Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:41

Rusiya sərhədə qoşun yığmaqla ‘provokasiya’ yaratmağa çalışır


Ukrayna Prezidenti Volodimir Zelenski (ortada) münaqişə zonasında
Ukrayna Prezidenti Volodimir Zelenski (ortada) münaqişə zonasında

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Rusiyanın Ukraynanın şərq sərhədinə və Krıma 40 mindən çox əsgər yığdığını deyir

Almaniya Rusiyanı işğal etdiyi Krıma və Ukraynayla sərhədə qoşun yığmaqla provokasiya yaratmaq cəhdində suçlayıb. Moskvanın guya NATO-nun təhdidlərinə cavab verməsi ittihamını isə Berlin rədd edir.

“Mənə elə gəlir ki, Rusiya tərəfi reaksiya yaratmağa çalışır”, – Almaniyanın Müdafiə naziri Anneqret Kramp- Karrenbauer aprelin 14-də ARD televiziyasına deyib.

“Oyuna getməyəcəyik”

“Ukrayna ilə birlikdə bu oyuna getməyəcəyik”, – deyən nazir əlavə edib ki, Rusiya “hərəkətlərinə davam etməyə bəhanə kimi NATO-dan addım gözləyir”.

Son günlər yayılan foto, video və digər datalarda Rusiyanın Ukrayna sərhədlərinə doğru, Krımın içərisində hərəkət etdiyi görünür və bu, Rusiyanın Ukraynaya qüvvələr göndərməyə hazırlaşması sarıdan narahatlıq yaradır. Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Ukrayna və Qərb ölkənin şərqindəki Donetsk və Luqansk regionlarında Rusiyanın dəstəklədiyi separatçıları son vaxtlar münaqişəni qızışdırmaqda ittiham edirlər. Moskva isə buna görə Kiyevi ittiham edir.

Aprelin 13-də ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək Kiyevlə gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb, o, üçüncü ölkədə iki liderin sammit keçirməsini təklif edib.

Təklif öyrənilir

Putinin sözçüsü Dmitri Peskov aprelin 14-də deyib ki, Kreml Baydenin təklifini nəzərdən keçirəcək. “Bu yeni təklifdir, öyrəniləcək, təhlil olunacaq”, – o, jurnalistlərə deyib.

Bəzi təhlilçilərin fikrincə, Rusiya son hərəkətləri ilə ABŞ-ın yeni administrasiyasını, onun Ukraynanı nə dərəcədə qorumağa hazır olmasını sınağa çəkir.

Moskva bildirir ki, NATO-dan “təhdidlər” səbəbindən qərb sərhədlərinə təlim keçməyə qoşun göndərib. Kreml sərhəd regionundan qoşunlarını geri çəkməklə bağlı Qərbin çağırışlarını rədd edib, bunu özünün suveren daxili məsələsi adlandırıb.

Moskva həmçinin xəbərdarlıq edib ki, Ukraynanın şərqində yaşayan rusdillilərin taleyinə “biganə qalmayacaq”.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Rusiyanın Ukraynanın şərq sərhədinə və Krıma 40 mindən çox əsgər yığdığını deyir.

Blinken Brüsselə gedib

Aprelin 13-də Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba NATO-nun Baş katibi Jens Stoltenberq və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə danışıqlarda Rusiyanı “xeyli provokativ” hərəkətlərdə ittiham edib.

Blinken ötən ay Avropada olmasına baxmayaraq, yenidən Brüsselə gedərək məsələni müttəfiqlərlə müzakirə edib, ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Stoltenberq mətbuat konfransında Moskvanı “2014-cü ildə Krımın qanunsuz ilhaqından bəri Rusiya qoşunlarını ən irimiqyaslı şəkildə bir yerə yığmağa” son qoymağa çağırıb, bu hərəkətləri “əsassız, izahsız, dərindən narahatedici” adlandırıb.

İlin əvvəlindən Ukrayna separatçılar tərəfindən 30-dək əsgərinin öldürüldüyünü bildirir. Ötən il bu rəqəm 50 olmuşdu. Separatçılar isə 2021-ci ildə 20-dən çox silahlının öldürüldüyünü deyirlər.

XS
SM
MD
LG