Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:32

Qarabağda Njdenin heykəli ətrafında nə baş verir?


Qaregin Njdenin Xocavənd şəhərindəki heykəli
Qaregin Njdenin Xocavənd şəhərindəki heykəli

Dağlıq Qarabağın bir hissəsindəki separatçı rejimin “təhlükəsizlik şurasının” başçısı kimi təqdim olunan Vitali Balasanyan Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib.

Bu barədə məlumatı mayın 5-də separatçı rejimin başqa bir nümayəndəsi - Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna bildiriblər.

Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib:

“Biz onunla danışdıq və dedik ki, bunu etmək lazım deyil və biz bunu etməyəcəyik. Əgər aydın səbəb yoxdursa, dəqiq şərt qoyulmayıbsa biz abidəni sökmürük”.

Azatutyun yazır ki, Xocavənd şəhəri 44 günlük müharibədə Azərbaycan qüvvələri tərəfindən ən çox dağıntıya məruz qoyulmuş yaşayış məntəqəsidir.

Vitali Balasanyan
Vitali Balasanyan

“Heç olmasa üç günlüyünə sökülsün”

Məqalədə deyilir ki, Qaregin Njdenin onun adını daşıyan küçədə qoyulmuş abidəsinin demontajı barədə informasiya ilk dəfə bu ilin fevralında yayılıb.

O vaxt separatçılar bu xəbəri təkzib etmişdilər.

Müharibədən sonra Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasını tərk etmiş Ovsepyan Azatutyuna deyib ki, dünən (mayın 4-də) təklifi Xocavənddə rədd edilən Balasanyan Njdenin abidəsini “heç olmasa bir neçə günlüyünə” sökməyi xahiş edib və bildirib ki, heykəli 9 mayda Rusiya tərəfi Böyük Vətən Müharibəsində qələbəni qeyd edəndən sonra yerinə qaytarmaq olar:

“Onda o ikinci, alternativ təklif verdi ki, heç olmasa üç günlüyünə sökülsün və o vədini yerinə yetirmiş olsun. Vəd, belə görünür ki, Rusiya tərəfinə verilib. Çünki artıq üç gün əvvəl mən Artsaxdan (Dağlıq Qarabağ – red) xəbərdarlıq etmişdim ki, bütün Artsaxda (Dağlıq Qarabağda - red) Njdenin Martunidəki (Xocavənd - red) abidəsini 9 mayadək sökmək istədiklərinə və Rusiya tərəfinin belə bir istək ifadə etməsinə və bunun qarşısının alınması üçün heç bir addım atılmadığına dair söhbətlər dolaşır”.

“Niyə aparıb Zəngəzurda qoymurlar?..”

Azatutyun bildirir ki, “Artsax qəhrəmanı” adına layiq görülmüş Vitali Balasanyanın niyə belə bir təkliflə çıxış etməsinin səbəbini öyrənməyə çalışıb. Vitali Balasanyanın sözçüsü sorğuya cavab verməyib.

Azatutyun bunun əvəzində Balasanyanın noyabrın 11-də, 44 günlük müharibə qurtarandan dərhal sonra verdiyi bəyanatdan sitat gətirir. O bu bəyanatı Ermənistanın Syunik vilayəti sakinlərinə müraciətlə vermişdi:

“Bizim babalarımızın, böyük Njdenin nəvə və nəticələri! Gəlin mümkün qədər tez ayağa qalxaq. Mən sizi bu rüsvayçı təslim aktını imzalamış Nikol Paşinyana qarşı mübarizə aparan həmvətənlərimizə qoşulmağa çağırıram”.

Sofiya Ovsepyan da Vitali Balsanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib:

“Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. Mən dünən daha onunla danışmağa cəhd göstərmədim. Çünki belə sözləri dilə gətirən adamla danışmaq istəmirəm. O görün nə deyirdi: “Njdenin abidəsini Martunidə (Xocavənd - red) qoymaq niyə lazımdır? Aparın onu Zəngəzurda qoyun”. Bəli, bu sözləri Balasanyan deyib. O əgər belə bir şey deyirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu dərk eləmirsə, onunla nə danışasan?”

“Hansısa rus generalı...”

Azatutyun yazır ki, Rusiya rəsmilərinin Birinci Ermənistan Respublikasının sovet həbsxanasında ölmüş hərbi və dövlət xadimi Qaregin Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil.

Məsələn 2016-cı ilin iyununda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Njdeyə Yerevanda abidə qoyulmasına dair suala cavab verərkən demişdi:

“Bizim Böyük Vətən Müharibəsinə münasibətimizi hamı çox gözəl bilir. Bizim nasizmin, neonasizmin, ekstremizmin istənilən formada dirçəldilməsinə və qəhrəmanlaşdırılmasına münasibətimizi də hamı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit edilib. Bizə aydın deyil ki, adı çəkilən abidə niyə qoyulub. Axı biz Böyük Vətən Müharibəsində, II Dünya Müharibəsində erməni xalqının qəhrəmanlığı, bu ölməz qəhrəmanlıq barədə bilirik”.

Azatutyunun yazdığına görə bu bəyanatdan bir ay sonra Zaxarova Yerevanda olarkən deyib ki, Njdeyə heykəl qoyulması Ermənistanın daxili işidir.

Artak Mkrtçyan isə mayın 5-də deyib ki, “hansısa Rusiya generalının Njdenin heykəlini sökmək istədiyinə” dair informasiya dolaşır:

“Deyirlər hansısa general, amma adını çəkmirlər və biz də bu generalın kim olduğunu bilmirik. Söhbətlər gəzir, amma bizə heç kim deməyib ki, rus generalı bunu etmək istəyir”.

Azatutyun yazır ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri, Ermənistandakı Rusiya hərbi bazası və Yerevandakı Rusiya səfirliyi onun zənglərinə cavab verməyiblər”.

İlham Əliyev də bu barədə danışmışdı

Azərbaycan prezidenti İlham Əliyev hələ 2019-cu ildə MDB ölkələrinin Aşqabadda keçirilən sammitində “nasistlərlə əməkdaşlıqda ittiham olunan” Qaregin Njdenin Ermənistanda “qəhrəmanlaşdırılmasını” tənqid etmişdi.

Tarixin təftiş edilməsinin və nasizmin tərənnüm olunmasının yolverilməzliyini bəyan edən İlham Əliyev demişdi ki, MDB liderləri faşistlərin qəhrəmanlaşdırılması cəhdlərini daim pisləyiblər:

"Çox təəssüf ki, belə bir hal MDB məkanında, Ermənistanın bundan əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində faşıst cəlladı və satqın olan, habelə alman faşistlərinə xidmət edən Qaregin Ter-Arutyunyana heykəl qoyduğu Ermənistanda baş verir”.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG