Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Büdcəni kənar yerlərə xərcləyənlər


Hesablama Palatası
Hesablama Palatası

-

Hesablama Palatasının 2015-ci il üzrə hesabatı əksər dövlət qurumlarında maliyyə vəsaitlərinin xərclənməsində pozuntulara yol verildiyindən bəhs edir.
«Report»un hesabata istinadən yaydığı xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əksər rayon icra hakimiyyətlərində belə nöqsanlar üzə çıxıb.

SOSİAL MÜAVİNƏTLƏRİN VERİLMƏSİNDƏ NÖQSANLAR...

Hesabata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) mərkəzləri dövlət büdcəsi vəsaiti hesabına artıq ödəmələrə yol verib. Əmək pensiyası hüququ olanlara və 18 yaşınadək uşaqlara sosial müavinətlər ödənilib.

Hesablama Palatası, həmçinin, aparatın saxlanması ilə bağlı xərclərin icrasında nöqsanlara yol verildiyini qeyd edir. Habelə, nəqliyyat vasitələrinin saxlanmasına, əməkhaqqı və ezamiyyə xərclərinin ödənilməsinə artıq vəsait xərcləndiyini bildirir.

ƏKSƏR İCRA HAKİMİYYƏTLƏRİ BÜDCƏ PULLARINI...

Hesabata görə, əksər icra hakimiyyətləri büdcə pullarının təyinatını dəyişərək xərcləyib.

Palata Səbail, Xətai, Xəzər, Suraxanı, Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir, Qobustan rayonları və Mingəçevir, Lənkəran şəhər icra hakimiyyətlərinin fəaliyyətində də qüsurlar aşkarlandığını deyir. Əksər icra qurumlarında büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi, mənzil fondunun gəlirlərinin az hesablandığı qeyd edilir.

SƏBAİL İCRA HAKİMİYYƏTİNDƏ 21 LÜZUMSUZ ŞTAT?

Hesabatda qüsurların aradan qaldırılması üçün yerli icra qurumlarında görülən işlərdən də bəhs edilib. Sənəddə bildirilir ki, təkcə Səbail İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat ləğv edilib, 7 ştatın dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılıb.

Lənkəranda 17, Xətai, Xəzər, Suraxanı rayonlarının hər birində 9 məsul işçiyə töhmət və şiddətli töhmət verilib. Mingəçevirdə 4 məsul işçinin tutduğu vəzifədən azad olunduğu bildirilir.

Pozuntular «Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında» hesabatda əksini tapıb. Sənəd aprelin 15-də parlamentdə müzakirə ediləcək.

Aprelin 8-də 30-dan artıq dövlət qurumunda büdcə vəsaitlərinin təyinatından kənar xərclənməsi barədə xəbərlər yayılmışdı.

XS
SM
MD
LG