Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:09

Həmməruzəçilər Naxçıvana da gedəcəklər…


Andres Herkelin özü yerli mətbuata müsahibəsində «biz istəyirik ki, səhvimizi düzəldək» deyib
Andres Herkelin özü yerli mətbuata müsahibəsində «biz istəyirik ki, səhvimizi düzəldək» deyib
Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu dəfə Naxçıvan Muxtar Respublikasına da səfər edəcəklər. Son illər Naxçıvan bir növ gözdən-könüldən uzaq qalmışdı.

Andres Herkelin özü yerli mətbuata müsahibəsində «biz istəyirik ki, səhvimizi düzəldək» deyib. Naxçıvandakı azsaylı hüquq müdafiə təşkilatları isə indidən səbirsizliklə həmməruzəçilərin yolunu gözləməkdədirlər.

Demokratiya və QHT-lərin Resurs İnkişaf Mərkəzinin əməkdaşı Elman Abbasov deyir ki, onlar həmməruzəçilərlə görüşdə, həm Naxçıvanda insan hüquqlarının vəziyyətini, həm də son seçkiləri müzakirə etmək niyyətindədirlər. Hüquq müdafiəçisi deyir ki, artıq Bakıdan Naxçıvana gələn jurnalistlərə heç bir fəaliyyət imkanı yaradılmır. Muxtar Respublikada baş verən özbaşınalıqlarla bağlı sadə vətəndaşlar əgər ölkə rəhbərliyinə şikayətlər yazırsa, həmin şəxsin özü min bir təyziq və işgəncələrə məruz qalır:

«Bir qrup gənc polis zorakılığına məruz qalmışdı. Həmin gənclərin valideynləri polis özbaşınalığından prezidentə şikayət məktubu yazdılar. Bundan sonra şikayət məktubu yazan valideynlər təzyiqlərə məruz qaldılar. Onlardan 72 yaşlı İsmayıl Hüseynovu isə polis məcburi qaydada ruhi xəstəxanaya yerləşdirdi. Bütün bunları araşdırmaq istəyən jurnalistlər isə Sədərəkdə təzyiqlərə məruz qaldılar».

Həmməruzəçilərin bu səfəri Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilmə vəziyyətinə dair hazırlayacaqları hesabat ərəfəsində bir növ vəziyyətlə tanışlıq xaraketri daşıyır. Onlar səfər çərçivəsində Prezident Aparatının rəsmiləri, Ədliyyə Naziri, Baş Prokuror, daxili və xarici işlər nazirləri ilə görüşməlidirlər.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyir ki, öhdəliklərdən yalnız 4-ü tam, 10-u isə qismən yerinə yetirilib. Hüquq müdafiəçisi yerinə yetirilən öhdəliklər sırasına əsasən qanunvericiliyə aid məsələləri aid edir. Leyla Yunusun fikrincə, qalan 7 öhdəlik isə hələ də yerinə yetirilməyib:

«Siyasi məhbuslar hələ də qalır, işgəncələr baş alıb gedir, məhkəmə hüquq sahəsində islahatlar aparılmır, söz azadlığı sahəsində öhdəliklər qalır».

Leyla Yunus deyir ki, yerinə yetirilməyən vacib öhdəliklərdən biri də azad və ədalətli seçkilərin keçirilməsi məsələsidir. Yeri gəlmişkən Andres Herkel səfər ərəfəsində verdiyi müsahibələrdə bildirib ki, onlar müzakirələrdə referendum və prezident seçkisini də diqqətdə saxlayacaqlar.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aynur Camalqızı isə deyir ki, bəzi hüquq müdafiəçiləri ölkədəki vəziyyəti süni şəkildə qara boyalarla təqdim etməyə çalışırlar. Millət vəkilinin sözlərinə görə, üstəlik həmməruzəçilər də regionda baş verən proseslərə ikili standartlardan yanaşırlar. Aynur Camalqızı deyir ki, Ermənistanda keçirilən son prezident seçkilərində insan təlafatı, ağır toqquşmalar olsa da az qala vəziyyət Azərbaycanla eyniləşdirilir:

«Bu bir prosesdir. Biz Avropa Şurası qarşısında götürdüyymüz öhdəlikləri tədricən yerinə yetiririk və bu işdə böyük uğurlar var».

Ancaq Azərbaycana gələn həmməruzəçiləri burda heç də xoş xəbərlər gözləmir. Aprelin 7-də Yasamal Rayon Məhkəməsi «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzlini 1 il azadlıqdan məhrum edib. Elə məhkəmə zalında həbs edilən baş redaktora qarşı Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev şərəf və ləyaqətinin təhqir edilməsi ilə bağlı iddia qaldırmışdı. Bunla da Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 5-ə çatır…
XS
SM
MD
LG