Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:34

Vaksin birinci dozadan sonra 85% effekt göstərirsə...


Arxiv fotosu
Arxiv fotosu

Bizim kütləvi immunitetə nail olmağımızın sübutu “yayılma zəncirinin qırılması olardı”, – Sinqapurda Duke-NUS Tibb Məktəbində immun sistemlərini öyrənən Eşli Con belə deyir

ABŞ-ın Pfizer Inc. şirkətinin Almaniyadan tərəfdaşı BioNTech ilə birgə hazırladığı COVID-19 vaksininin birinci dozası 85% effekt göstərib. Belə bir tədqiqat İsraildə xəstəxana işçiləri üzərində aparılıb. “Reuters” yazır ki, bu, ikidozalı rejim tövsiyəsi ətrafında debatı qızışdırıb. Axı, hökumətlər vaksin ehtiyatlarını bu rejimə uyğunlaşdırırlar.

Kanadada da araşdırma aparılıb

Araşdırmanı Şeba Tibb Mərkəzi aparıb. Bu vaksin 21 günlük fasilə ilə 2 dozada vurulur, ümumilikdə 95 faizə yaxın effekt göstərib.

Araşdırma “The Lancet” dərgisində dərc olunmalıdır. Bir gün öncə isə kanadalı alimlər təklif edirdilər ki, Pfizer-in ikinci dozasının vurulması yubadılsın, çünki birinci doza onsuz da yüksək qoruma təmin edir. Nəticədə daha çox adama peyvənd vurula bilər.

Həmin araşdırma isə birinci dozadan sonra 92.6% effektin yarandığını üzə çıxarıb. Tədqiqat şirkətin son sınaq mərhələlərinin sənədlərinə əsasən aparılıb. Sənədlər dekabrda ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına (FDA) təqdim olunub.

FDA hələ dekabrda deyirdi ki, sınaqların nəticələri vaksinin hələ ikinci dozası vurulmazdan insanlarda müəyyən qoruma yaratdığını göstərib, amma birdozalı peyvəndin potensialını dəyərləndirməyə hələ çox data lazımdır.

Pfizer nə deyir

Pfizer vaksinin alternativ doza rejimlərinin hələ öyrənilmədiyini, qərarı səhiyyə orqanlarının verməli olduğunu deyir.

Şebanın məlumatına görə, yanvarda birinci doza vurulmuş 7 min 200 nəfərlik xəstəxana işçisində 15-28 gün ərzində simptomatik COVID-19-un yayılmasında 85% azalma müşahidə olunub. Asimptomatik hallar daxil olmaqla ümumi yoluxmaların sayında isə 75 faiz azalma müşahidə edilib.

Klinikanın epidemioloqu Gili Reqev-Yoçay isə xəbərdarlıq edib ki, xəstəxanada öyrənilən qrup “əsasən gənclər və sağlam” şəxslər olub.

Pfizer-in klinik sınaqlarından fərqli olaraq “buradakı əməkdaşların içində yaşı 65-dən yuxarı olanlar çox deyil”, – o, jurnalistlərə deyib. Amma onu da qeyd edib ki, Şebanın tədqiqatı İsraildə COVID-19 yoluxmalarının pik dövründə aparılıb, onda xəstəxanalar yeni xəstələrlə dolub daşırdı.

Kütləvi immunitetin yarandığını necə biləcəyik

“The Associated Prss” agentliyi isə bu suala cavab axtarır.

Kütləvi immunitet ümumiyyətlə necə hesablanır? Bu, virusun nə dərəcədə yoluxucu olmasından asılıdır. Yəni, yoluxmuş bir şəxs neçə nəfəri yoluxdura bilir. Rəqəmlər isə regionlar üzrə fərqlənir.

Agentlik yazır ki, heç kəs kütləvi immunitet üçün keçid rəqəminin neçə olmasından əmin deyil. Bir çox ekspertlərin fikrincə, bu 70% və ondan yuxarıdır. Yeni ştammların peyda olması isə durumu qəlizləşdirir.

“Söhbət 64.9 faizin dəhşətli, yaxud 70.1 faizin fantastik olmasında deyil”, – Emori Universitetində yoluxucu xəstəliklər üzrə ekspert Uolter Orensteyn deyib. Onun sözlərinə görə, vaksinasiya səviyyəsi, digər faktorlar hətta bir şəhərin içində belə fərqli ola bilər.

Bizim kütləvi immunitetə nail olmağımızın sübutu “yayılma zəncirinin qırılması olardı”, – Sinqapurda Duke-NUS Tibb Məktəbində immun sistemlərini öyrənən Eşli Con belə deyir.

Amma heç kəs kütləvi immunitetə çatılması ilə bağlı bir gün açıqlama veriləcəyini gözləməsin.

Vaksinlər vurulduqca səhiyyə rəsmiləri yoluxma, xəstəxanaya yerləşdirmə səviyyəsini izləyir, qadağaların yumşaldılması ilə bağlı qərar verirlər. Məsələn, 1.4 milyard əhalisi olan Hindistan əhalinin neçə faizində anticism yarandığını öyrənməyi planlaşdırır, virusa nəzarət üzrə hökumətin müşaviri Cayaprakaş Muliyil deyib.

XS
SM
MD
LG