Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

'Kasıblarla varlılar arasında uçurum dərinləşib'


ABŞ-Rusiya
ABŞ-Rusiya

ABŞ, Rusiya hərbi liderlərinin Bakı görüşü, «Nardaran işi» ətrafında gedən proseslər, bahalaşma və mənzil bazarındakı durum bu gün medianın aparıcı mövzusudur...

MÜSTƏQİL SİYASƏT

«Azərbaycan» qəzetində dərc edilən «Müstəqil siyasətin beynəlxalq təsdiqi» sərlövhəli məqalədə Rusiya və ABŞ hərbi liderlərinin fevralın 16-da Bakıda keçirdiyi görüş dəyərləndirilir.

Müəllif yazır ki, dünya siyasi arenasında ağır çəkisi olan bu iki dövlət arasında gərginlik davam edir. Bakıda gerçəkləşən bu görüş Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması yolunda təşəbbüsdür: «Baş Qərargah başçıları Joseph Dunford və Valery Gerasimov arasındakı Bakı görüşü ABŞ-da prezident seçkilərindən sonra bu istiqamətdə ilk addım sayıla bilər».

Yazıda deyilir ki, görüş yerinin Bakı seçilməsi heç də təsadüf deyil. Müəllifə görə, birinci səbəb Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe ilə bağlıdır. Azərbaycan 5 il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, öz missiyasını uğurla yerinə yetirib. Həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Müəllif hesab edir ki, daha bir səbəb Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verməsidir: «Bakı bu dəfə də barışdırıcı missiya yerinə yetirir. Bu mənada ABŞ və Rusiya baş qərargah rəislərinin görüşü üçün Bakının müəyyən edilməsi onu göstərir ki, Azərbaycan tamamilə müstəqil dövlətdir. Nə Rusiyanın, nə də ABŞ-ın təsir dairəsindədir».

Nardaran
Nardaran

BAŞ TUTMADI...

Azadliq.info saytında «Hökumətin «Nardaran əməliyyatı» necə iflas etdi?» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, hakimiyyət bu işdə nə xalqı, nə də dünya ictimaiyyətini aldada bildi: «Azərbaycan hakimiyyəti uzun illərdir etiraz edən səsləri boğmaqla məşğuldur. Ölkədəki hüquqsuzluğa, korrupsiyaya, saxtakarlığa etiraz edənlər rejimin «qara siyahı»sına düşüb və belə adamları «ovlamaq» üçün saysız-hesabsız tələlər qurulur».

Yazıda qeyd edilir ki, rəsmi təbliğatda Nardaranda baş verənlər dövlətə xəyanət kimi dəyərləndirildi. Həbs olunanlara terrorçu damğası vuruldu və Azərbaycanda dini təhlükənin olduğunu sübut etməyə çalışdılar.

Müəllifin fikrincə, bu prosesə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını da cəlb etməklə demokratik qüvvələri də sıradan çıxarmağa çalışdılar: «Son olaraq isə nüfuzlu «Amnesty International» təşkilatının bəyanatı yayıldı və Nardaran məhbuslarının azad edilməsi tələb olundu. Buna qədər isə – həbsindən az sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlını dünyanın bu mötəbər təşkilatı «vicdan məhbusu» adlandırmışdı. «Amnesty International» təşkilatının bu yaxınlarda yayılan bəyanatı da göstərdi ki, Taleh Bağırovdan terrorçu, Fuad Qəhrəmanlıdan dövlət çevrilişinə çağırış edən şəxs obrazı düzəldə bilmədilər».

Supermarket
Supermarket

HƏR GÜN BAHALAŞMA

«Novoye Vremya» qəzetində «Kasıb varlıya inanmır» sərlövhəli məqalədə ölkədə bahalaşma mövzusu təhlil edilir.

Müəllif baş nazirin müavini Əli Əhmədovun ölkənin ticarət mərkəzlərində ciddi qiymət artımının baş verməməsi haqda dediklərini əsassız sayır.

Yazıda vurğulanır ki, hərə öz imkanına uyğun danışır: «Əgər deputatlar, hökumət üzvləri üçün supermarketlərdəki qiymətlər yüksək deyilsə, onları başa düşmək olar. Onların maaşları və digər gəlirləri əhalinin əksəriyyətinin gəlirlərini üstələyir. Bu da sirr deyil ki, artıq bir çox sıravi vətəndaşlar supermarketlərə gedən yolları belə unudublar».

Müəllif hesab edir ki, son illərdə varlılar daha da varlanıblar, kasıblar isə bir az da kasıblaşıblar. Kasıblarla varlılar arasında uçurum dərinləşib.

Yazıda vurğulanır ki, 200 dollardan bir qədər yuxarı olan orta aylıq maaşla bu super marketlərdə alış-veriş etmək olmaz.

Müəllif Tarif Şurası təmsilçilərinin dərman bazarında qiymətlərin dolların məzənnəsindən asılı olması barədə açıqlamasını da ciddi tənqid edir.

Yazıda deyilir ki, sanki, bazarda dolların məzənnəsinin qalxması təbii qəbul edilməlidir: «Amma bunun əksi olanda, yəni dolların məzənnəsi enəndə qiymətlər niyə enmir? Axı bir həftədir ki, dollara nisbətdə manat möhkəmlənirdi. Amma nə dərmanların, nə də ərzaq malları və xidmətlərin qiymətləri endi. Bu suala isə Tarif Şurası özü cavab verməlidir».

Bina
Bina

MƏNZİL BAZARINDA NƏ VAR, NƏ YOX…

Musavat.com saytında «Mənzillərin qiyməti iki dəfə ucuzlaşacaq» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkənin daşınmaz əmlak bazarındakı durum ekspertlərlə müzakirə edilir.

Müəllif yazır ki, dollar-manat məzənnəsindəki dəyişikliklərin mənzil bazarına təsiri yenə də müzakirə mövzusudur və bu məsələdə ekspertlərin münasibətləri haçalanır.

Müəllif bəzi yerli KV-lərə istinadən qeyd edir ki, qarşıdakı günlərdə paytaxtda mənzillərin qiymətinin iki dəfəyə yaxın enəcəyi gözlənir. Dəyəri təxminən 100 min manat civarında olan mənzillərin 50-60 min manata düşəcəyi bildirilir.

Ekspert Rəşad Əliyev da deyib ki, ucuzlaşma davam edəcək: «Amma söhbət dollar qiymətlərindən gedir. Dollar qiymətlərində ucuzlaşma davam edəcək, amma böyük temp gözləməyə dəyməz. Bazardan hər hansı bir fövqəladə hal gözləmirəm. Artıq mənfi amillər qiymətlərdə nəzərə alınıb, müsbət amillər isə heç gözlənilmir».

Yazıda xatırladılır ki, bir neçə gün öncə Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb.

Bir neçə bankın da uzunmüddətli ipoteka kreditlərindən imtina edəcəyi xəbəri dolaşır. Ekspertlərin fikrincə, bu da əmlak bazarına təsirsiz ötüşməyəcək.

Ekspertlərdən Nüsrət İbrahimov isə yaxın müddətdə mənzillərin satış qiymətində dəyişiklik gözlənilmədiyini bildirib.

XS
SM
MD
LG