Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

'Səlim Müslümova olan humanist yanaşmadan istəyirik'


Vəkil Aqil Layıc
Vəkil Aqil Layıc

“Xural TV”nin rəhbəri, ilyarımdır həbsdə olan Əvəz Zeynallının vəkili Aqil Layıc deyir ki, müvəkkilinə məhkəmədə heç bir əsas, sübut olmadan prokuror 10 il həbs cəzası istəyib. Amma eyni məhkəmə binasında keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq mənimsəmə və rüşvətdə təqsirli bilinən Səlim Müslümova şərti cəza verilərək, azadlıqda saxlanılıb.

İşlərinə fərqli hakimlər kollegiyası baxsa da, istər Ə.Zeynallı, istərsə S.Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

Ə.Zeynallının, eləcə də onunla birlikdə mühakimə olunan “Youtube” platformasındakı “Səda TV” kanalının yönəldicisi Elnur Şükürovun məhkəməsi yekunlaşmaq üzrədir. Onların məhkəmədə son sözləri qalıb, ardından hökm oxunacaq.

Fevralın 9-da hər 2 təqsirləndirilənin vəkilləri məhkəmədə müdafiə çıxışı ediblər. Onlar müvəkkillərinin təqsirsiz olduğunu vurğulayaraq, bəraət hökmü çıxarılmasını istəyiblər.

Ə.Zeynallının vəkili Aqil Layıc müvəkkilinin jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir. Onun sözlərinə görə, “Xural TV” rəhbərinə qarşı rüşvət və başqa ittihamları təsdiqləyən heç bir dəlil-sübut yoxdur:

“Bu məhkəmə 27 milyonluq mənimsəmə və rüşvət almaqda təqsirli bilinən Səlim Müslümovu azadlıqda saxladı. Amma jurnalist fəaliyyətinə görə cəzalandırılan Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsi istənilir. Əvəz Zeynallı heç bir cinayət törətməyib, onun haqqında bəraət hökmü çıxarılmasını xahiş edirik. Heç olmasa, Səlim Müslümova qarşı olan humanist yanaşmadan Əvəz Zeynallıya da istəyirik”.

Şükürov qurban verildiyini deyir

E.Şükürovun vəkili də müvəkkilinin təqsirsiz olduğunu, sadəcə, Ə.Zeynallıya qarşı ittihamların miqyasını böyütməkdən ötrü qurban seçildiyini deyir. Müdafiəçinin sözlərinə görə, E.Şükürovu çağırıb, Ə.Zeynallının ona verdiyi sənədlərin yerini soruşublar:

“Elnur Şükürov isə bildirib ki, ona heç bir sənəd verməyib. Onun evinə gecəyarısı gəlib, sanki terrorçunun evində axtarış aparırmış kimi davranıblar. Elnur Şükürov Cəlilabaddan deputatlığa namizəd olub, yerli sakinləri narahat edən problemlərlə maraqlanıb. Buna görədir ki, onun azadlığa buraxılması üçün 366 nəfərin imzasıyla məhkəməyə məktub göndərilib”.

Ə.Zeynallı və E.Şükürovun məhkəməsi fevralın 23-də özlərinin son sözüylə davam edəcək. Ardından məhkəmənin onların haqqında çıxardığı hökm elan olunacaq.

Hər iki təqsirləndirilən 2022-ci ilin sentyabrından həbsdədir. Prokuror Ə.Zeynallıya 10 il, E.Şükürova 5 il həbs cəzası kəsilməsini istəyib. Onların heç biri özünü təqsirli saymır.

Ə.Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. E.Şükürovsa “Xural TV” rəhbərinin əleyhinə tələb olunan ifadəni vermədiyindən, həbs edildiyini deyir.

XS
SM
MD
LG