Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Rino Harniş: «İlham Əliyevin Vaşinqtona səfəri tək İranla bağlı deyil»


Rino Harniş, 21 aprel 2006
Rino Harniş, 21 aprel 2006
ABŞ səfiri deyir ki, İranın nüvə məsələsi ABŞ-la fərdi danışığın mövzusu deyil, dünya birliyini narahat edən problemdir

Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona gözlənən səfəri heç də yalnız İranla bağlı deyil. Bunu Birləşmiş Ştatların Azərbaycanda missiyasını başa vuran səfiri Rino Harniş yerli jurnalistlərlə görüşündə dedi:

"Bu səfər bir məsələ, məsələn, İran, yaxud Dağlıq Qarabağ problemləri ilə bağlı deyil. Səfərin məqsədi geniş və dərin münasibətləri olan iki dövlətin bütün bu məsələləri birgə müzakirə etməsidir. Məqsəd iki ölkənin əməkdaşlığı üçün yüksək səviyyəli etimadın qurulmasıdır".

İranın müdafiə naziri Mustafa Nəccar bir gün əvvəl Bakıda demişdi ki, prezident İlham Əliyev ABŞ-a səfərində İranın arqumentlərini həmin ölkəyə çatdıra bilər. Səfir Rino Harnişsə deyir ki, İranın nüvə məsələsi heç də ABŞ-la fərdi danışığın mövzusu deyil, dünya birliyini narahat edən problemdir.

Bu yaxınlarda erməni tərəfinin Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə münasibət bildirən səfir Harnişə görə, bölgədə müharibə ehtimalını gücləndirən bütün səylər aradan qaldırılmalıdır. Birləşmiş Ştatlar cəbhə xəttində atəşkəsin pozulmasını pisləyir və tərəfləri bunu aradan qaldırmağa çağırır. Səfir Harniş bu münaqişəni "dondurulmuş" hesab etmir.


Jurnalistlərlə görüşdən əvvəl Rino Harniş prezident İlham Əliyevin qəbulunda oldu. Səfir prezidentlə onun ABŞ-a səfərini müzakirə etdiklərini bildirdi.


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mann da hazırda Bakıda səfərdədir. Aprelin 21-də onu prezident İlham Əliyev qəbul edib. Onun Bakıda ABŞ-ın Qarabağla bağlı təkliflərini müzakirə edəcəyi bildirilirdi.


Cənab Harniş inanır ki, Azərbaycan və Ermənistan prezidentləri son fikir ayrılıqlarını aradan qaldırmaq üçün Birləşmiş Ştatlar və ATƏT-in Minsk Qrupunun digər həmsədrləri var qüvvələri ilə çalışacaqlar.


Azərbaycanda keçirdiyi üç ili səmərəli adlandıran Rino Harniş Dövlət Departamentində yeni vəzifəyə başlayır. O, ətraf mühit, elm, okeanlar kimi qlobal məsələlərlə məşğul olacaq. Növbəti üç ay yarım ərzində isə Birləşmiş Ştatların Azərbaycanda müvəqqəti işlər vəkili vəzifəsini Ceyson Hayland icra edəcək.


XS
SM
MD
LG