Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Qorbaçov Qarabağ probleminə görə Heydər Əliyevi suçlayır


Mixail Qorbaçov. 1991
Mixail Qorbaçov. 1991

-

“Hər iki respublikanın yüksək vəzifəli məmurları korrupsiyaya bulaşmışdı. Yenidənqurma başlayanda onlar oturduqları kreslonun altlarından sürüşəcəyini hiss edərək, etnik münaqişələri qızışdırmağa başladılar."

"Heydər Əliyev düzgün beynəlmiləl xətt tutsaydı, - fəlakətin qarşısını almaq olardı. Amma 1988-ci ildə bunun üçün artıq gec idi".


"DQMV-nın təxirəsalınmaz ehtiyacları üçün Nazirlər Şurasından 400 milyon rubl dəyərində qərar layihəsi göndərildi. Amma iki-üç ay sonra respublika rəhbərliyinin mərkəzdən ayrılan vəsaiti göyə sovurduğu haqda siqnallar gəlməyə başladı".


SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov "Həyat və islahatlar" kitabında Qarabağ münaqişəsinin necə başlanmasından yazır.

Erməni yazarları Silva Kaputikyan və Zori Balayanla görüşünün detallarını açıqlayır.


Qorbaçov kitabında yazır ki, hər şey 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin (85 faizi ermənilər idi) Ermənistan SSR-nin tərkibinə keçmək tələbi ilə ayağa qalxması ilə başlandı.

Bu qərar Vilayət Şurası tərəfindən qəbul olunmuş və Ermənistanda çoxminlik nümayişlərlə dəstəklənmişdi. Həmin nümayişlərə cavab olaraq Azərbaycanda da anti-erməni şüarları ilə nümayişlər keçirilirdi.

Qorbaçov Ermənistandakı nümayişlərin təşkilatçıları və xüsusi canfəşanlıq göstərənlər arasında xüsusən iki nəfərin adını çəkir: Yerevandakı Dövlət Planlaşdırma İnstitutunun əməkdaşı Muradyan və vilayət komitəsində təlimatçı kimi çalışan Karapetyan.

“Tezliklə hər iki respublika rəhbərinin mövqeləri haqda məlumat əldə etdik. Bağırov mərkəzi hakimiyyətin DQMV-nin statusunu təsdiqləməsini və qarant durmasını istəyirdi. Dəmirçiyan isə DQMV vilayət Şurasının Azərbaycan, Ermənistan və Sovet İttifaqı Ali sovetinə etdiyi müraciətə baxılmasını istəyirdi. Aydın görünürdü ki, Bakı və Yerevanın Stepanakert ətrafındakı mübahisəsi Moskvada həll olunmalıydı” – deyə Qorbaçov yazır.

Ermənistan - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifinə dəstək mitinqi, Yerevan, 1988eds of thousand of Armenians demonstrating in Yerevan in support of the proposal for Nagorno-Karabakh to become part of the Armenian SSR, February 1988
Ermənistan - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifinə dəstək mitinqi, Yerevan, 1988eds of thousand of Armenians demonstrating in Yerevan in support of the proposal for Nagorno-Karabakh to become part of the Armenian SSR, February 1988


Daha sonra Qorbaçov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirir:

“Mənim mövqeyim beləydi: ortada bir problem vardı və bunu siyasi yollarla həll etmək lazım idi. Mərkəzi Komitə istənilən sərhəd dəyişiminin yolverilməz olduğunu elan etməli, Dağlıq Qarabağın iqtisadi, sosial və mədəni inkişafı üçün təkliflər hazırlanmalıydı. Qoy azərbaycanlılarla ermənilər bir yerə yığışıb aralarındakı problemi özləri həll etsinlər, biz onların istənilən qərarını dəstəkləyərik, lazım gəlsə müzakirələrə rus ziyalılarını, zəhmətkeşlərini də qoşarıq. Yerli hakimiyyətə kömək etməsi üçün hər iki respublikaya Siyasi Büro üzvlərini göndərməyi qərara aldım. Bakıya Liqaçev və Razumovski, Yerevana isə Yakovlev və Dolqix ezam edildilər. Onların vəzifəsi tərəflər arasında əlaqə yaratmaq, xalqı sakitləşdirmək idi”.

SSRİ-nin rəhbəri erməni yazar Silva Kaputikyan və jurnalist Zori Balayanla Q. Şahnazarovun vasitəçiliyi ilə baş tutmuş görüşündən də bəhs edir.

“Söhbət uzun oldu. Mən vəziyyəti ətraflı izah etmələri üçün həmsöhbətlərimə fürsət verdim. Adətən deyildiyi kimi, Qarabağ ətrafında mübahisənin kökünün illər əvvələ gedib çıxdığı vurğulandı. Əsrlər boyu iki xalq bu məhsuldar torpaqlarda yan-yana yaşayıblar, bu torpaq parçası əldən-ələ keçib, yüzillər boyu İranın idarəetməsi altında olub, ancaq orda həmişə ermənilərin çoxluğu müşahidə olunub. İnqilabdan dərhal sonra az qalıb ki, ermənilər bu torpaq parçasını öz ana yurdları ilə birləşdirmək arzusunu gerçəkləşdirsinlər. Lakin, o vaxtkı Azərbaycanın rəhbəri Nəriman Nərimanov əvvəlcə buna razılıq versə də, sonra sözünü geri götürüb. Nəticədə bu problem dəfələrlə, xüsusilə müharibədən sonra qaldırılsa da, heç bir razılığa gəlinməyib. Daha sonra isə onlar Qarabağdan erməni əhalinin necə sıxışdırıb çıxarıldığından, Ermənistandan təcrid olunduğundan, tarixi abidələrinin necə dağıdıldığından bəhs etdilər. Söhbət açıq-açığına ermənilərin Naxçıvan Muxtar Respublikasında olduğu kimi məqsədyönlü şəkildə Qarabağdan çıxarılmasından gedirdi. Belə ki inqilabdan sonra Naxçıvan əhalisinin çox hissəsi erməni olsa da, indi 95 faizi azərbaycanlılardır. İslamın xristianlıq üzərinə hücumu davam edir – deyə qonaqlarım mövcud vəziyyəti xarakterizə etdilər”.

- Bir düşünün, - mən onları inandırmağa çalışırdım, - bu münaqişə böyüsə, nələr ola bilər. Şübhəsiz, Azərbaycanda yaşayan 500 min erməni və Ermənistandakı 200 min azərbaycanlı öz yurd-yuvasından qovulacaq. Nəhəng insan kütləsi yoxsulluq və əzab içində qalacaq. Bu bədbəxtçiliyin qarşısını almaq bizim ortaq borcumuz və hər şeydən əvvəl hər iki respublika ziyalılarının müqəddəs vəzifəsidir. Di gəl ki hər iki ölkənin ziyalıları sıx-sıx milli ehtirasları qızışdırmaqla məşğul olurlar.

Zori Balayan
Zori Balayan


Silva Kaputikyan etiraz etdi:

- Bu, milli hisslərin intibahıdır, burda heç bir qızışdırma ola bilməz!

- Qoy siz deyən kimi olsun, - mən cavab verdim, - hisslərinizin səmimiliyinə şübhə etmirəm. Əminəm xeyli insan erməni xalqının taleyini düşünür. Amma elələri də var ki, milli hisslərin manipulyasiyası ilə məşğul olur.

Qorbaçov görüşün nəticələri haqda yazır:

“Bu görüş nəticəsiz qalmadı. Bir neçə gün sonra Zori Balayan mənim xahişimlə DQMV-ə yardım nəzərdə tutan, təkliflər paketi hazırlayıb göndərdi. Orda 21 bənd vardı, yolların çəkilməsi, yaşayış binalarının tikintisi, kilsələrin təmiri, Yerevan Radiosunun yayınlanması, erməni dilində kitabların çapı, Stepanakertdə univerisitet açılması və s. təkliflər edilirdi.

İki gün sonra DQMV-nın təxirəsalınmaz ehtiyacları üçün Nazirlər Şurasından 400 milyon rubl dəyərində qərar layihəsi göndərildi. İlk günlər bu, xoş təəssürat yaradırdı, ancaq iki-üç ay sonra respublika rəhbərliyinin mərkəzdən ayrılan vəsaiti göyə sovurduğu haqda siqnallar gəlməyə başladı, o pulların az hissəsi gedib ünvanına çatmışdı. Vəziyyəti araşdırmaq üçün komissiya göndərməli olduq”.

SSRİ-nın rəhbəri Qarabağ və Sumqayıt hadisələrinin necə qızışdığını yazır.

“DQMV üçün ayrılan vəsaitlə ən lazımi məqsədlərə çatılmışdı. Amma bu işlər on il əvvəl aparılsaydı, Heydər Əliyev düzgün beynəlmiləl xətt tutsaydı, - fəlakətin qarşısını almaq olardı. Amma 1988-ci ildə bunun üçün artıq gec idi

Hadisələr qar uçqunu kimi böyüyürdü. İş təcavüzkar aksiyalara qədər gəlib çatdı, hadisələrin pik nöqtəsi 27-29 fevral arası Sumqayıtda baş verən qanlı qırğın oldu. Azərbaycanlı qaçqınların çoxluq təşkil etdiyi bu sənaye mərkəzində əvvəlcədən təşkil olunmuş cinayətkar dəstələr evlərə girib, erməni ailələrə divan tutdular.

SSRİ Prokurorluğu 30 nəfərin həlak olduğunu, 197 nəfərin zərər çəkdiyini, 42 nəfərin həbs olunduğunu xəbər verirdi.

Sumqayıt qırğını ümumxalq etirazı yaratdı, hər kəs dəhşət içində idi. Bir yandan da müsəlman respublikaları öz dindaşlarıyla həmrəylik nümayiş etdirirdi. Hadisələr nəzarətdən çıxırdı, dini zəmində münaqişənin ortaya çıxmaq ehtimalı vardı”.

Bakıda mitinq, 1989
Bakıda mitinq, 1989


DQMV məsələsinə Siyasi Büronun 3 mart iclasında baxıldı. Mən bildirdim ki, biz Sumqayıtda gecikdik, olacaqları qiymətləndirə bilmədik.

- Sumqayıtdakı kimi insanların qətlini önləmək üçün, - mən dedim, - müdafiə tədbirləri görmək lazımdır. Əsas siyasi üsullardır. Ancaq hökümət hökümətdir. Tədbir görəndə, vaxtında görmək lazımdır. Gərək qanun qələbə çalsın.

Qorbaçov erməni-Azərbaycan münaqişələrinin kökünə də enir, o bildirir ki, mütəxəssislərin köməyi ilə münaqişənin kökləri haqda düzgün təsəvvür qazana bildib.

“Gəlin ermənilərin farslar və türklərlə birgə yaşadığını yada salaq. 1915-ci ildə türklər yarım milyon ermənini qətlə yetirib, iki milyonunu isə dünyanın fərqli bölgələrinə sürgün ediblər. Bunu ermənilərin yaddaşından necə silmək olar? Onlar Rusiyaya çara sevgilərindən deyil, xilas olunmaq ümüdi ilə üz tuturlar. Rus xalqının qanadı altında təhlükəsizlikdə olmaq istəyirlər.

Ancaq azərbaycanlıların da Qarabağda öz kökləri var. Hələ Lenin öz dövründə problemin ciddiliyini anlayaraq xarici işlər üzrə xalq komissarı Çiçerinə məsələdən çıxış yolu tapması üçün tapşırıq vermişdi. Əlbəttə, orda xarici aspektlər də vardı, ancaq hesab edirəm ki, mürəkkəb milli mübahisələri mahir diplomatik üsullar ilə həll etmək mümkündür.

Sovet hakimiyyətinin qurulduğu illərdə milli məsələlərlə məşğul olanlar, ilk növbədə də Stalin bu işin öhdəsindən gələ bilmədi, buna məharəti çatmadı. İşlək olmayan həll yolları təqdim edildi. On illər ərzində muxtar vilayətdə xeyli çətinlik və problemlər toplanmışdı. Azərbaycan höküməti Qarabağ əhalisi ilə heç də Lenin yanaşması ilə deyil, əksinə hətta bəzən qeyri-insani şəkildə davranırdı. Dil, mədəniyyət sahəsində problemlər yaranmışdı, kadr siyasətində ciddi qüsurlara yol verilmişdi. Aşkarlıq dövründə bütün bunlar gizlədilə bilmişdi. Hər şey bir-birinə qarışmışdı”.

Qorbaçov Ermənistan və Azərbaycan arasında baş verənlərin əsas səbəblərindən biri kimi hər iki respublikada yüksək vəzifəli şəxslərin korrupsiyaya bulaşmasını, mərkəzi hökümətdəki bürokratiyanın baş alıb getməsini göstərir.

“Hər iki respublikanın yüksək vəzifəli məmurları korrupsiyaya bulaşmışdı. Yenidənqurma başlayanda onlar oturduqları kreslonun altlarından sürüşəcəyini hiss edərək, etnik münaqişləri qızışdırmağa başladılar. Onlar üçün insanların milli hissləri amansız istismar vasitəsinə çevrildi. Qarabağ onların əlində bir növ yenidənqurmanın altına qoyulmuş mina idi”.

Qəribədir ki, SSRİ rəhbəri iki ölkə arasında yaranmış münaqişənin həll yolunu iki tərəfinə qarşılıqlı razılaşmasında görür, lakin özü də buna şübhə ilə yanaşır.

Azərbaycan - Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev və SSRİ lideri Brejnev, 1982, Bakı
Azərbaycan - Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev və SSRİ lideri Brejnev, 1982, Bakı


“Azərbaycan və erməni rəhbərlərinə bir daha deyildi ki: “Razılaşın”. Di gəl ki, onlar heç cürə ortaq məxrəcə gələ bilmədi. Yenidən məsələni həll etmək üçün bizim üstümüzə, Moskvaya göndərdilər. Özü də Sumqayıt hadisələrindən sonra erməni tərəfi Azərbaycana daha inanmırdı.

Həddsiz təzyiq şəraitində Ermənistan SSR Ali Soveti deputatları Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsinə razılıq verdilər və SSRİ Ali Sovetindən bu məsələyə baxmağı xahiş etdilər. İki gün sonra Azərbaycan SSR Ali Saoveti DQMV-nin Ermənistana verilməsinin yolverilməz olduğunu bildirən və vilayətin sosial-iqtisadi inkişafını sürtləndirən qərar qəbul etdi”.

Qorbaçov yazır ki, münaqişənin həlli ilə bağlı sovet hökümətinin yuxarı eşalonunda təmsil olunanların hərəsi bir həll yolu təklif edirdi.

“Qromıko ənənəvi həll yolu irəli sürürdü: “Ordu yeridək və dərhal hər şey qaydasına düşəcək”. Çebrikov etiraz etdi. Yakovlev bir illiyinə DQMV-nin Moskva tərəfindən idarə edilməsini təklif etdi. Şeverdnadze dərhal DQMV-yə muxtar respublika statusu verilməsini istədi. Liqaçev bütün bu ideyaları birləşdirməyi təklif etdi: “İndidən 20 min qaçqın var. Camaat evsiz-eşiksiz qalıb. Əgər DQMV-yə muxtar respublika statusu verilməsi kömək etməsə, ordu yeridərik, qayda-qanun yaradarıq”. Mən muxtar respublika təklifini qəbul edirdim, amma bu məsələ münaqişə tərəflərinin özləri arasında həll olunmalıydı”.

İyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirildi. Hər iki tərəf fikrini bildirməsi üçün iclasa dəvət olundu. İclas vətəndaşların tərəflərin mövqeyini bilməsi üçün televiziya ilə yayınlanırdı. Bizim – mərkəzi hökümətin – mövqeyini ölkə boyu dəstəkləyənlər daha çox idi.

Mən soruşdum:

“Siz problemi min bir qurban verərək həll etmək istəyirsiniz? Ermənistan Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək istəyir, Azərbaycan öz torpağından bircə millimetr də olsun verməyə razı deyil. Axı, bu mümkünsüzdür! Hər kəsi razı salan kompromiss yolu tapmaq lazımıdır. Bir qələbə olacaqsa, bizim ümumi qələbəmiz olmalıdır. Hər iki tərəfin inadkarlıq göstərdiyi halda hansısa həllə nail olmaq mümkünsüzdür. Bu, siyasi dalandır. Sumqayıt və Dağlıq Qarabağ ətrafında baş verən digər hadisələr artıq iki xalqın münasibətində xeyli dərin izlər buraxıb, bu izlərin silinməsi üçün uzun zaman lazımdır. Bax elə indi, üzbəüz oturub kompromiss axtarmaq lazımdır.

Rəsul Həmzətovun çıxışı məndə daha güclü təəssürat yaratdı. O, Dağlıq Qarabağı müvəqqəti olaraq ittifaq orqanlarının idarəetməsi altına verilməsini təklif edirdi. Son nəticədə Xalqlar Şurası komissiyası da həmin təklifi etmişdi” – deyə Qorbaçov keçirilən iclasın nəticələrindən bəhs edir.

Mixail Qorbaçov. 2012
Mixail Qorbaçov. 2012


Daha sonra SSRİ rəhbəri vəziyyətin necə nəzarətdən çıxmasından və münaqişənin başlanmasından bəhs edir:

“Barışıq prosesi tədricən mürəkkəbləşdi, burda SSRİ Ali Sovetində, Rusiyada və ümumilikdə ölkədəki ictimai mühitin də böyük rolu vardı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mövqe vardı. Biri o idi ki, münaqişə başlayanda, xüsusilə də Sumqayıt hadisələrindən sonra DQMV-dəki qiyamın “səbəbkarlarına” zərbə endirmək və qiyamı elə beşikdəcə boğmaq lazım idi.

Digər fikir belə idi: indi ki Qarabağ xalqı öz Vətəni ilə birləşmək istəyir, bizsə xalqların öz müqəddaratını təyin etmək hüququnu qəbul edirik, onda niyə də birləşməsinlər? Axı Naxçıvan muxtar respublikası arada Ermənistan ola-ola Azərbaycanın tərkibinə daxildir. DQMV məsələsini də eynilə beləcə həll etmək olardı.

Hansısa mərhələdə münaqişədə çıxış yolu göründü: Qarabağa da, Naxçıvana verildiyi kimi muxtar respublika statusu verib Azərbaycanın tərkibində qalmasını təmin etmək. Hətta bu təklifin gerçəkləşəcəyi məqam da tam yetişmişdi. Ancaq elə bu dəmdə Yerevanda Ermənistan Ali Soveti DQMV-nin Ermənistanın tərkibinə qatılması ilə bağlı qərar qəbul etdi və bütün səylər puç oldu. Bunun səbəbi Ermənistandakı hakimiyyət uğrunda mübarizə idi, çünki orda artıq idarəedici elita dəyişmişdi. Hakimiyyətə “Qarabağ” komitəsinin əsasında yaradılmış erməni ümumilli hərəkatı gəlmişdi”.

Qorbaçov münaqişənin hərbi həll yolunun da nəzərdən keçirildiyini inkar etmir:

“Bu əsnada Siyasi Büro iclaslarında səslənən daha bir variant da ortaya çıxdı: mərkəzi hakimiyyətin hərbi qüvvəsinin hesabına status-kvonu qorumaq. Başqa sözlə Azərbaycanın xeyirinə addım atmaq, amma azərbaycanlı ekstrimistlərin əli ilə yox, qanuni hakimiyyətin əli ilə. Mən həmkarlarımdan soruşdum: yaxşı deyək ki, hökümət qüvvələrini yeritdik, sonra nə? Sualıma heç bir aydın cavab ala bilmədim.

“Qayda-qanun yaratmaq”la bağlı mərkəzi hökümətdə çox ciddi cəhdlər vardı. Belə halda axıracan öz mövqeyində qala bilmək mümkünsüz idi. Hər şeyə baxmayaraq mən öz mövqeyimdə əvvəldən sona qədər qala bildim, yenə də ekstremal məqamlarda ciddi məhdudiyyət çərçivəsində də olsa sərt tədbirlər görməli oldum.

O ərəfədə, yəni 1987-1988-ci illərdə, millətlərarası münaqişələrə vahid demokratik yanaşma işləyib hazırlamalı oldum. Dağlıq Qarabağ ətrafındakı münaqişələr, heç də SSRİ ərazisindəki digər münaqişələrin qarşısını almadı, tezliklə Baltikyanıda, Moldaviyada, Gürcüstanda artıq var olan münaqişələr daha da qızışdı, Orta Asiyada və Ukraynada isə yeni münaqişələr baş qaldırmağa başladı”.

Beləliklə SSRİ rəhbəri xalqlar arasındakı problemlərin həlli üçün iqtisadi və siyasi islahatlar yolunu əsas götürür. O yazır ki, prezident vəzifəsində fəaliyyətinin sonuna qədər İttifaqın saxlanılmasına, yenilənməsinə və sülhün qorunmasına inanırmış.

“Güclü mərkəz – güclü respublikalar formulu irəli sürülmüşdü. Bəziləri bu formulu: Güclü respublikalar – güclü mərkəz şəklinə salıb. Qoy belə olsun, elə də çox fərq etmir. Axı yeni mərkəz başqa əsaslara, başqa funksiyalara istinad edirdi. O, ümumi məsələlərlə - təhlükəsizlik, iqtisadi və sosial siyasətin razılaşdırılması, xarici siyasətin əlaqələndirilməsi, sərhədlərdə qayda-qanunun qorunması və s. işlərlə məşğul olmalı idi. Və əlbəttə mərkəzi hakimiyyətin əsas rollarından biri də, münaqişələr yarananda münsif rolunu üzərinə götürmək idi” – deyə Qorbaçov yazır.

XS
SM
MD
LG