Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Sulutəpədə yaşayan: «Bu gün pul tapıb ev tikirəm, səhər gəlib sökürlər»


Sulutəpədə evləri sökülənlər Bakı-Şamaxı yolunu bağladılar
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

Sulutəpədə evləri sökülənlər Bakı-Şamaxı yolunu bağladılar

- Hanı mənim prezidentim? Hökumət mənə ev verməlidir, niyə vermir? Verməyib, mən də əynimdən, qarnımdan kəsib ev tikmişəm, niyə sökməlidir? Ev verməyib, zəhmət çəksin dayansın, mən tikdiyim daxmada yaşayım. Nə vaxta kimi qaçmalıyam bunların qabağından? Bu gün mən pul tapıb ev tikirəm, səhər gəlir ki, sökürlər.

«BELƏ SÖKƏNSƏN, HAMISINI SÖK»

Bunu Sulutəpə sakini Səkinə Məmmədova deyir. Aprelin 18-də səhər saatlarında dəyənəklərlə silahlanmış bir qrup şəxsin bir neçə evi sökməsi yenə səs-küyə səbəb olub. Hərbi uniforma və SOCAR-ın fərqlənmə nişanları olan bu şəxslər ağır texnikadan istifadə ediblər. Bir saat ərzində işini yekunlaşdıran hərbi geyimlilər sakinlərlə yanaşı, iki jurnalisti döyərək ərazidən uzaqlaşıblar.

SOCAR-la əlaqə saxlayıb bu adamların şirkətə aid olub-olmadıqlarını aydınlaşdıra bilmədik.

Lakin əlidəyənəkli bu adamlar ərazidən uzaqlaşsalar da, qəsəbədə ara sakitləşməyib. Sakinlər küçələrə çıxıb etirazlarını bildirməkdə davam ediblər. Onlar söküntüyə son qoyulması tələbi ilə Yuxarı Sulutəpənin yaxınlığındakı
yolu kəsiblər:

- Gəlir ki, çıx evdən, sökürəm. Axı nəyə görə on evin içindən birini sökürsən? Belə sökənsən, hamısını sök.

- Niyə bütün evləri sökmürlər?

- Çünki vaxtında o adamdan ki, 4-5 min alıblar, onun evini sökmürlər. Kim 1000 manat verib, bu onları qane etmir, həmin evləri sökürlər.

POLİS: «O, BİZİM İŞİMİZ DEYİL»

Əraziyə çoxlu sayda polis qüvvəsi cəlb olunmuşdu. Sakinlər yolu bir neçə dəfə kəsdilər. Polis işçiləri onlardan ərazidən uzaqlaşmağı tələb edirdilər.

Polis:

- Xahiş edirik dağılışın, bayaqdan sizə bir hörmətsizlik etməmişik ki. Daha bəsdir. Dağılışın.

Sakin:

- Bu qədər ev sökmüsünüz. Daha başqa nə hörmətsizlik etməlisiniz?

- O, bizim işimiz deyil.

- Necə sizin işiniz deyil? Bayaqdan onlara yol açırsan, deyirsən gəlin-gəlin.

Polis işçilərinin uzun-uzadı xahişlərindən sonra sakinlər yolu boşaldıb evlərinə dağılışdılar.

İKİ JURNALİST DÖYÜLÜB

Söküntü ərazisindən videoçəkiliş aparmaq istəyən jurnalist İdrak Abbasov və «Yeni Müsavat» qəzetinin əməkdaşı Günay Musayeva SOCAR Mühafizə Xidmətinin geyimində olan şəxslər tərəfindən döyüldükdən sonra hər ikisi 1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsinin palatasına yerləşdirilib. Onun qardaşı Ədalət Abbasovun isə qabırğası sınıb, o, reanimasiya şöbəsində saxlanır.

Ədalət Abbasov qardaşı İdrakın döyülməsinə mane olan zaman zərbələr alıb.

Həkimlər İdrak Abbasovun səhhətində ciddi bir hal olmadığını, daxili orqanlarında sınıq müşahidə edilmədiyini, yalnız əziklər olduğunu bildiriblər.

SOCAR DEYİRDİ SÖKÜNTÜ QANUNİDİR

Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev aprelin 18-də AzadlıqRadiosuna bildirib ki, hadisə ilə bağlı məlumatı elə jurnalistlərdən alıb, faktı araşdıracaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də jurnalistin döyülməsi faktının araşdırılacağını bildirib:

«Hər bir vətəndaşa, o cümlədən jurnalistə qarşı fiziki təzyiq göstərilməsinin, zorakılıqla üzləşməsinin əleyhinəyik. Bu cür neqativ hallara qarşı daim mübarizə aparmışıq. Konkret bu faktın da qanun çərçivəsində araşdırıldıqdan sonra hüquqi qiymət verilməsinin tərəfdarıyıq».

Son bir neçə ayda Yuxarı Sulutəpədə onlarla ev sökülüb. Sakinlər evlərini Dövlət Neft Şirkətinin (SOCAR) Mühafizə Xidmətinin işçilərinin sökdüyünü deyirlər. Dövlət Neft Şirkəti isə iddia edir ki, evlər neftli ərazilərdə tikilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bir müddət əvvəl AzadlıqRadiosuna bildirib ki, Yuxarı Sulutəpədəki söküntü qanunidir. O, deyir ki, Dövlət Neft Şirkətinə məxsus olan ərazi son illər adamlar tərəfindən zəbt olunub və buradakı evlər, obyektlər qanunsuz tikililərdir. O, söküntünün davam edəcəyini deyir. Neft Şirkətinin sözçüsü söküntünün məhkəmə qətnamələrinə əsaslandığını deyir.

Sulutəpə sakinləri isə bu fikirlə razılaşmırlar. Onlar torpaq sahələrini yerli bələdiyyədən aldıqlarını və evlərin məhkəmə qərarları olmadan söküldüyünü iddia edirlər.
XS
SM
MD
LG