Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Əvəz Zeynallının məhkəməsinə icra başçısı və deputat məcburi gətirilə bilər 


Əvəz Zeynallı- arxiv foto
Əvəz Zeynallı- arxiv foto

“O tikili Əvəz Zeynallının qohumunundu, onunla işiniz olmasın”.

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı ilə bağlı cinayət işində bir sıra vəzifəli şəxslərin adları keçir. Onların arasında Sumqayıtın icra başçısı Zakir Fərəcov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, deputat İmamverdi İsmayılov və başqaları var.

Zeynallı “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Sentyabrın 8-də məhkəmədə hakim Əli Məmmədov bildirib ki, bütün şahidlərə məhkəməyə gəlmələri üçün çağırış göndərilib. Şahidlər arasında icra başçısı və deputat da var.

Elnur Şükürov
Elnur Şükürov

Əvəz Zeynallının vəkilləri bütün şahidlərin məhkəmədə dindirilməsində israrlı olduqlarını deyiblər. Hakim isə bildirib ki, icra başçısı və digərləri bir daha məhkəməyə çağrılacaq, əgər gəlməsələr, o halda, barələrində məcburi gətirilmə qərarı çıxarılacaq.

“İcra başçısı zəng eləyib dedi ki, ‘o tikili Əvəz Zeynallının qohumunundu’”

Sentyabrın 8-də məhkəmədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov dindirilib. O bildirib ki, qəsəbədəki Elşən Mehdiyev küçəsində obyekt tikintisinə şərait yaradıb:

“Tikinti gedəndə icra başçısı zəng eləyib dedi ki, “o tikili Əvəz Zeynallının qohumunundu, onunla işiniz olmasın”. Birinci dəfə obyekt tikiləndə qanunsuz olduğuna görə sökmüşdük. İkinci dəfə yenidən tikməyə başladılar. Onda icra başçısı zəng elədi. Biz də həmin obyektə yaxın getmədik...”

Əvəz Zeynallı icra nümayəndəsinin yalan danışdığını deyib. “Xural TV” rəhbəri vurğulayıb ki, Hüseynovun istintaqa dediklərilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyətlər var.

“Əgər tikili qanunsuz idisə, ona niyə icazə vermisiniz?” – vəkillərin bu sualına icra nümayəndəsi belə cavab verib: “Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mən başçının tapşırığını yerinə yetirmişəm...”

Zeynallı özü də, onun vəkilləri də Vüsal Hüseynovun yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb olunması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və s. adamlardan Elnur Şükürov vasitəsilə pul alınıb. Əvəz Zeynallı isə həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.

İttihamların uydurma olduğunu deyir

Konkret Əvəz Zeynallı özü isə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin binasında Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahbaz Qasımovdan 8 min manat pul almaqda ittiham olunur.

Zeynallı isə bu ittihamların uydurma olduğunu, onu susdurmaq üçün sifarişlə həbs olunduğunu bildirir. O, tələb edir ki, rüşvət aldığına dair konkret faktlar, məsələn, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə gedib-gəldiyini sübut edən görüntülər ortaya qoyulsun.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, həbsdə olan iş adamı Rasim Məmmədovun əleyhinə materialları efirə verməmək üçün onun ailəsindən 20 min manat rüşvət almaqla bağlı idi. Lakin Əvəz Zeynallı bu ittihamı rədd edir.

Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. O da özünü təqsirli bilmir, Əvəz Zeynallı əleyhinə ondan tələb olunan ifadəni vermədiyinə görə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG