Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Quterres Talibanla davamlı dialoqa çağırır


Əfqan qazaxlar Qazaxıstanın Əfqanıstandakı səfirliyi qarşısında, sentyabr, 2021-ci il
Əfqan qazaxlar Qazaxıstanın Əfqanıstandakı səfirliyi qarşısında, sentyabr, 2021-ci il

Qazaxıstan rəsmiləri Əfqanıstanda 200-dək etnik qazaxın olduğunu deyir

BMT Talibanın zorakılığını pisləyir

BMT talibanın dinc etirazçılara getdikcə artan zorakı reaksiyasını pisləyib.

Qurumun insan haqları ofisinin sözçüsü sentyabrın 10-da deyib ki, silahlıların Talibanın başçılıq etdiyi administrasiyaya qarşı çıxanları dağıtmaq üçün silah və qamçıdan istifadə etməsinə dair xəbərlər var.

“Talibanı dinc toplaşma azadlığından istifadə edənlərə və etirazları işıqlandıran jurnalistlərə qarşı gücdən istifadəni və qanunsuz həbsləri dərhal dayandırmağa çağırırıq”, – sözçü Ravina Şamdasani deyib. O, BMT-nin dörd etirazçının odlu silahla öldürülməsini sənədləşdirdiyini qeyd edib.

***

BMT-nin Baş katibi Antonio Quterres beynəlxalq ictimaiyyəti Əfqanıstanda Talibanın idarə etdiyi hökumətlə dialoqu davam etdirməyə çağırıb. Bu arada silahlıların Kabildən ilk beynəlxalq kommersiya uçuşuna icazə verməsi təxliyələrin bərpa olunmasıyla bağlı gözləntiləri artırıb.

Quterres sentyabrın 10-da “Frans Pres”ə müsahibə verib. Əfqanıstanda iqtisadi durumun milyonlarla əfqanı aclıq və səfalətə sürükləyəcəyi sarıdan narahatlıq var. Ölkədən qadınlara, jurnalistlərə, qeyri-hökumət təşkilatlarına zorakılıqla bağlı xəbərlər gəlir.

Taliban son günlər insan haqları tələbiylə küçələrə çıxanları dağıdıb, nümayişləri işıqlandıran jurnalistlər saxlanıb.

Həmrəylik

“Biz Talibanla dialoqa getməli, prinsiplərimizi birbaşa dilə gətirməliyik. Əfqan xalqıyla həmrəylik hissilə dialoq aparılmalıdır”, – BMT rəhbəri agentliyə deyib.

“Böyük əziyyət içində olan, milyonlarla insanın aclıqdan ölmək riskiylə üzləşdiyi xalqa həmrəylik bildirmək borcumuzdur”, – o deyib.

Son günlər Əfqanıstana rəsmilər, məmurlar, yardımla bağlı beynəlxalq reyslər bərpa olunsa da, sentyabrın 9-da Kabil aeroportundan ilk mülki reys çıxıb. Dövlətə məxsus “Qatar Airways”in 113 nəfəri Kabildən çıxardığı xəbər verilir.

Sərnişinlərin 10-u amerikalı, qalanları Kanada, Macarıstan, Ukrayna, Almaniya və Britaniya vətəndaşları olub. Qətərin xüsusi elçisi sentyabrın 10-da ikinci reysin baş tutacağını bildirib.

Ağ evin sözçüsü Əfqanıstanda 100 civarında ABŞ vətəndaşının qaldığını açıqlayıb.

***

Etnik qazaxlar Kabildən çıxarılır

Qazaxıstan bir qrup etnik qazaxı Kabildən təxliyə etdiyini bildirir.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, sentyabrın 9-da içində 35 etnik qazax olan hərbi yük təyyarəsi Almatı aeroportuna enib.

Nazirliyin sözçüsü Aybek Smadiyarov AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, təyyarədə dörd qazaxıstanlı, bir qırğızıstanlı və bir Əfqanıstan vətəndaşı da olub.

Prezident Qasım-Jomart Toqayev ötən ay hökumətə göstəriş verib ki, etnik qazax olan əfqanıstanlıların Kabildən təxliyəsini təşkil eləsin.

Xüsusi komissiya yaradılıb

Taliban ötən ay Əfqanıstanı demək olar tam ələ keçirəndən sonra əfqanların çoxu Qazaxıstan hakimiyyətinə müraciət edərək təxliyə olunmalarını istəyiblər. Onlar etnik qazax olduqlarını deyiblər.

Avqustun əvvəlində XİN Kabildəki Qazaxıstan konsulluğunda xüsusi komissiya yaradıb, özünü etnik qazax adlandırılan hər kəsin xahişini araşdırmağa başlayıb.

Qazaxıstan rəsmiləri Əfqanıstanda 200-dək etnik qazaxın olduğunu deyir. 1991-ci ildə ölkə müstəqillik qazanandan sonra Əfqanıstandan bəzi etnik qazaxlar xüsusi dövlət proqramı vasitəsilə Qazaxıstana mühacirət ediblər. Proqramın məqsədi xaricdə yaşayan qazaxlara ölkəyə cəlb etmək idi. Həmin şəxslərin radioya deməsinə görə, Əfqanıstanda etnik qazax olan əfqanların sayı xeyli çoxdur.

Əfqanıstandakı qazaxların çoxu 1920-1930-cu illərdə sovetlərdən qaçmış qazaxların qohumlarıdır. Onlar dari və ya özbəkcə danışırlar.

XS
SM
MD
LG