. Sakin Rəşid Surxayov deyir ki, çadırda yaşayışları yaxşı deyil, tezliklə evlərinə yığışmaq istəyirlər:

«QIŞA KİMİ EVİMİZƏ YIĞIŞMAQ İSTƏYİRİK»

«Axırıncı dəfə mayın 9-da gəliblər. Ondan sonra gəlməyiblər. Evimiz qəza halındadır. Bir tərəfi uçurumdadır. Qalmışıq havada, ora-bura yazırıq, müraciət edirik, hələlik bir şey yoxdur. Bizim vəziyyətimiz çətindir, biz də qışa kimi yığışmaq istəyirik evlərə. Hələlik bir məlumat yoxdur».

Rəşid Surxayov və onun qonşularına bildiriblər ki, ikinci komissiyanın əraziyə gəlişini gözləsinlər.

Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, yaxın zamanlarda Zaqatalada zəlzələnin vurduğu ziyanın araşdırılması üçün alternativ fəaliyyətə başlayacaqlar:
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

«Kompensasiyalar hansı formada ödənilir? Dövlət büdcəsindən bura nə qədər vəsait ayrılır? Bu vəsaitlər necə xərclənir? Bunlarla bağlı məsələləri araşdıracağıq».

2641 EV QƏZALI VƏZİYYƏTDƏDİR

Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakiminin müavini Elman Ramazanov bildirir ki, indiyə qədər 20812 evə baxılıb. Onlardan 2641 ev qəzalı vəziyyətdədir:

«Elə kənd var ki, komissiya cəmi 4-5 gündür gedib. Amma artıq 3 kənddə - Çobankol, Gözbarax, Muxax kəndlərində təkrar komissiya işləyir. Ərazimizdə olan 61 yaşayış məntəqəsinin hamısında evlər, sosial obyektlər az və ya çox dərəcədə ziyan çəkib. Bunlara baxıb çatdırmaq da fiziki cəhətdən mümkün deyil. Ona görə də, bu məsələyə bir az səbirli yanaşmalıyıq. Komissiyamız tam gücüylə işləyir».

Elman Ramazanov deyir ki, rayonda bu günə qədər 1304 fərdi yaşayış evi sökülüb. Tikintiyə başlamış evlərin sayı isə 273-dür. Sökülən məktəblərin sayı 13-dür. Onlardan 10-nun tikintisi həyata keçirilir.
XS
SM
MD
LG