Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:12

ABŞ Almaniyaya əlavə qoşun göndərir


ABŞ-ın müdafiə naziri Lloyd Ostin
ABŞ-ın müdafiə naziri Lloyd Ostin

Birləşmiş Ştatlar əlavə olaraq Almaniyaya 500 hərbçi göndərəcək.

Bu barədə bəyanatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin aprelin 13-də Berlinə səfəri zamanı verib.

Associated Press (AP) yazır ki, Pentaqon rəhbərinin sözləri yeni ABŞ administrasiyasının keçmiş prezident Donald Trampın planlarına yenidən baxdığını göstərir.

Tramp Almaniyadan 12 min ABŞ əsgərinin çıxarılmasına hazırlaşırdı.

Ostin almaniyalı həmkarı xanım Anneqret Kramp-Karrebauerlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, “biz bundan sonra qoşunların ixtisarını planlaşdırmırıq”.

ABŞ naziri deyib ki, Almaniya torpağında Amerika kontingentinin gücləndirilməsi iki ölkə arasında partnyorluğun səviyyəsini və Vaşinqtonun NATO qarşısında öhdəliklərinə sadiq olduğunu nümayiş etdirməlidir.

Almaniya alqışlayır

Xanım Kramp-Karrenbauer ABŞ nazirinin bəyanatını “sağlam ABŞ-Almaniya münasibətlərinin güclü siqnalı” kimi alqışlayıb.

Ostin bildirib ki, ABŞ-ın elə bu payız göndərəcəyi 500 nəfərlik əsgəri qüvvə daimi olaraq Almaniyanın Vizbaden ərazisində yerləşdiriləcək.

Llloyd Ostin bu barədə deyib:

“Bu qüvvələr Avropada çəkindirməni və müdafiəni gücləndirəcək. Onlar münaqişənin önlənməsi, lazım gələrsə, döyüş və qələbəmiz üçün bizim mövcud qabiliyyətimizi genişləndirəcək. Bu addım habelə Avropada elektron müharibə qabiliyyəti üçün daha geniş məkan, daha geniş fəza açacaq”.

Bundan sonra qoşun ixtisarı olmayacaq

AP-nin yazdığına görə Ostinin bəyanatından aydın olur ki, Tramp-ın ABŞ-ın Avropa Komandanlığı qərargahının Almaniyadan Belçikaya köçürmək planı da həyata keçməyəcək.

ABŞ-ın hazırda Almaniyada 35 minlik qoşunu var.

Ostin vurğulayıb ki, Pentaqon bundan sonra hər hansı qoşun ixtisarı planlarını dayandırır.

Əlavə olaraq məlumat verilir ki, ABŞ bundan əvvəl Almaniya hökumətinə qaytarılması planlaşdırılan üç ərazini də özündə saxlayacaq.

Bunlar Maynz-Kastel şəhərindəki stansiya, yaşayış kompleksi və Darmştatdakı Dagger hərbi bazasıdır.

Prezident Co Bayden hələ seçki kampaniyası zamanı bildirmişdi ki, Trampın zamanında zəifləmiş transatlantik bağları yenidən dirçəldəcək və möhkəmləndirəcək.

Donald Tramp həm də NATO-ya soyuq münasibət bəsləyirdi.

Şimal Axını 2 münasibətləri pozmamalıdır

ABŞ müdafiə naziri Lloyd Ostin Berlinə səfəri zamanı bunu da deyib ki, Vaşinqton Rusiyanın Şimal Axını 2 qaz kəmərinin tikintisi ətrafında diskussiyanın ABŞ-Almaniya münasibətlərinə ziyan vurmasına yol verməyəcək:

"Biz bu razılaşmanı və Rusiyanın bununla əslində qazanacağı nüfuzu məqbul saymadığımızı bəyan etmişik. Amma biz yol vermərik ki, bu problem bizim Almaniya ilə böyük əlaqələrimizin qarşısını alsın”.

ABŞ və bir sıra Avropa İttifaqı ölkələri sözü gedən qaz kəmərinin Almaniyanın və bütövlükdə ittifaqın Rusiyadan asılılığını artıracağını dəfələrlə bəyan ediblər.

Onlar bildiriblər ki, layihə Moskvanın Avropadakı siyasi təsir gücünü artıra bilər.

Rusiya hökuməti isə israr edir ki, Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək kəmər sırf iqtisadi layihədir.

XS
SM
MD
LG