Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:10

Koçaryan və Sarkisyan Ter-Petrosyanın birləşmək təklifini rədd ediblər


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan mayın 5-də ikinci və üçüncü prezidentlərə qarşıdan gələn seçkidə “Milli barışıq alyansı” bloku adı altında birgə iştirak etməyə dəvət edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Ter-Petrosyan bu barədə özünün ilur.am saytında dərc etdiyi məqalədə yazıb.

Məqalədə Ter-Petrosyan bildirir ki, o hələ martın 25-də “Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentlərinin” onun təşəbbüsü ilə keçirilən görüşündə Robert Koçaryana və Serj Sarkisyana bu barədə rəsmən müraciət edib.

Onun iki keçmiş prezidentin imzalaması üçün təklif etdiyi məramnamədə deyilir:

“Keçmişdə baş vermiş prinsipial fikir ayrılığına və kəskin ziddiyyətlərə baxmayaraq və ölkəmizin taleyi üçün məsuliyyətimizi dərk edərək, yeni hakimiyyət strukturunda heç bir vəzifəyə iddialı olmayaraq qarşıdan gələn seçkidə - bizi dəstəkləyən siyasi qüvvələr, ictimai təşkilatlar və ziyalıların nüfuzlu nümayəndələrinin tərtib etdiyi siyahı ilə “Milli barışıq alyansı” adı altında iştitrak edəcəyik”.

“Paşinyanın hakimiyyəti Azərbaycan və Türkiyədən daha təhlükəlidir”

Lakin Ter-Petrosyan bildirir ki, bu məsələnin müzakirəsi olmayıb, çünki Robert Koçaryan təklifdən dərhal imtina edib. O bildirib ki, bu təşəbbüsə qoşulsa özünün yaratdığı “Ermənistanın xilası” hərəkatına xəyanət etmiş olar.

Serj Sarkisyana gəlincə isə o, Ter-Petrosyanın sözlərinə görə bu barədə öz rəyini bildirməyib.

Ter-Petrosyan məqaləsində qeyd edir ki, “Paşinyanın hakimiyyətinin təzələnməsi Ermənistan və Artsax (Dağlıq Qarabağ – red) üçün Azərbaycan və Türkiyədən qaynaqlanan mümkün və ehtimal olunan təhdidlərdən daha təhlükəlidir”.

Koçaryanın blokunda daşnakların olacağı gözlənilir

Azatutyun yazır ki, heç bir siyasi partiyanın üzvü olmayan Robert Koçaryan seçkidə blokla çıxış edəcəyini artıq bəyan edib.

Xəbərdə bildirilir ki, böyük bir ehtimalla bu blokdakı qüvvələrdən biri də Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyası olacaq.

Bu da xəbər verilir ki, Serj Sarkisyan da 20 iyun seçkisinə “Vətən” blokunda qatılacaq. Bu bloku keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan yaradıb.

Levon Ter-Petrosyanın özünün “Erməni Milli Konqresi” partiyası hələki seçkidə iştirak qərarını elan etməyib.

Mayın 5-də Levon Ter-Petrosyanın bu məqaləsinə Koçaryanın ofisindən münasibət bildirilib:

“Biz seçkidə iştirak üçün artıq başqa format seçmişik və bu barədə tez bir zamanda məlumat verıəcəyik”.

Serj Sarkisyanın ofisindən isə Ter-Petrosyanın belə bir məqaləni görüşün başqa iştirakçılarını xəbərdar etmədən dərc etməsindən təəccübləndiklərini bildiriblər.

“O bircə Koçaryan və Sarkisyanı hakimiyyətə gətirməyi bacarıb”

Levon Ter-Petrosyanın təşəbbüsü ilə bağlı baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan da münasibət bildirib.

Mayın 5-də parlamentdə keçirilən hökumət saatında öz komanda üzvlərinin suallarına cavab verən Paşinyan keçmiş prezidentin təklifini “bandokratik inqilab” adlandırıb.

Azatutuyun yazır ki, “bandokratik inqilab” termininin müəllifliyi Levon Ter-Petrosyanın özünə məxsusdur və o bu ifadəni elə Sarkisyan və Koçaryan barəsində işlədib.

Nikol Paşinyan deyib:

“Özünün müxalif siyasi fəaliyyəti zamanı Levon Ter-Petrosyan, ifadəli demək mümkündürsə, iki dəfə hakimiyyət dəyişikliyi və ya inqilab etməyə cəhd göstərib. Birincisi 2008-ci ilin xalq və ya demokratik inqilabı idi və bizə məlum və bəlkə də naməlum səbəblərdən alınmayıb. İkincisi isə burjua-demokratik inqilabı idi və onun da taleyi hamıya məlumdur. Görünür, cənab Ter-Petrosyan bir də cəhd göstərmək və bu dəfə “bandokratik inqilab” etmək fikrinə düşüb. Bunu izah etmək üçün bir-iki başqa ifadə də var, amma onları vəzifəmə görə səsləndirə bilmirəm”.

Paşinyan deyib ki, bütün bu müddət ərzində Ter-Petrosyanın bacardığı yeganə iş Koçaryanı və Sarkisyanı hakimiyyətə gərtirmək olub.

Baş nazir əvəzi bildirib ki, “bandokratik inqilab” uğursuzluğa düçar olacaq.

XS
SM
MD
LG