Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Siyasi məhbus məsələsi yenidən aktuallaşır


Mümkün etiraz aksiyaları ilə əlaqədar Hökumət Binasının qarşısında daxili qoşunlar yerləşdirilir, 17 oktyabr 2005
Mümkün etiraz aksiyaları ilə əlaqədar Hökumət Binasının qarşısında daxili qoşunlar yerləşdirilir, 17 oktyabr 2005
İnsan haqları fəalları siyasi məhbus məsələsini yenidən gündəliyə gətirmək istəyirlər. Hökumət isə deyir ki, bu məsələ qapanıb, AŞPA-nın bir siyahısı var idi, oradakıları da azad etdilər

Siyasi məhbus məsələsinin indi aktuallaşmasının bir səbəbi ötən il noyabrın 6-da keçirilmiş parlament seçkisiylə bağlıdır. Həmin seçkidən əvvəl və sonra bəzi şəxslərin siyasi baxışlarına görə həbsə atıldığı bildirilir. Hüquq müdafiəçiləri dövlət çevrilişinə cəhddə ittiham olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanovu, həmçinin "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyevi potensial siyasi məhbuslar hesab edirlər.


Siyasi məhbus siyahıları, onların sayı barədə hüquq müdafiəçilərinin fikri yekdil deyil. Bəzi hüquq müdafiəçiləri bu siyahıları alver metodu hesab edir, digərləri isə bir neçə məhbus siyahısı sadalayır. Ancaq ayrı-ayrı hüquq müdafiəçilərinin Azərbaycanda siyasi məhbusların sayı barədə söylədikləri ən yüksək rəqəm 80-dir.

Ötən il hökumət nümayəndələri və hüquq müdafiəçiləri siyasi məhbuslar üzrə bir işçi qrup yaratmışdılar. Bu qrupun siyasi məhbus problemini ölkə daxilində, beynəlxalq təşkilatlara çıxarılmadan həll etmək üçün yaradıldığı bildirilirdi. Bir neçə dəfə görüşən işçi qrupun toplantıları parlament seçkisi ərəfəsində təxirə salındı və o vaxtdan bəri keçirilməyib. Həmin vaxt hüquq müdafiəçiləri hökumətə bir amnistiya layihəsi də təqdim etmişdi ki, bu layihə hətta bəzi siyasi mühacirlərə də amnistiya verilməsini nəzərdə tuturdu.


Hüquq müdafiəçisi Murad Sadəddinov həmin layihənin taleyinin hazırkı parlamentdən asılı olduğunu deyir.


Hökumət rəsmiləri adətən siyasi məhbus problemini şişirdilmiş, bəzənsə qapanmış məsələ hesab edirlər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bu fikirdədir ki, təzə siyahının hazırlanması heç də siyasi məhbus məsələsinin aktuallaşması demək deyil. Sadəcə olaraq bu işlə məşğul olan bəzi QHT-lər məsələni aktuallaşdırmağa çalışır. Aydın Mirzəzadə siyasi mühacirlərə amnistiya verilməsinin də mümkün olmadığını düşünür: "Hesab edirəm ki, siyasi fəaliyyətlə məşğul olduğuna görə insanları hüquqi məsuliyyətdən azad etmək heç də düzgün yol deyil. Belə olarsa, onda cinayət törətmiş və yaxud qanunu pozmuş şəxslər siyasətlə məşğul olmaqla o birisi işlərinin üzərinə kölgə salmış olarlar".


Bu yaxınlarda AŞPA-nın Monitorinq Komitəsində də Azərbaycanda siyasi məhbus məsələsi müzakirə olunub. Bunu "Azadlıq" radiosuna komitənin həmməruzəçisi Andres Herkel deyib: "Biz siyasi azadlıq və siyasi məhbuslar məsələsini müzakirə etdik. Bu şəxslərin bəziləri həbsdədir, ancaq hələ cəza almayıb. Azərbaycanda seçki kontekstindən kənar müzakirə olunası xeyli məsələlər var".

İyun ayının əvvəlində həmməruzəçilər Azərbaycana gələcəklər. Onlar AŞPA-nın yay sessiyasına Azərbaycanın bu qurum qarşısında öhdəliklərini yerinə yetirməsinə dair məruzə təqdim edəcəklər.


AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçisi hələ təyin olunmayıb. Əvvəl bu vəzifəni britaniyalı deputat Malkolm Bryus icra edirdi. Hələliksə siyasi məhbus məsələsi Monitorinq Qrupu çərçivəsində qaldırılacaq.


XS
SM
MD
LG