Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Həbsdə olan MTN polkovniki: 'Təcridxanada 4 dəqiqə ölmüşdüm...'


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

Daha bir MTN polkovniki, keçmiş nazirliyin Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş Mirəziz Əsgərovun məhkəməsi başlanıb.

Martın 31-də Bakı Hərbi Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Cinayət işinə Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Mirəziz Əsgərov elə ilk məhkəmə iclasında işinə qərəzli baxılmasından gileylənərək, deyib ki, heç bir günahı yoxdur, bunu istintaqçılar da bilir, amma obyektiv yanaşmırlar: “Buna görə də istintaqın aparılmasından şikayətçiyəm. Mənə qərəzli olmalarını başa düşə bilmirəm. İstintaqımı aparanlar nüfuzlu müstəntiqlər, prokurorlardır, həqiqəti də məndən yaxşı bilirlər. Bilirlər ki, bu işdə mənim günahım yoxdur”.

Buna da bax:​ Həbsdəki MTN polkovniki insult keçirib

“Vəziyyətim yaxşı deyil”

Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov müvəkkilinin haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyən vəkil MTN polkovnikinin ağır xəstə olduğunu da bildirib: “Adam bu vəziyyətdə 17 aydır ki, həbsdədir. MTN hospitalından verilən arayışda da Mirəziz Əsgərovun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi görünür. Fevralın 14-də durumu kəskin ağırlaşdığından, o, əvvəlcə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və orada müalicə mümkün olmadığından şəhər xəstəxanasına aparılıb. Fevralın 20-dək Mərkəzi Klinik Xəstəxanada müalicə olunana polkovnik hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır. Halbuki belə xəstəliklərlə orada saxlanması mümkün deyil”.

Müdafiəçi müvəkkili adından vəd verib ki, Əsgərov həbsdən buraxılsa, qaçıb gizlənməyəcək, məhkəmə iclaslarına vaxtlı-vaxtında gələcək.

Buna da bax: 'Şərurlu İsfəndiyar': 'Yazıb-oxuya bilmirəm...'

MTN polkovnikinin özü də sağlıq durumunun ağır olduğuna diqqət çəkərək deyib ki, istintaq təcridxanasında 4 dəqiqə ölü vəziyyətində olub: “Vəziyyətim yaxşı deyil. Həkimlər də məsləhət görüblər ki, daim açıq havada olum, əks halda, durumum yaxşı olmayacaq”.

Prokuror onun həbsdən buraxılmasına etirazını bildirən prokuror Mirəziz Əsgərovun həyatına təhlükə olmadığını vurğulayıb.

Polkovnikin həbsdən buraxılmasına məhkəmə də razılıq verməyib.

“Qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq?”

Prokuror prosesin bir bölümünün qapalı aparılmasını da təklif edib və fikrini belə əsaslandırıb ki, bu adam Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi işləyib, onun xidmət dövrü ilə əlaqədar iş materiallarında dövlət sirri sayılan məlumatlar var.

Buna da bax:​ 'MTN işi'ndə MSK-nın sədr müavininin də adı hallanır

Mirəziz Əsgərov bütövlükdə məhkəməsinin, hətta bir hissəsinin də qapalı keçirilməsini istəmir: “Mənim xidmətim hər kəsə məlumdur. İşlədiyim quruma, millətimə xidmət etmişəm. Prosesi qapalı keçirmək nəyə lazımdır? Açıq məhkəmə keçirin, hər kəs də görsün ki, necə xidmət eləmişəm. Özü də bu işdə məxfilik qalmayıb. Prokurorluq bütün məlumatları yayıb. Qəzetlər, saytların hamısı bu işdən yazırlar. İndi qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq? Mən başa düşmürəm”.

Ancaq prokurorun təklifini əsaslı sayan hakimlər məhkəmənin bir bölümünün qapalı keçirilməsinə qərar veriblər.

Məhkəmə baxışı aprelin 14-nə təyin edilib.

Buna da bax:​ MTN-in qadın və kişi generalları özünü təqsirli bilmir

Hazırda həbsdə olan digər MTN-çilər kimi, Mirəziz Əsgərov da iş üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə, rüşvət almaqda suçlanır.

XS
SM
MD
LG