Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Quş məhsullarının satış yarmarkası keçirildi


Quş məhsullarının satış yarmarkasında qələbəlikdi
Quş məhsullarının satış yarmarkasında qələbəlikdi
Satıcılar toyuq və yumurtanın sağlam olduğunu vəd edirdilər

«Quş qripi»nə qarşı Dövlət Komissiyasının aprelin 9-da Bakıda quş əti məhsullarıyla bağlı keçirdiyi yarmarkada qələbəlikdi. 20-dək quşçuluq təsərrüfatı öz məhsullarını bazara çıxarmışdı. Satıcılar alıcılara toyuq və yumurtanın ucuz və sağlam olduğunu vəd edirdilər: «Sertifikatımız var, Səhiyyə Nazirliyinin qeydiyyatından da keçmişik».

Alıcılar arasında isə onlara inanıb bazarlıq edən də vardı, kənardan baxanlar da: «Toyuq da almışam, yumurta da. Bu vaxtacan almırdım, indi deyirlər sağlamdır»… «Yox, mən almıram, ancaq baxıram, «quş qripi»nə görə qorxuram»…. «Neçə müddət idi almırdım, evdə dedilər al, indi alıram».

Kənd təsərrüfatı naziri İsmət Abbasov bu cür yarmarkaların sonrakı günlərdə də davam edəcəyini bildirdi: «Hesab edirik ki, ev quşları arasında «quş qripi» olmadığına görə, tələbat artmalıdır, adamlardan xof götürülməlidir».



«Dünən yumurta dükanda 150 manat idi, burada baha satırlar. Demək adam çoxaldıqca, qiyməti qaldırırlar».
İqtisadi inkişaf naziri Heydər Babayev isə dedi ki, bəzi quşçuluq fabriklərində quş ölümü olub. Ancaq səbəbi «quş qripi» olmayıb. Toyuqları qırılmış təsərrüfatlardansa Giləzi Quşçuluq Fabrikinə kompensasiya verilməsi məsələsinə baxılır: «Bəzi yerlərdə gigiyena qaydalarına riayət olunmur, ölən toyuq-cücə var. Ancaq «quş qripi»nə görə deyil. Giləziylə bağlı isə komissiya işləyir, yaxınlarda qərar elan olunacaq».


Yarmarkaya çıxarılan məhsulların qiymətləri ucuzluğuna görə əvvəlki günlərdən fərqlənirdi. Ancaq yarmarkanın bəzi hissələrində bu ucuzluq çox az çəkdi. Alış-verişdən bir neçə saat sonra əvvəl 9 min manata satılan toyuq 12 min manata satılmağa başladı. Bu da alıcıların narazılığına səbəb oldu: «9 minə olan toyuğu 12 min satırlar, bu necə olur?»… «Dünən yumurta dükanda 150 manat idi, burada baha satırlar. Demək adam çoxaldıqca, qiyməti qaldırırlar».


İş o yerə çatdı ki, polislə alıcılar arasında qarşıdurma da oldu.


Kənd təsərrüfatı naziri İsmət Abbasov isə qiymətlərin qalxmamağına nəzarət olunduğunu deyirdi: «Satış başlayanda, 9 minəydi, satış güclənəndə qiymət qalxdı. Biz buna nəzarət edirik ki, qiymət qalxmasın».


Azərbaycanda «quş qripi» virusu çöl quşları arasında bu ilin fevralında tapılıb. Mart ayında isə 5 nəfər bu virusdan vəfat edib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, «quş qripi»nə yoluxan iki xəstənin müalicəsi hazırda davam edir.

Aprelin 25-də isə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çonq-vuk Li «quş qripi»ylə mübarizənin gedişiylə tanış olmaq üçün Bakıya gələcək.


XS
SM
MD
LG