Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

Deputat: 'İnsanlar küçədə daha çox maskadadır, nəinki restoranlarda'


Polis maska cəriməsinə görə vətəndaşları şöbədə girov saxlayır?
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Polis maska cəriməsinə görə vətəndaşları şöbədə girov saxlayır?

Ötən ilin axırında Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının təkrar artması ilə bağlı sərtləşdirilmiş karantin rejimi yanvarın 18-də mərhələli şəkildə yumşaldılmağa başlanıb. Yanvarın axırından qeyri-ərzaq mağazaları və restoranlar, fevralın əvvəlində isə məktəblər qismən ( ibtidai siniflər) fəaliyyətlərini bərpa etdi. Fevralın 15-dən isə uşaq bağçaları açıldı, orta məktəblərdə 5-9-cu sinif şagirdlərinin ənənəvi tədris prosesi bərpa edildi. Bütün bunlar nəqliyyatda sıxlığın artmasına səbəb olub. Dayanacaqlarda, avtobuslarda hər gün insan sıxlığını müşahidə etmək mümkündür...

Metronun bağlanması yenə avtobuslarda basabas yaradıb
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"Hərdən avtobus o qədər dolu olur ki..."

Bakı sakini Gülzar Əliyeva AzadlıqRadiosuna bildirib ki, metronun açılmaması həyat rejimini iflic edib: "Uşağımı məktəbə metro ilə aparırdım. İndi metro işləmir və metro ilə 15 dəqiqəlik yol indi ən yaxşı halda 50 dəqiqə çəkir. Hərdən avtobus o qədər dolu olur ki, minmək olmur. Məcbur olub növbəti avtobusu gözləyirik. Nəticədə camaat məktəbə, işə gecikir".

G.Əliyevanın sözlərinə görə, özünün və uşağının koronavirusa yoluxma ehtimalını nəzərə alaraq alternativ nəqliyyatdan istifadə edəsi olur:

"Məcbur olub uşağımı məktəbə taksi ilə aparıram"

"Təkcə koronavirus deyil ki. Bu sıxlıqda adam başqa xəstəlik da tuta bilər. Ona görə məcbur olub uşağımı məktəbə taksi ilə aparıram. O da ailəmizin büdcəsinə ziyandır. Ölkədə cəmi iki növ ictimai nəqliyyat var. Başqa ölkələrdə metrobuslar, tramvaylar işləyir. Bizdə niyə yoxdur?".

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Turan" agentliyinə bildirib ki, metronun açılması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur: "Bu məsələ Operativ Qərargahın səlahiyyətindədir. Bizə hələ ki, hansısa bir qərar daxil olmayıb".

"Bu qərarı peşəkar ixtisaslaşmış şəxslər verib"

Metropolitenin fəaliyyətinin bərpa edilməməsinin səbəblərinə gəlincə qurumdan bildirilib ki, səbəb koronavirusdur: "Bu qərarı həmin sahədə peşəkar ixtisaslaşmış şəxslər verib. Yəni, burada sanitar-gigiyenik, epidemioloji, tibbi qiymətləndirmələrdən söhbət gedir. Qiymətləndirməni yalnız Operativ Qərargah aparır. Metronun bağlanmasının səbəbi məhz epidemioloji vəziyyətdir".

M.İbrahimqızı
M.İbrahimqızı

Məsələyə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı da "Turan"a bildirib ki, dayanacaqlarda insan sıxlığını özü də müşahidə edir: "Avtobusların özündə də dəhşətli sıxlıq müşahidə olunur. Metro bağlanıb, səbəb kimi də insan sıxlığı göstərilib. İndi isə dayanacaqlarda həmin basabasdır. Bu da yoluxmaların sayının artmasına gətirib çıxara bilər".

"Məsul şəxslər xəttə əlavə avtobuslar çıxarmalıdır"

Deputat qeyd edib ki, məsul şəxslər xəttə əlavə avtobuslar çıxarmalıdır: "Metro açılmırsa və onu koronavirusun yayılmaması səbəbindən bağlayıblarsa, avtobusların sayı az olduğuna görə elə həmin sıxlıq avtobuslarda müşahidə olunur. Çünki metronun bütün yükü düşüb avtobusların üstünə. Hamı taksi tuta bilmir, hamının şəxsi maşını yoxdur. Ona görə bu işlə məşğul olan TƏBİB, Operativ Qərargahın ekspertləri bu işə ciddi nəzarət etməlidir və problemin qarşısı alınmalıdır. Aidiyyəti qurumlar nəticə ilə mübarizə aparmamalıdır, onlar əsas səbəblə mübarizə aparmalıdır".

M.İbrahimqızı əlavə edib ki, restoranlar açılıb, amma orada maska taxan yoxdur: "İnsanlar küçədə daha çox maskadadır, nəinki restoranlarda. Amma maskaları daha çox qapalı yerlərdə taxmaq lazımdır ki, virus yayılmasın".

"Statistikanın aşağı düşməsi hələ heç nə demək deyil"

Tibbi elmləri doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, metro koronavirusun yayılması ilə bağlı ən şübhəli nəqliyyatdır: "Yəni, burada birdən-birə yüzlərlə insan təmasda ola bilir. Bu baxımından, metronun açılması bir az sonraya qalıb. Əslində, yəqin ki, metroların açılması növbəti mərhələdə olacaq, amma epidemioloji vəziyyətin nisbətən görünən tərəfi, yəni, statistikanın aşağı düşməsi hələ heç nə demək deyil".

Onun sözlərinə görə, yaranmış vəziyyətin necə olacağını hələ ki proqnozlaşdırmaq mümkün deyil: "Bu baxımdan, çox ehtiyatlı olmalıyıq. Yumşaltmalar mərhələli olmalıdır".

A.Qeybulla
A.Qeybulla

"Avtobuslarda sıxlıq Bakı Nəqliyyat Agentliyinin..."

A.Qeybulla vurğulayıb ki, avtobuslarda sıxlıq Bakı Nəqliyyat Agentliyinin işinin düzgün qura bilməməsinin nəticəsidir: "Belə görünür ki, Bakı Nəqliyyat Agentliyinin işi yalnız küçədə dayanan maşınların şəkilin çəkməkdir. Əslində isə bunların işi pandemiya dövründə bütün imkanları səfərbər edib ictimai nəqliyyatda qayda-qanun yaratmaq olmalıdır...".

Bakı Nəqliyyat Agentliyindən cavab

Bakı Nəqliyyat Agentliyindən isə "Turan"a bildirilib ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, pik saatlarında ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür.

Qurumun məlumatına görə, avtobusların gecikməsinin səbəbi əksər küçə və prospektlərdə onlar üçün ayrılmış zolaqların təşkil olunmamasıdır: "Hazırda bütün qarajlarda saz vəziyyətdə olan avtobuslar daşınmalara cəlb olunur. Amma avtobus sayının artımı sıxlığın azaldılması üçün yetərli deyil. Əgər belə olsaydı, biz bu gün xəttə çıxarılan 20 faizdən çox əlavə avtobusla buna nail olardıq. Əgər avtobuslar üçün ayrıca zolaq olarsa, o zaman gecikmə və sıxlıq müşahidə olunmayacaq. Zolaqlar olan küçələrdə isə bəzən avtomobil sürücüləri qaydalara əməl etmir".

Koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən Azərbaycanda karantindir. Bu müddət ərzində rejim bəzən yumşaldılıb və bəzən də yenidən sərtləşdirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 232 min 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3 min 183 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG