Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Korrupsiya araşdırmalarını oxuyanlar 'mənəvi' depressiyaya düşürmüş


Deputatın çağırışından üç gün sonra Mədəniyyət Nazirliyi uşaqları qorumaq bəhanəsi ilə TikTok-u bağlayıb
Deputatın çağırışından üç gün sonra Mədəniyyət Nazirliyi uşaqları qorumaq bəhanəsi ilə TikTok-u bağlayıb

Qırğızıstanda hökumət tanınmış media qurumu olan "Kloop"u bağlamağa çalışır. "Kloop" ölkənin Gömrük Xidmətinin rəis müavini Raimbek Matraimovun korrupsiya və qaçaqmalçılıq fəaliyyəti ilə bağlı çoxsaylı araşdırmalar dərc edib.

"Kloop"un bağlana biləcəyi haqda xəbərin dərc edilməsindən bir gün öncə Matraimov Qırğızıstan hökumətinin nəzarətində olan dini qurum – Müftiliyin baş qərargahının açılış mərasimində gülümsəyərək tanınmış bloqqerlərlə şəkil çəkdirirdi. Onun kefinin kök olması üçün yaxşı səbəbi var idi. Bina onun ailəsinə məxsus fond tərəfindən maliyyələşdirilib. "Kloop"un AzadlıqRadiosu və OCCRP ilə birlikdə apardığı media araşdırmalarında bu fondun pulyuma aləti olduğu üzə çıxarılıb.

Avqustun 27-də keçirilən açılış mərasimində ABŞ-ın sanksiya tətbiq etdiyi Matraimovun yanında oturan deputat Şayloobek Atazov ziddiyyətli təklifləri ilə tanınır. Onun təklifləri arasında TikTok-u bağlamaq barədə çağırış da var. Onun bu çağırışından üç gün sonra Mədəniyyət Nazirliyi uşaqları qorumaq bəhanəsi ilə TikTok-u bağlayıb. O bu addımı QHT-lərin silsilə xahişlərindən sonra atdığını bildirib. Ancaq bu xahişi edən QHT-lərin adını çəkməyib.

Raimbek Matraimov (ön cərgədə, tünd gödəkcədə) və parlament üzvləri avqustun 27-də Bişkekdə Müftilik binasının açılışında.
Raimbek Matraimov (ön cərgədə, tünd gödəkcədə) və parlament üzvləri avqustun 27-də Bişkekdə Müftilik binasının açılışında.

""Kloop" üçün gəldilər, mən danışmadım"

Qırğızıstanın tamahkar siyasi elitası hökumətin informasiya sahəsinə nəzarət etmək cəhdlərindən yararlanmağa çalışır. Göründüyünə görə, hazırda hökumətin bu cəhdləri sərhəd tanımır. Hökumət bu il ərzində AzadlıqRadiosunun Qırğız xidməti - Azattık-ı da bağlamağa cəhd edib. Bundan əlavə, son bir ildə onlarla jurnalist, fəal və vətəndaş cəmiyyəti rəhbərləri prezident Sadır Japarovun hökumətinə qarşı olmaq ittihamı ilə həbsə atılıb. Onların çoxu həbsdə Matraimovdan daha çox vaxt keçirib. Matraimov keçmişdə Azattık və "Kloop"u məhkəməyə verib.

24.kg xəbər saytının redaktoru Mahinur Niyazova rahib Martin Nimöllerin İkinci Dünya müharibəsi dövründə yazdığı "Əvvəlcə onlar…" şerinə istinad edərək Facebook-da bu sözləri yazıb: "Əvvəlcə onlar Azattık üçün gəldilər və mən səsimi çıxarmadım, çünki Azattık-da işləmirəm. Sonra onlar "Kloop" üçün gəldilər və mən danışmadım. İndi onlar "TikTok" üçün gəliblər".

Qırğızıstan prezidenti Sadır Japarov (solda) və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçibek Taşiyev
Qırğızıstan prezidenti Sadır Japarov (solda) və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçibek Taşiyev

Baş Prokurorluğun Bişkek məhkəməsinə təqdim etdiyi ləğvetmə ərizəsinə görə, hökumətin "Kloop"u bağlamaq istəməsinin səbəbi "Kloop Media"nın qeydiyyatı prosesində olan uyğunsuzluqlardır. Baş Prokurorluq bildirir ki, qurumun təsis sənədlərində "informasiyanın yayılması" məram kimi göstərilmir, "Kloop" isə media qurumu kimi qeydiyyatdan keçməyib.

"Ziyan vurur ki, xeyir vermir"

Dövlət Milli Təhlükəsizlik Komitəsinin (UKMK) ekspertizasına istinad edən prokurorlar belə qənaətə gəliblər ki, "Kloop"un reportajları "mövcud hökumətin siyasətini kəskin tənqid etmək... [və] dövlət və bələdiyyə orqanlarının nümayəndələrini nüfuzdan salmaq məqsədi daşıyır".

Əlavə olunub ki, "Kloop"u oxumaq vətəndaşları mənəvi depressiya, aqressiv cinayət davranışı, cinsi anormallıqlar və asılılığın "kimyəvi və qeyri-kimyəvi" formalarına qarşı həssas duruma salır.

Bu, müəyyən mənada prezident Sadır Japarovun "Kloop" haqda ifadələri ilə üst-üstə düşür. ""Kloop" kimi qurumlar qırğız xalqına ziyan vurur ki, xeyir vermir", - Japarov hökumətin nəzarətində olan kabar.kg saytına müsahibəsində deyib.

Polis Bişkekdə hökumət binası yaxınlığında aksiyanı işıqlandıran "Azattık" jurnalistini saxlayır.
Polis Bişkekdə hökumət binası yaxınlığında aksiyanı işıqlandıran "Azattık" jurnalistini saxlayır.

O, eyni zamanda, "Kloop" və digər media qurumlarını investorları ölkədən ürkütməkdə və keçmişdə ölkəni talayanları tərifləməkdə ittiham edib: "Onlar sizə dövlət büdcəsindən – vergi ödəyicisinin cibindən pul ödəyirdilər, ona görə də onları tərifləyirdiniz. Biz xalqın pulunu sizə verə bilmərik. Onların pulu onların öz xeyri üçün xərclənməlidir!".

Halbuki, 2010-cu ildə "Kloop" prezident Kurmanbek Bakiyevin korrupsioner və avtoritar rejiminin fəaliyyətini işıqlandırdığı üçün bağlanma təhlükəsi ilə üzləşən bir neçə müstəqil media qurumundan biri idi. Japarov Bakiyev hökumətinin korrupsiyaya qarşı mübarizə aparmalı olan departamentinin rəhbəri idi.

Həmin il Bakiyev inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Ancaq növbəti seçilmiş prezident Almazbek Atambayev də "Kloop" fanatı deyildi. O, hətta 2017-ci ildə "Kloop"u "Qırğızıstanın bədənində yaşayan gənə" adlandırmışdı.

XS
SM
MD
LG