Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Evlərin sahəsi azalır


Yeni tikilən yaşayış evi.
Yeni tikilən yaşayış evi.

Bu ilin yanvarında istifadəyə verilən yaşayış evlərinin sahəsi azalıb.

Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, ilin ilk ayında 107,6 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. Bu, ötən ilin eyni dövründən 19,5 faiz azdır. Hökumət iqtisadiyyatın kiçilməsində tikintidəki geriləməni başlıca səbəb sayır. Əmlak məsələləri eksperti Rəşad Əliyev AzadlıqRadiosu-na müsahibəsində məhz bu məsələyə münasibətini açıqlayıb:

Rəşad Əliyev.
Rəşad Əliyev.

– Yaşayış evlərinin tikintisinin azalmasında qeyri-adi bir şey yoxdur. Hazırda bunu şərtləndirən iki amil var. Birinci amil bazardakı ümumi vəziyyətdir. İkincisi isə, Mərkəzi Bankın (AMB-nin) yürütdüyü sərt pul-kredit siyasətidir. Son 2 ildə mənzil tikinti sektoruna müsbət təsir edən əsas amillərdən biri Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) mənzillərə verdiyi ipoteka kreditləri idi. Bilirsiniz ki, artıq bu kreditləşmə dayandırılıb və bu, təbiidir. AMB-nin uçot dərəcəsinin 15 faiz olduğu dövrdə 10 faizli ipoteka kreditinin özü bir nağıl idi. Bank yetərincə böyük tikinti həcmi olan bir neçə iri şirkətlə işləyirdi. Digər tərəfdən, statistikanı, hələ ki, ehtiyatla qəbul etmək lazımdır, çünki bir ayın göstəricisi hələ heç bir şey demək deyil. Bu, həm texniki amillərlə, həm də hava şəraiti ilə bağlı ola bilər. Buna görə də, növbəti ayların statistikasını gözləmək lazımdır. Ancaq yuxarıda qeyd etdiyim amillər azalma üçün böyük əsasdır.

Buna da bax:​ Vətəndaşların mənzil tikintisi azalıb

– Bankların çoxunda ipoteka növbəsinin aktivləşdiyi deyilir...

– Bəli, belə deyilir, ancaq bilinmir ki, vəsait hardandır. Bildiyimə görə, bir neçə ay əvvəl ipoteka fondu istiqrazların yerləşdirilməsi barədə düşünürdü və hətta prospekti qeydiyyata alınmışdı. Kreditlərin verilməsindən ötrü fondun sərbəst vəsaitinin olması haqda məlumatım yoxdur.

– Sosial evlərin tikintidə canlanma yaradacağı deyilirdi. Niyə olmadı?

– Sosial evlər tikintidə canlanma yarada da bilməzdi, çünki tikintisi hələ təzə-təzə başlanır. Bu səbəbdən, tikintiyə dair statistikalarda bunları görmürük. Növbəti ayların tikinti statistikalarında bunu hiss edəcəyik. Ancaq bunun mənzil tikintisi sektorunda tənəzzülü dayandırıb-dayandırmayacağını və nəhayət, artım görüb-görməyəcəyimizi hələ bilmirik.

Buna da bax: 'Kasıblarla varlılar arasında uçurum dərinləşib'

– Hərraclarda daşınmaz əmlaka marağın azalması nədən qaynaqlanır?

– Bunu normal qarşılamaq lazımdır. Bazarda alıcı kütləsi azdır, xüsusən investisiya obyektləri üzrə. Bazarın durğunluq dövründə adi obyektlərə maraq azdır, o ki qala hərrac ola. Bir sözlə desək, indi hərraclar üçün ən uğursuz dövrdür, ancaq proses davam etdirilməlidir.

XS
SM
MD
LG