Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Sənədsiz evlərin məsələsi nə vaxta qaldı?


Foto: Arxiv
Foto: Arxiv
-
«Gedirəm Nazirlər Kabinetinə, deyirlər prezident sözlə deyib, amma sənəd yoxdur. Məni göndərdilər icra hakimiyyətinə, orda da eyni sözü dedilər».

«YA PREZİDENTİN SÖZÜNÜ SAYMIRLAR...»

Cəmilə Məlikova deyir ki, 1 ilə yaxındır evini heç cür sənədləşdirə bilmir. O, ötən il martın 9-da prezidentin Bakı şəhər İcra Hakimiyyətindəki müşavirədə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı çıxışını yada salır. Deyir onda prezident qəti tapşırdı ki, sənədsiz evlər sənədləşdirilsin. Amma bir gün əvvəl, iyunun 20-də paytaxt Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş növbəti müşavirədə prezidentin bu məsələyə toxunmaması onu narahat etməyə başlayıb:

«Ya prezidentin sözünü saymırlar, ya da bilmirik, bu, nə məsələdir. Qalmışıq belə, oturub gözləyirik».

Müxtəlif dövlət qurumlarında Cəmilə Məlikovaya məsələnin hansısa rəsmi sənədin hazırlanmasından sonra reallaşacağı deyilsə də, hazırda ortalıqda belə sənəd yoxdur. Heç hazırlanması da nəzərdə tutulmur.

«PREZİDENTİN DEDİYİ HƏR BİR ŞEY ELƏ QANUNDUR»

Bunu Milli Məclisin regional məsələlər üzrə komitəsinin üzvü Tahir Rzayev deyir. O, evlərin sənədləşməsi üçün prezidentin çıxışını ən yaxşı əsas sayır:

«Prezidentin dediyi hər bir şey elə qanundur. O, tapşırıq verəndən sonra icra orqanları, bələdiyyələr və digər aidiyyəti qurumlar adamlardan sənədləri toplamaqdadırlar. İndiyə qədər xeyli sənəd toplanıb ki, evlər sənədləşdirilsin».

Tahir Rzayev
Tahir Rzayev
Tahir Rzayevə görə, vətəndaşları hansısa sərəncamın olmaması adı ilə geri qaytaranlar səhvə yol verirlər:

«Bunu edənlər düşüncəsiz adamlardır. Prezident tapşırırsa, hər bir vətəndaş buna əməl etməlidir. Prezident ötən ilin martında dedi, belə olmalıdır»

YENİ LAYİHƏ VAR, AMMA...

İyunun 29-da Milli Məclisin plenar iclasında «Şəhərsalma və Mənzil Tikintisi haqqında» Qanun layihəsi müzakirəyə çıxarılacaq. Ancaq bu layihədə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur.

Tahir Rzayev hesab edir ki, yeni layihədə belə bir maddə olmasa da, layihənin qəbulu bu sahədə problemlərin qarşısını almağa yardımçı olacaq:

«Çünki orda evlərin tikilməsinə əvvəlki kimi çoxlu tələblər qoyulmur. Bu, işi haradasa 90 faiz sürətləndirəcək».

«SƏNƏDSİZ EVLƏRƏ SÖZLƏ SƏNƏD VERMƏK ÇƏTİN MƏSƏLƏDİR»

İqtisadçı-ekspert Natiq Cəfərli isə icra qurumlarında vətəndaşlara verilən cavabları başadüşülən sayır.
Natiq Cəfərli
Natiq Cəfərli
Hesab edir ki, ölkə üzrə 500 minə yaxın sənədsiz tikiliyə yalnız prezidentin müşavirəsində dediyi sözlə sənəd vermək mümkün deyil:

«Məsələ tək sözlər yox, sənədlərlə də öz əksini tapmalı idi. Çünki icra strukturlarının əlində də belə bir sənəd olmalıdır ki, onlar da həmin sənədə əsaslansınlar. Qeyri-qanuni elan olunmuş evlərin sənədləşdirilməsi üçün hökmən hüquqi baza olmalıdır. Hüquqi baza isə ya qanunvericilik bazasıdır, ya da prezidentin fərmanı».

BİR İL ƏVVƏL DEYİLƏN SÖZÜN YÖNÜ

Natiq Cəfərli sənədsiz evlərin sənədləşdirilməsi məsələsinin sözdən o tərəfə keçməməsini bəzi amillərlə izah edir. O, prezidentin 1 il əvvəlki tapşırığını həmin vaxt mövcud olan narazılıqların qarşısını almağa yönələn çıxış sayır. Natiq Cəfərli məsələnin indiyə qədər həll olunmamasını da böyük maraqların toqquşması ilə əlaqələndirir.

Cəmilə Məlikovanın evini sənədləşdirmək üçün üz tutduğu Yasamal rayon İcra Hakimiyyətindən deyirlər ki, onlar bu məsələdə səlahiyyət sahibi deyillər. Bu işlərə Bakı şəhər İcra Hakimiyyəti baxır. Sonuncu qurumdan isə məsələyə münasibət almaq hələlik mümkün olmayıb.
XS
SM
MD
LG