Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Bakıda zəlzələ təhlükəsi varmı?


Xəzər dənizi
Xəzər dənizi
ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimləri Bakıda güclü zəlzələ riski olduğunu açıqlayıblar.

MIT-in saytında bu barədə ayrıca məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, 1859-cu ildə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhəri tamamilə məhv olub, nəticədə paytaxt Xəzərin sahilində yerləşən Bakı şəhərinə köçürülüb. Bununla da böyük neft ehtiyatlarına malik Bakının yaşayış, infrastruktur və xarici ticarət sahələri sürətli inkişaf edib.

ŞAMAXI ZƏLZƏLƏSİ GÜCÜNDƏ YENİ ZƏLZƏLƏ?

Araşdırmaya görə, MIT alimləri Bakıda da Şamaxı zəlzələsi gücündə yeni zəlzələ olacağı fikrindədirlər. Bu alimlər Azərbaycan Milli Elmlər Akademiyasındakı həmkarları ilə birlikdə 10 ildən artıq Bakı və ətraf rayonların geoloji müşahidəsini aparıblar.

Müşahidə GPS sistemi vasitəsilə aparılıb. Geoloji gərginlik ocaqlarının hərəkət dinamikası barədə statistik - rəqəmsal məlumatlar toplanaraq təhlil edilib.

«Burda baş verə biləcək zəlzələ nəinki Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanındadır», - MIT Yer, Atmosfer və Planetar Elmlər Departamentinin rəhbəri Robert Reilinger deyir. Onun fikrincə, əhalinin və neft infrastrukturunun sıxlığı baxımından bu ərazi həddən artıq zəifdir.

R.Reilinger və həmkarları bu araşdırmanın nəticələrini «Journal of Natural Hazards» – «Təbii təhlükələr» jurnalında çap etdiriblər.

AVRASİYA PLATOSUNA DOĞRU
Qafqaz Sıra Dağları
Qafqaz Sıra Dağları

Məqalədə Azərbaycanda zəlzələ tarixinə də nəzər salınıb. Qeyd olunur ki, bu yerlərdə zəlzələ əsasən Qara dənizdən Xəzər dənizinə kimi uzanan Qafqaz Dağları silsiləsində baş verir. Qafqaz Dağlarının yaranması milyonlarla il əvvələ təsadüf edir: bu müddətdə 2 tektonik plato - şimaldan Avrasiya platosu, cənubdan isə Ərəb platosu qarşı-qarşıya gələrək Qafqaz Sıra Dağlarını əmələ gətirib.

ABŞ alimləri GPS monitorları və Günəş batareyaları ilə təchiz olunmuş stansiyalardan hər 30 saniyədən bir daxil olan siqnallar əsasında 10 il toplanan məlumatları analiz ediblər.

Aşkar olunub ki, Bakıdan cənubda yerləşən bölgə tədricən şimala doğru - Avrasiya platosuna tərəf hərəkət edib. Tədqiqat göstərir ki, tektonik irəliləmə ildə 12 millimetr sürəti ilə gedib.

Alimlərin fikrincə, tektonik platoların bu hərəkəti regionun hələ uzun müddət zəlzələ riski altında olacağına işarədir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov MIT alimləri ilə bu layihədə birlikdə çalışıb.
Xəzər dənizində neft buruqları
Xəzər dənizində neft buruqları
O deyir ki, ictimaiyyət bu araşdırmanı düzgün anlamayıb:

«BU, ELMİ ÇALIŞMADIR»

«Orda sadəcə olaraq yazılıb ki, bu hissədə çoxlu sayda əhali yerləşib, hətta zəif bir zəlzələ çox ciddi fəsad törədə bilər. Orda enerji toplanır. Amma hansı tərəfində toplanır, nə vaxt nə olacaq – bu haqda söhbət getmir. O, elmi bir çalışmadır. Heç bir panikaya ehtiyac yoxdur, bu, sadəcə olaraq elmi çalışmadır».

Fəxrəddin Qədirov əlavə edir ki, «gərginlik toplanılması» o deməkdir ki, yaxın 10 ildə, yaxud sonrakı dövrdə bu ərazidə enerjinin toplanılması kritik həddə çata bilər. O, belə bölgələrdən biri kimi Zaqatala-Şəki zonasının adını çəkib.

Missuri Universitetinin geoloji elmlər üzrə mütəxəssisi Eric Sandvol deyir ki, «Bu regionda zəlzələ davam edəcək, lakin zəlzələnin dəqiq miqyasını və əhatə edəcəyi ərazini demək çətindir. Bununla belə aydındır ki, neft hasil edən bu mühüm ölkədən mütləq təhlükənin azaldılması tələb olunur».

ABŞ alimləri Azərbaycan hökumətinə müraciət edir ki, Xəzər dənizi də daxil Bakı ətrafında seysmik aktivliyin monitorinqini aparmaq üçün əlavə GPS stansiyaları yerləşdirilsin.
XS
SM
MD
LG