Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

90-yaşlı Qorbaçov köməkçisinin evində yaşayır


M.Qorbaçov
M.Qorbaçov

3 – 10 dekabr tarixlərində Moskvada keçirilən "Artdokfest" sənədli film festivalının açılışında rejissor Vitali Manskinin "Qorbaçov. Cənnət" (Горбачёв. Рай) filmi göstərilib. Bundan bir neçə gün əvvəlsə film dünyanın ən böyük sənədli film festivalı olan IDFA-də "ən yaxşı rejissor işi"nə görə mükafata layiq görülüb. Qeyd edək ki, IDFA hər il Amsterdamda keçirilir. Filmin Moskvadakı nümayişi isə təkadamlıq piketlə müşayiət olunub. Piketi keçirən şəxs filmin qəhrəmanını "vətən xaini", filmə baxmağa gələnləri isə onun havadarları adlandırıb.

Filmdən sonra elə tamaşaçıların da bir neçəsi Mixail Qorbaçovu SSRİ-nin dağılmasına görə ittiham edib. 2021-ci il martın 2-də 90 yaşı tamam olacaq Qorbaçovun şəxsiyyəti Rusiyada birmənalı qarşılanmır və çox vaxt kəskin reaksiya doğurur. Rusiyanın "Moskovski komsomolets" qəzeti yazır ki, Qorbaçovun özü yubileyini qeyd etmək arzusundadır.

Vitali Manski artıq bir dəfə, 20 il bundan əvvəl Qorbaçov haqqında bir film çəkib. O zaman 70 yaşı tamam olan Qorbaçov ona qoca kimi görünürdü. İndi isə onun iti zəkası, özünə gülə bilməsi heyrət doğurur.

Mühazirələrin birinə görə ona 400 min dollar ödənilib

Qorbaçov öz fiziki vəziyyətini çox yaxşı dərk edir. O, kreslodan çətinliklə, başqalarının köməyi ilə qalxır və xüsusi qurğunun köməyi ilə hərəkət edir. Yataq otağına rahat gedə bilməsi üçün evinin ikinci mərtəbəsinə lift çəkilib.

V.Manski və M.Qorbaçov
V.Manski və M.Qorbaçov

"Maraqlıdır ki, güclü bir dövlətin sükanı arxasında olan Qorbaçov özünə Moskvadakı mənzilindən başqa heç nə toplamayıb", – qəzet yazır. O, yaxın vaxtlara qədər işləyə, dünyanın müxtəlif yerlərində mühazirə deyə bilirdi. Bunun hesabına da indi dolana bilir. Bu mühazirələrin birinə görə ona 400 min dollar ödənilib.

Filmdə iştiraka çətinliklə razı olan Qorbaçov indi də müəlliflərə filmin adını "Bir qəribə adamla söhbət" (Беседа с одним чудаком) qoymağı təklif edir.

Filmdə Qorbaçovun Moskva ətrafında yerləşən, tikanlı məftillər, müşahidə kameraları və hündür hasarlarla əhatə olunmuş evində tək yaşadığını görürük. Bu onun ömürlük istifadəsinə verilmiş xidməti evdir. Dünyanı dəyişmiş insan belə yaşayır.

Qorbaçov yeni 2020-ci ili öz köməkçisinin evində qarşılayır. İndi artıq həyatda ondan yaxın adamı yoxdur. Öz evinin divarlarını isə 20 il əvvəl vəfat etmiş sevimli həyat yoldaşı Raisa Maksimovnanın portretləri bəzəyir.

Qızı və nəvələri Almaniyada yaşayır

Vitali Manski ona sual verir ki, doğrudanmı bir kişi üçün sevdiyi qadını tapıb onunla birlikdə uşaqlarını böyütmək kifayətdir və bundan sonra o, daha qarşısında heç bir ali məqsəd qoymaya bilər. Qorbaçovun cavabı isə belədir: "Həyatda bundan dəyərli nə ola bilər ki?".

Söhbət gedişində o, nəvələrinin əvvəllər onu ziyarət etdiyini, indi isə daha gəlmədiyini deyir.

V.Manski və M.Qorbaçov
V.Manski və M.Qorbaçov

Qorbaçovun qızı və nəvələri Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Onun özü isə harasa gedəcək halda deyil. Filmdə biz onu evindən başqa Qorbaçov Fondunda və Novodeviçye qəbiristanlığında görürük. Orada o, sevimli Raisasının yanında dəfn ediləcəyi qəbir yerini göstərir.

Məqalədə o, haqsız yerə qızlarının xəyanəti ilə üzləşmiş Kral Lirə bənzədilir. Eyni zamanda, onun filmdə qonşumuz qədər sadə və yaxın göründüyü deyilir.

Vitali Manski ilə birlikdə filmi 86-yaşlı ssenari müəllifi Aleksandr Qelman da təqdim edib.

Qorbaçovla bağlı paradoks ondan ibarətdir ki, o, əslində, SSRİ-nin dağılmasını istəmirdi, ancaq, eyni zamanda, azadlıq istəyirdi. Manski və Qelman auditoriyaya bunu başa salmağa çalışıblar. "Ancaq o, indi siyasətçilərin insanlara sırımağa çalışdığı SSRİ-ni dəqiq istəmirdi", – Manski öz çıxışında deyib.

XS
SM
MD
LG