Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Qarabağ danışıqları Bakı-Yerevan-Moskva-Vaşinqton dördbucağında


Dağlıq Qarabağ - Azərbaycan ordusunun artilleriya atəşi, 1992
Dağlıq Qarabağ - Azərbaycan ordusunun artilleriya atəşi, 1992
Dağlıq Qarabağ danışıqlarının yeni forması üzərində iş gedir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona gözlənilən səfərində də, Ermənistan xarici işlər naziri Vartan Oskanyanın Moskvaya indiki gəlişində də bu yöndə axtarışlar edildiyi haqda xəbərlər gəlir

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov "Azadlıq" radiosuna müsahibəsində sülh prosesini canlandırmaq istədiklərini deyib: "İndi sadəcə prosesin yenidən canlanması üçün imkanlar axtarmaq gərəkdir. O cümlədən prezidentlərlə həmsədrlərin kontaktları, müzakirələrin davamı üçün prezidentlərin növbəti görüşü – bunlar hamısı yetərincə mürəkkəb məsələdir".

Ermənistanın xarici işlər naziri Vartan Oskanyan "Azadlıq" radiosuna müsahibəsində həmsədrlərin Ermənistandan daha çox Azərbaycanla işləməli olduqlarını deyib və Ermənistanın artıq yetərincə çeviklik göstərdiyini əlavə edib.

Bundan qabaq isə Oskanyan Avropa Birliyinin Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi ilə Yerevanda görüşündə demişdi ki, danışıqların necə davam etdirilməsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qarşıda Vaşinqtonda Amerika rəsmiləri ilə keçirəcəyi görüşdən asılı olacaq.


Oskanyanın özü isə Moskvada aprelin 7-də Rusiyanın xarici işlər naziri ilə görüşməlidir. Danışıqlarda Qarabağ münaqişəsini aparıcı mövzu olacağı gözlənir.


Yerli ekspertlərə görə, dünyanın iki güclü dövləti olaraq həm Amerika Birləşmiş Ştatlarının, həm də Rusiyanın maraqları tələb edərsə, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynaya bilərlər. Və bunun üçün hər iki dövlət yetərincə imkanlara, o cümlədən münaqişə tərəflərinə təzyiq göstərmək imkanına malikdirlər.


Politoloq Rasim Musabəyova görə, təzyiq göstərmək üçün dünyanın superdövləti sayılan Amerikanın daha böyük imkanları var. Azərbaycanla Ermənistana göstərilən maliyyə yardımının azaldılmasından tutmuş, hakimiyyətə siyasi dəstəyin verilməməsinədək.


Ancaq politoloq bildirir ki, hər iki dövlətin Dağlıq Qarabağ problemini birdəfəlik həll etmək üçün imkanları eyni olsa da, Moskvanın da, Vaşinqtonun da münaqişənin həlliylə bağlı maraqları fərqlidir. Vaşinqton münaqişənin kimin xeyrinə olur-olsun, ancaq tezliklə həllində maraqlıdır. Azərbaycanın və ya Ermənistanın güzəştə getməsinin onun üçün elə də əhəmiyyəti yoxdur. Moskva isə bu münaqişənin uzanmasında maraqlıdır: "Bəli, onlar da sözdə deyirlər ki, konflikti həll etmək lazımdır. Ancaq həmin konfliktin mövcudluğu Rusiyanın maraqlarına zidd deyil. Əksinə, həm Ermənistan, həm Azərbaycan Rusiyadan daim asılı vəziyyətdə qalmağa məcburdur".


Politoloq Rüstəm Məmmədovsa Moskva ilə Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlığını mümkün sayır. Hərçənd «Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli başqa cür düşünür. Onun qənaətincə, nə Rusiya, nə ABŞ bu gün Dağlıq Qarabağ münaqişəsini, özü də Azərbaycanın xeyrinə həll etməyə meylli görünmür. Xaləddin İbrahimliyə görə, düzdür, son zamanlar İran ətrafında yaranmış gərginlikdən çıxış edərək düşünmək olar ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır. Əslində isə heç nə dəyişməyib: "Azərbaycana qarşı daha sərt siyasət yürüdür. 907-ni ləğv etmir, Ermənistana yardımı artırır. Türkiyəyə təzyiqi artırır ki, Ermənistanla münasibətləri yaxşılaşdırın. Azərbaycanla bağlı da ortada bir şey yoxdur".


O ki qaldı, Rusiyanın münaqişənin həllində mövqeyinə, Xaləddin İbrahimli deyir ki, ABŞ-ın İraqdakı iflasından sonra Moskva Yaxın Şərqdə daha güclü görünür. Amma Moskva Bakını müttəfiqləri arasında görmək istəsə də, onun digər müttəfiqi – Ermənistandan üz döndərəcəyini demək də çətindir.


XS
SM
MD
LG