Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

'Məktəbdən atalar uşaqlarını götürəndə Fatimə elə həsrətlə baxır ki…'


Faiq Əmirli azadlıqda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00

Faiq Əmirli azadlıqda (2017)

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin ailələri bəzən uşaqlarının psixoloji zədə almalarından şikayətlənirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli 2016-cı ildə həbs olunub. İstintaq onu "gülənçilik"də (2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan və hazırda ABŞ-da yaşayan Fətullah Gülən) və vergidən yayınmada ittiham etmişdi. Məhkəmə ona 2 il 3 ay şərti həbs cəzası verdi.

1 il 20 gün həbsdə qalan F.Əmirlinin azadlığa çıxandan sonra ilk sözlərindən biri "qızlarım üçün darıxırdım" olub.

Siyasətçinin həyat yoldaşı Lalə Əmirli AzadlıqRadiosuna deyib ki, qızları da ataları üçün çox darıxırdı: "Qızların böyüyünün 4, balacasının isə 2 yarım yaşı var idi. Faiq həbs olunanda evimizə axtarışa gəlmişdilər. Qızlar hələ fərqində deyildi nə baş verir. Sadəcə evdə oturub nəm salfetkalarla, kağızla oynayırdılar. Hərdən soruşurdular ki, bu adamlar nə edirlər? Cavab verirdim ki, bir şeyi itiriblər onu axtarırlar, siz narahat olmayın...".

L.Əmirlinin sözlərinə görə, atalarının həbsi qızlara çox pis təsir edib: "Ən çoxda gecələr təsir edirdi ki, onların yanında deyil. Uzanıb ağlayırdılar ki, ata hanı?..".

A.Məhərrəm azadlıqda
A.Məhərrəm azadlıqda

"Elə bilirdilər ki, həbsxana mənim iş yerimdir"

AXCP-nin digər funksioneri "çirkli pulların yuyulması"nda ittiham edilən Aqil Məhərrəm də 2018-ci ildə həbs edilib. O, həbs olunanda əkiz qızları 4 ay 23 günlük olub. Siyasətçi azadlığa çıxanda qızlarının artıq 4 yaşı var idi.

A.Məhərrəm deyir ki, həbsdə olanda onun yanına gəlib gedirdilər, amma həbsin ilk 10 ay ərzində ona yaxınları ilə görüş verilməyib: "Görüş veriləndə də o bir müddət şüşə arxasında olub. Yalnız son bir ildə ki, uşaqlar mən onların atası olduğumu başa düşürdülər, o mərhələdə normal görüşə bilirdik. Amma qızlarım elə bilirdilər ki, həbsxana mənim iş yerimdir".

A.Məhərrəmin sözlərinə görə, qızları onun həbsdə olduğunu bilmirdi: "Hətta cəzaçəkmə müəssisəsinin bəzi əməkdaşları da qızlara deyirdi ki, atanız burada işləyir, biz də onun iş yoldaşıyıq. Hər əfv və ya məhkəmə ərəfəsi qızlara deyirdim ki, gələcəyəm. Gəlməyəndə də bu, artıq onlara çox pis təsir edirdi. Telefonla danışanda "niyə gəlmirsən" soruşub ağlayırdılar".

"... getmə, səndən mağazadan almağa heç nə istəməyəcəyik"

O vurğulayıb ki, həbsdən çıxanda həm özü, həm də uşaqları ciddi adaptasiya problemi ilə üzləşiblər: "Bizə uyğunlaşmaq üçün zaman lazım idi. Hiss edirdim ki, onlar qəbullanmaqda çətinlik çəkirdilər və, açığı, bu məndə də belə idi. Məsələn, deyirdim ki, bunu etmək olmaz, baxırdılar ki, niyə o bizə bunu deyir? Gedirdilər anaları ilə məsləhətləşirdilər. Yeddi-səkkiz ay belə problemlərlə üzləşmişik. Hətta indi də bəzi belə problemlər qalmaqdadır".

A.Məhərrəm bildirib ki, uşaqlarda həbsi ciddi psixoloji travma yaradıb: "Mənə deyirdilər ki, işləməyə getmə, biz səndən mağazadan almağa heç nə istəməyəcəyik, təki sən işləməyə getmə".

"Azyaşlı uşağın yanında atasının qoluna qandal vurdular"

2019-cu ildən həbsdə olan jurnalist Polad Aslanovun (dövlətə xəyanət ittihamı ilə 16 il həbs cəzası alıb) həyat yoldaşı Gülmirə Aslanova isə deyir ki, yoldaşı tutulanda özü və qızı Fatimə onun yanında olublar: "Azyaşlı uşağın yanında atasının qoluna qandal vurdular. Bizi gətirdilər Dövlət Təhlükəsizliyi Xidmətinə, sonra da məni və qızımı evə apardılar. Evdə uşağın gözünün qarşısında axtarış edib əşyalarını dağıdırdılar. Qızımı qucağımdan ağlada-ağlada aldılar və məni istintaqa apardılar".

Polad Aslanov qızı Fatimə ilə
Polad Aslanov qızı Fatimə ilə

G.Aslanovanın sözlərinə görə, yoldaşının həbsindən yalnız 2 il 7 ay keçəndən sonra onunla açıq görüş veriblər: "Koronavirus pandemiyası səbəbindən açıq görüş vermirdilər. Ancaq şüşə arxasında görüşürdük və qızım atası ilə göz-gözə gələ bilmirdi, arxasını çevirib dəstəyini götürüb danışırdı".

"Danışmağında problem yarandı, kəkələməyə başladı…"

O deyir ki, atasının həbsi uşağa ciddi psixoloji sarsıntı yaşadıb: "Çəki artmadı, danışmağında problem yarandı, kəkələməyə başladı. Onu psixoloqa apardım. Düzdür, həmin çətinlikləri atlatdıq, amma yenə də sarsıntı yaşayır. Ailəvi görüşlərə gedəndə sevinir, atasını qucaqlayır, qayıtmağa bir gün qalanda isə ağlayır ki, biz çıxıb gedəcəyik, kaş ki, atamı da aparardıq".

G.Aslanova xatırladır ki, qızı indi 10 yaşının içindədir, atası həbs olunanda hələ 6 yaşı tamam olmamışdı: "Məktəbdən atalar uşaqlarını götürəndə Fatimə elə həsrətlə baxır ki, mən onu sizə təsvir etməkdə çətinlik çəkirəm. Atası təzə həbs olunanda evdə hazırladığım yeməkdən Fatimə atasına pay ayırdıb soyuducuya qoydurur, günlərlə yeməyə, atmağa imkan vermirdi. Hələ də atasının ən çox sevdiyi yeməkləri mən ancaq həbsxanaya görüşə gedəndə bişirə bilirəm. Evdə bişirsəm ağlayır, yemir. Hazırlayıram, orada atası ilə birlikdə yeyirlər. Onsuz yatmırdı. Keçən ilə qədər hər gecə ağlayıb yatırdı".

"Axtarış aparılanda uşaqlar evi tərk etməlidir"

Bu deyilənlərə, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma hüquq-mühafizə orqanları, bir qayda olaraq, istintaq, axtarış tədbirlərinin qanunlar çərçivəsində aparıldığını deyirlər. Üstəlik, rəsmilərin vurğulamasına görə, ölkədə istər uşaq hüquqları, istərsə də fundamental azadlıqlar qorunur.

Bəzi hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda hazırda 200 civarında siyasi məhbus var. Amma rəsmilər də iddia edirlər ki, belə siyahıya salınan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Onların fikrincə, Azərbaycanda siyasi məhbus yoxdur.

Psixoloq Azad İsazadə isə AzadlıqRadiosuna bildirib ki, axtarış aparılanda uşaqlar evi tərk etməlidir və axtarış aparan orqanlar uşaqları o prosesdən kənarlaşdırmalıdırlar: "Sözsüz ki, evdə axtarış uşaqlara çox mənfi təsir göstərir. Uşaq öz dünyasını qurur, evdə öz oyuncaqları var, sevdiyi yeri var. Beynində yaratdığı həmin aləmə kimsə müdaxilə edəndə bu ona mənfi təsir göstərir. Düzdür, uşaq axtarışı anlamır, amma qeyri-adi hərəkətləri və ananın, nənənin göz yaşlarını görür. Bu, sözsüz ki, travmadır".

XS
SM
MD
LG