Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Əvəz Zeynallı: ‘Mən vicdan məhbusuyam...’


Əvəz Zeynallı
Əvəz Zeynallı

“Xural” TV-nin rəhbəri, ilyarımdır həbsdə olan Əvəz Zeynallı özünü siyasi məhbus yox, vicdan məhbusu sayır. O öz məhkəməsində son sözünü deyərkən bu fikri səsləndirib:

“Mən siyasi məhbus deyiləm, vicdan məhbusuyam. Haqqımdakı cinayət işi də sözün davasıdır”.

O, YouTube platformasındakı “Səda TV” kanalının yönəldicisi Elnur Şükürovla birlikdə mühakimə olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan və az qala, bir ilini tamamlamaqda olan bu iş artıq yekinlaşır. Fevralın 23-də hər iki təqsirləndirilən məhkəmədə son sözlərini söyləyib.

“Gecə 4-ə qalmış uşağı oyadıb, yatağını axtarmaq baxış deyil”

E.Şükürov Ə.Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə, həbs edildiyini deyir. Onun sözlərinə görə, Ə.Zeynallının həbsindən sonra istintaq onun əleyhinə sübutlar axtarmağa başlayıb. Bu üzdən, onu saxlayıb, “Xural TV” rəhbərinin əleyhinə ifadə almağa çalışıblar:

“Mənə deyirdilər ki, sən Əvəz Zeynallının üzünə durmalısan. Mən razılaşmadım. Onda mənə dedilər ki, “sən gününü görərsən”. Dediklərini də elədilər. Gecə saat 3-də evimə axtarışa getdilər. Baxmadılar evdə körpə uşaqlar, xəstə adamlar var. Uşağın gündəliyinin arasına qədər axtardılar. Gecə 4-ə qalmış uşağı oyadıb yatağını axtarmaq baxış deyil, evə soxulmaqdır”.

E.Şükürov əlavə edib ki, onun haqqında həbs qərarı verilərkən, sənəddə Bakı İstintaq Təcridxanasında saxlandığı göstərilsə də, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) istintaq təcridxanasına aparılıb. Onun sözlərinə görə, 15 gün təkadamlıq otaqda saxlanılıb, ailəsiylə 5 aya yaxın telefonla danışmasına və görüşməsinə icazə verilməyib.

Cinayət işinin materiallarında iddia edilir ki, Sumqayıtda, Sabunçu və Suraxanı rayonlarında tikinti aparmaq istəyən şəxslər icra hakimiyyətindən icazə almaqdan ötrü Elnur Şükürova pul veriblər. O da dostu Ə.Zeynallı vasitəsilə icra hakimiyyətlərindən razılıq alıb.

İttihamda göstərilib ki, bu məsələlərdən ötrü “Xural TV” rəhbəri icra başçılarıyla görüşüb. Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və Suraxanı rayonunun icra başçısı Əziz Əzizov bu məhkəmə prosesində şahid qismində dindiriliblər.

“Rayonun sərhədyanı kəndləri onun üzündən boşalıb”

Ə.Əzizov Suraxanıdan öncə Yasamal rayonunun, ovaxtadəksə 12 il Cəlilabadın icra başçısı vəzifəsində çalışıb. Əslən Cəlilabad rayonundan olan E.Şükürov deyir ki, hazırladığı materiallarda Ə.Əzizovu dəfələrlə tənqid edib:

“Cəlilabada Əziz Əzizov qədər zülm eləyən ikinci icra başçısı yoxdur. Rayonun sərhədyanı kəndləri onun üzündən boşalıb, kəndlərdə adam qalmayıb. Cəlilabaddan qisas alıb bu adam. Mən də onu haqlı tənqid eləmişəm. İndi deyir ki, guya mən onun fəaliyyətinə kölgə salmışam...”.

E.Şükürov təqsirsiz olduğunu, kimsədən pul almadığını, tikinti aparmaq istəyən şəxslərin icazə məsələsinə isə humanizm prinsipiylə yardım etdiklərini vurğulayıb. O, məhkəmədən bəraət istəyib.

“...İlk insandır ki üzümə durmadı ”

Ə.Zeynallı isə məhkəmədəki son sözündə E.Şükürova minnətdarlıq edib:

“Elnur ilk insandır ki, çəkdiyi məhrumiyyətlərə baxmayaraq, mənim üzümə durmadı”.

“Xural” TV rəhbəri deyir ki, uzun müddətdir işsiz olsa da, vəzifəli şəxs kimi tanıdaraq, ona rüşvətalma ittihamı veriblər. Evində axtarış zamanı prokurorluq işçilərinin hətta ailənin dolanışıq pulunu da götürdüklərini deyən Ə.Zeynallının sözlərinə görə, xəstə yaxınlarının durumunu belə, nəzərə almayıblar.

Ə.Zeynallının son sözü bitməyib. O, fevralın 26-da yekun sözünü bitirəcək və ardından hökm oxunacaq.

Xatırlatma

“Xural” TV-nin rəhbəri 2022-ci il sentyabrın 10-dan həbsdədir. E.Şükürov isə ondan bir neçə gün sonra həbs olunub.

Prokuror Ə.Zeynallıya 10 il, E.Şükürova 5 il həbs cəzası verilməsini təklif edib.

Təqsirləndirilənlərin heç biri özünü təqsirli bilmir.

Ə.Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. E.Şükürov isə “Xural TV” rəhbərinin əleyhinə tələb olunan ifadəni vermədiyinə görə cəzalandırıldığını deyir.

XS
SM
MD
LG