Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

AŞ PA-Azərbaycan münasibətləri...


Azərbaycanla bağlı geniş hesabat yaza qaldı
Azərbaycanla bağlı geniş hesabat yaza qaldı

Gültəkin Hacıyeva münasibətlərin yeni mərhələyə keçdiyini, Arif Hacılı isə ümidlərin puça çıxdığını deyir


AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qısa hesabat dinlənəcək. Geniş hesabat gələn yaza saxlanılıb. Bəzi ekspertlər hesab edir ki, qurumla Azərbaycan arasında yeni münasibətlər formalaşır. Bununla da, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı həmin qurumdan sərt tənqidə ümid edənlərin gözləntiləri özünü doğrulmur. Hərçənd ki, prosedura baxımından yay sessiyasında hansısa deputat qrupunun Azərbaycan məsələsini gündəmə çıxaracağı və qızğın müzakirələrin olacağı istisna edilmir. Elə AŞ PA-nın ötən sessiyasında da Azərbaycan məsələsi gündəliyə çıxarılmasa da, bir qrup deputat buna nail olub.


Bəzi yerli müşahidəçilər Azərbaycanın öz öhdəliklərini necə yerinə yetirməsi haqda hazırlanmalı olan hesabatın az qala bir il təxirə salınmasının gözlənilən olduğunu düşünürlər.


Siyasi şərhçi Nailə Yaqublu: «Yanvar sessiyasında Andreas Qross diplomata yaraşmayan tərzdə ittihamlarla çıxış edərək bəzi məlumatları çatdırmağa çalışdı. O, müsahibələrinin birində pulun hər şeyi həll etdiyini söylədi. Bu bəyanatdan sonra düşünürdüm ki, Avropa Şurasından ciddi qərarlar gözləmək olmaz».


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevaya görə isə, seçki məsələsinin gündəlikdən çıxarılması ilə qurum praqmatik addım atıb. Çünki qış sessiyasında qəbul olunmuş qətnamədə deyilirdi ki, Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənib-təsdiqlənməməsi may seçkilərinin nəticələrindən asılı olaraq araşdırıla bilər. Onun sözlərinə görə, boş qalan dairələrdə təkrar seçkilər zamanı bəzi nöqsanlar olsa da, noyabrın 6-da yaşananlar təkrarlanmadı. Bu baxımdan da iyunda Azərbaycan məsələsinin gündəliyə çıxarılmasına ehtiyac qalmadı.


Hərçənd yerli müxalifət təşkilatları beynəlxalq qurumlardan, o cümlədən Avropa Şurası Parlament Assambleyasının yay sessiyasından ümidlərini tam üzməmişdi.


Müsavat Partiyasının başqan müavini Arif Hacılı da etiraf edir ki, müxalifətin bu qurumla bağlı illüziyaları puça çıxıb: «Təbii ki, Azərbaycan Avropa Şurasına üzv olarkən ölkədə tələblərə cavab verəcək siyasətin aparılması, demokratikləşməylə bağlı illüziyalar varıydı. Təəssüf ki, bunun şahidi olmadıq».


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə artıq gərginliklərin geridə qaldığına əmindir. O, Azərbaycan-AŞ PA münasibətlərinin yeni müstəviyə keçdiyini düşünür. Xanım Hacıyevanın sözlərinə görə, öhdəliklər demək olar ki, yerinə yetirilib. Xüsusən də ən çox mübahisə edilən siyasi məhbus və seçkilərlə bağlı problemlər öz həllini tapıb: «Düşünürəm ki, may seçkilərindən sonra Avropa Şurası və Azərbaycan münasibətləri yeni müstəviyə keçir. Artıq daha ciddi problemlərin həlinə və islahatlara başlamalıyıq. Əminəm ki, AŞ PA həmişəki kimi yenə də Azərbaycanın yanında olacaq».


Politoloq İlqar Məmmədova görəsə, artıq bir məqamı başa düşmək zamanıdır. Azərbaycan Avropa Şurasından ayrı deyil, onun tərkibindədi. Artıq Azərbaycan «avropalaşmalı», qurumun üzvü kimi onun standartlarına uyğunlaşmalıdır. Ona görə də AŞ PA üzv dövlətə qarşı sanksiyalar tətbiq etmir, onunla əməkdaşlığa üstünlük verir. Hərçənd öhdəliklərin necə yerinə yetirilməsi bu qurumdan yox, Azərbaycan cəmiyyətindən asılıdır: «Demokratiyanı Azərbaycan xalqı qurmalıdır. AŞ PA Azərbaycan xalqının əvəzinə iş görə bilməz, ona yardım edə bilər. Söhbət təkcə xalqdan yox, hökumətdən və müxalifətdən gedir. Müxalifət gözləməməlidir ki, Strasburqdan kimsə gəlib onun problemlərini həll etsin. Bu, çox tənbəl və səhv yanaşmadır».


Siyasi şərhçi Nailə Yaqubluya görə, Azərbaycan cəmiyyəti daha realist düşünə bilsəydi, iqtidar demokratikləşmə imkanlarını bu qədər çətinləşdirməsəydi, Avropa Şurasına da bu qədər böyük ümidlər bağlanmazdı. Ona görə də son zamanlar beynəlxalq qurumlar və diplomatlar açıq şəkildə cəmiyyətə mesaj göndərirlər: «Hətta Norveç səfiri də son müsahibəsində diplomatik qaydaları unudub açıq şəkildə dedi ki, mənim ölkəmdə xalq belə passiv ola bilməz...»


Bu tənqidlərlə qismən razılaşan Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə bildirir ki, postsovet məkanında müstəqilliyini elan edən ilk ölkələrdən biri də Azərbaycan idi. O zaman Azərbaycanın Avropa Şurası, ATƏT-lə əlaqələri yox idi. Cəmiyyət və müxalifət özü yetərincə güclüydü. Onun qənaətincə, cəmiyyət əvvəlki gücünü göstərsə, Avropa Şurasının da dəstəyi adekvat olacaq.


XS
SM
MD
LG