Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:17

Bayden Putinlə danışıb


Co Bayden (solda) və Vladimir Putin
Co Bayden (solda) və Vladimir Putin

Aprelin 13-də ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putin arasında telefon söhbəti olub.

Söhbət zamanı ABŞ və Rusiyanın silahlara nəzarət və təhlükəszilik sahəsində strateji məsələlərə dair dialoq niyyəti də daxil, regional və qlobal problemlər müzakirə olunub.

Danışıqlarda habelə strateji silahların ixtisarı müqaviləsinin müddətinin uzadılması məsələsinə toxunulub.

Bu barədə məlumat Ağ Evin rəsmi saytında dərc edilib.

Prezident Bayden Putinə Rusiyanın kiberhücumlar və seçkilərə müdaxiləsi kimi hərəkətlərinə cavab olaraq ABŞ-ın öz milli maraqları naminə sərt mövqe tutacağına dair aydın mesaj verib.

Görüş təklifi

Bayden habelə ölkəsinin Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə sarsılmaz dəstək verəcəyini deyib.

O həmçinin son günlər Rusiyanın Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda böyük qoşun cəmləşdirməsi ilə bağlı narahatlığını ifadə edib.

Bayden bununla yanaşı bildirib ki, ABŞ Rusiya ilə Birləşmiş Ştatların maraqlarına uyğun olaraq sabit və proqnozlaşdırılan münasibətlərin qurulmasına tərəfdardır.

ABŞ prezidenti yaxın aylarda üçüncü bir ölkədə Birləşmiş Ştatlar və Rusiya liderlərinin görüşünü təklif edib.

O bildirib ki, bu danışıqlarda iki ölkə arasındakı məsələlərin bütöv kompleksi müzakirə olunmalıdır.

Kremlin məlumatı

Putin və Bayden arasında telefon söhbəti barədə məlumat Kremlin saytında da dərc olunub.

Kremlin məlumatında vurğulanır ki, söhbət Amerika tərəfinin təşəbbüsü ilə keçirilib.

Bu da qeyd olunur ki, söhbət zamanı “Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və beynəlxalq gündəliyin bəzi aktual məsələləri geniş müzakirə olunub”.

Kremlin məlumatında bildirlir ki, Bayden 22-23 apreldə videokonfrans rejimində keçiriləcək İqlim sammitində iştirak üçün Vladimir Putinə göndərdiyi dəvəti bir daha təsdiq edib.

Kreml diqqəti belə bir məqama çəkir ki, tərəflər qlobal təhlükəsizliyin təminatı məsələlərində dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Moskva hesab edir ki, bu, təkcə Rusiya və ABŞ-ın yox, həm də dünya birliyinin maraqlarına cavab verərdi.

“Ukraynadaxili böhran”

Kremlin mətbuat xidmətinin məlumatında söhbətin ikitərəfli münasibətlərə aid hissəsi barədə deyilir ki, Co Bayden Moskva və Vaşinqton arasında sabit və proqnozlaşdırıla biləcək əlaqələrin olmasını istədiyini deyib.

Söhbət ilk növbədə silahlar üzərində nəzarət və strateji stabilliyin təminatından, İranın nüvə proqramından, Əfqanıstandakı vəziyyətdən və qlobal iqlim dəyişikliyi sahələrində dialoqdan gedir.

Kremlin məlumatında Ukrayna ətrafında yaranmış böhran “daxili” adlandırılır:

"Ukraynadaxili böhrana dair fikir mübadiləsi zamanı Vladimir Putin Minsk razılaşmalarına əsaslanan “kompleks tədbirlərdən” danışıb”.

XS
SM
MD
LG