Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

907-ci düzəliş İlham Əliyevin ABŞ-a səfəri zamanı müzakirə oluna bilər


Azərbaycana Amerikanın hökumət yardımını qadağan edən 907-ci düzəliş prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfərində müzakirə oluna bilər. Ancaq bu düzəlişin ləğvilə bağlı qərarı Konqres verməlidir. Bunu Birləşmiş Ştatların Arizona ştatından nümayəndə, Xarici Əməliyyatlar üzrə alt-komitənin sədri Ceymz Kolbe Bakıda deyib: «Məncə, bir şeyi demək olar ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı mühüm məsələlərin həlli mümkün olan bir vaxtda həmin düzəlişlərin ləğvi günü də yaxınlaşa bilər. Ancaq mühüm olan heç də bu düzəlişlərin mövcudluğu deyil. Bir çox ölkələrlə bağlı belə düzəlişlər var, mühüm olan odur ki, bu düzəlişlər, elə Azərbaycanın timsalında götürsək, hər il dondurulur».

907-ci düzəlişin Birləşmiş Ştatların bölgədəki maraqlarına nə dərəcədə ziyan vurmasına gəlincə, Ceymz Kolbenin fikrincə, əgər bu düzəliş hər il dondurulmasaydı, belə bir ziyandan danışmaq olardı.


Amerikalı konqresmen Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu Ermənistanla Azərbaycanın oynamalı olduğunu deyir: «Əgər münaqişə həll edilsə, Birləşmiş Ştatlar lazımi bərpa işlərində iştirak edə bilər. Çünki inanırıq ki, bu iş sülh sazişinin daha da möhkəmlənməsinə xidmət edər».

Azərbaycana Minilliyin Çağırışı Proqramı çərçivəsində yardım ayrılmamasına gəlincə, Ceymz Kolbe deyir ki, bu proqramın əsas meyarlarından biri müvafiq ölkədə korrupsiyanın səviyyəsilə bağlıdır. Konqresmen Kolbe Azərbaycanın həmin proqramın kriteriyalarına uyğun gələcəyi günü gözləyir.


Ceymz Kolbenin sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycana hərbi, səhiyyə və demokratiya sahəsində yardımlar edəcək. O, Birləşmiş Ştatların Rusiyanın Qafqazda hərbi və iqtisadi sahədə artmaqda olan iştirakından narahatlığını da dilə gətirdi. Ancaq bölgədəki qaz və neft layihələri regionun Rusiyadan asılılığını azaldır.


Konqresmen Ceymz Kolbenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Xarici İşlər, Müdafiə, Ədliyyə nazirləri, vətəndaş cəmiyyətinin üzvləriylə görüşlər keçirib. Bundan əvvəl nümayəndə heyəti Ermənistan və Gürcüstanda olub.


XS
SM
MD
LG