Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Norveçdə «Naxçıvan: qaranlıq ada» hesabatı hazırlanıb


«Naxçıvanda yerli hakimiyyət öz rəqiblərini susdurmaq üçün onları ruhi xəstəxanaya salır»
«Naxçıvanda yerli hakimiyyət öz rəqiblərini susdurmaq üçün onları ruhi xəstəxanaya salır»
Norveçin Helsinki Komitəsi «Naxçıvan: qaranlıq ada» adlı hesabat hazırlayıb.

NAXÇIVAN İNSAN HAQLARININ TEZ-TEZ POZULDUĞU YER

Hesabatda deyilir ki, Azərbaycanın regionları arasında Naxçıvan insan haqlarının daha tez-tez və kobud şəkildə pozulduğu yerdir.

Qeyd edilir ki, Naxçıvanda yerli hakimiyyət öz rəqiblərini susdurmaq üçün onları ruhi xəstəxanaya salır, misal kimi AXCP üzvü Ələsgər İsmayılovun və başqalarının adı çəkilir.

Hesabatda İnsan Haqları Resurs Mərkəzinə hücumlar edildiyi, Mərkəzin əməkdaşlarının döyüldüyü qeyd edilir. Yerli məmurları tənqid edən jurnalistlərin və prezidentə şikayət ərizəsi yazanların təzyiqlərə məruz qaldığı, dövlət orqanlarında işləyənlərin məcburi qaydada iməciliklərdə işlədildiyi deyilir. Bənənyar kəndində dindarların həbsi tənqid olunur.

SƏRT TƏNQİD VƏ PROQRAMLAR ÇAĞIRIŞI

Hesabatı hazırlayan Norveç Helsinki Komitəsi beynəlxalq ictimaiyyəti və Azərbaycandakı diplomatik nümayəndəlikləri Naxçıvanda insan haqlarının pozulması hallarını sərt tənqid etməyə, muxtar respublikada demokratikləşməyə yönələn proqramlar həyata keçirməyə çağırır.

Hesabatda Azərbaycandakı Qərb ölkələri səfirliklərinin bu sahədə az iş gördüyü, Naxçıvandakı qanun pozuntularını açıq tənqid etmədiyi, «hakimiyyətdəki nüfuzlu Naxçıvan klanı ilə münasibətləri pozmaq istəmədiyi» qeyd edilir. Bundan başqa, bildirilir ki, Naxçıvana gedən hava yolu İranın şimalından keçdiyi üçün həmin səfirliklər öz heyətlərinin təhlükəsizliyini də nəzərə alırlar.

Norveç Helsinki Komitəsinin rəhbəri Berit Linderman kitabça şəklində buraxdığı və Naxçıvanda baş verən hadisələrlə bağlı fotoşəkillərin də əks olunduğu hesabatı Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-29-da Fransanın Strasburq şəhərində keçirilən sessiyasında da yayıb, görüşdüyü AŞ PA rəsmilərinə təqdim edib.

Onunla birlikdə görüşlərdə Norveçin «İnsan Haqları Evi» təşkilatının sədri Anne Bonde, eləcə də Naxçıvan Resurs Mərkəzinin rəhbərləri Məlahət Nəsibova və İlqar Nəsibov da iştirak ediblər.

Onlar AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Andres Herkel və ATƏT-in media üzrə nümayəndəsi Mikloş Haraşti ilə də görüşüblər. Onlara əsasən Bənənyar hadisələri barədə məlumat verilib.

Buna da bax:

XS
SM
MD
LG