Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

Daha bir Naxçıvan sakininə şikayətinə görə təzyiq göstərirlər


Məmməd Qasımov
Məmməd Qasımov
Naxçıvanın daha bir sakini rayon rəhbərliyindən şikayət elədiyinə görə təzyiqlə üzləşdiyini deyir. 1962-ci il təvəllüdlü Məmməd Qasımov Muxtar Respublikanın Sədərək rayon sakinidir. Birinci qrup əlildir, çəliksiz hərəkət edə bilmir. Deyir ölkə rəhbərliyinə, Muxtar Respublika Ali Məclis sədrinə və başqa orqanlara şikayət yazdığına görə onu incidirlər.

Məmməd Qasımovun şikayəti dolanışığındandır, öz sözləri ilə desək, rayonun «çörək pulu» qazanmağa imkan verməyən bəzi məmurlarındandır.

Onun 1992-ci ildən 2008-ci ilədək rayonda şəxsi dükanı olub. Oradan gələn gəlirlə ailəsini dolandırıb. 2008-ci ildə Naxçıvanda abadlıq adı ilə söküntülərə start veriləndə bir çoxları kimi onun da mağazasını söküblər. Xeyli get-gəldən sonra əvəzində ona yararsız vəziyyətdə olan kiçik bir yer veriblər. Dediyinə görə, orada da alver etmək mümkün olmur. İndi qalıb çarəsiz.

Deyir rayonda şikayətinə baxılmadığından məcbur qalıb daha yuxarı orqanlara məktub göndərib. Elə qalmaqal da ondan sonra başlayıb. Məmməd Qasımovun sözlərinə görə, rayonun bəzi rəhbər şəxsləri bundan qəzəblənərək onu ev dustağı ediblər. Deyir hətta onu öldürməyə belə cəhd edilib. O da məcbur qalıb rayondakı hüquq mühafizə orqanlarına yazıb ki, onun təhlükəsizliyini qorusunlar. Yazdığı şikayətlərə görə, bir il əvvəl o, MR Daxili İşlər Nazirliyində də bir neçə gün saxlanılıb.

Məmməd Qasımov: «İndi haqqımı tələb edirəm məni evdən bayıra çıxmağa qoymurlar. Mən də rayon milli təhlükəsizlik idarəsinə ərizə yazdım ki, mənim təhlükəsizliyimi qorusunlar. Cibimə narkotik maddə ata bilərlər. Mənim ailə üzvlərimi təhqir edirlər. Ötən il dükan məsələsinə görə haqqımı tələb edirdim məni MR Daxili İşlər Nazirliyinə apardılar. Dörd gün orada saxladılar, hədələdilər. İndi rayonda yenə həmin vəziyyətdir.
Öz həyatımdan da, övladlarımın həyatından da qorxuram».

Əlini dükandan üzən Məmməd Qasımovun sözlərinə görə, dövlətdən kredit götürüb bir neçə hektar torpaq sahəsində taxıl əkib ailəsinə «çörək pulu» qazansın. İndi ona da imkan vermirlər.

Məmməd Qasımov: «3-4 min manat dövlətdən kredit götürüb buğda əkmişəm. İndi mənə su vermirlər. Cəmi bir dəfə su veriblər. Su idarəsindən bildirirlər ki, Bəxtiyar Mahmudov sənə su verilməsinə icazə vermir. Soruşuram niyə? Deyir sən yerli rəhbərlikdən hər yerə məktub yazırsan. Deyirəm mən hökumətdən kredit götürmüşəm onu qaytarmalıyam, deyirlər get dilən apar ver. Çox pis vəziyyətə məni salırlar».

Birinci qrup əlil ümidini bağlayıb ölkə rəhbərliyinə, eləcədə MR Ali Məclis sədrinə. Düşünür ki, şikayət məktublarını oxuyub rayondakı hadisələrə reaksiya verərlər.

Sədərək rayon icra hakimiyyətində Məmməd Qasımovun adını vurğuladığı rayon icra başçısının birinci müavini ilə görüşmək cəhdlərimiz baş tutmadı.

Suallarımızı rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbəsinin rəhbəri Yəhya Zeynalov cavablandırdı. Onun sözlərinə görə, Məmməd Qasımov icra hakimiyyətinə də şikayət edib və ona bildirilib ki, yaxın gələcəkdə rayonda böyük ticarət mərkəzi inşa ediləcək. Oradan nəinki Məmməd Qasımova, eləcə də digər mağazası sökülənlərə yer veriləcək. Qaldı ki, onun hədələnməyinə Yəhya Zeynalov Məmməd Qasımovun məsələni şişirtdiyini bildirdi.

Sədərək rayonunda yerli idarələrdən şikayət edənlərin təzyiqlə üzləşməsi birinci dəfə deyil. Prezidentə şikayət məktubları yazan rayon sakinləri 75 yaşlı Ələsgər İsmayılov və gözdən əlil İsmayıl Hüseynov təzyiqlərə məruz qalaraq məcburi Muxtar Respublika Psixi Xəstəliklər Dispanserinə yerləşdirilmişdi.
XS
SM
MD
LG