Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Asif Yusifli: 'Heç bir qanunsuz hərəkət etməmişəm'


Əli Kərimli Asif Yusiflinin yürüşdəki videosunu yaydı. Qərar dəyişmədi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Əli Kərimli Asif Yusiflinin yürüşdəki videosunu yaydı. Qərar dəyişmədi

Qarabağa dəstək yürüşünə görə həbs olunan Qarabağ əlili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Asif Yusifli deyir ki, heç bir qanunsuz hərəkət etməyib. İyulun 14-dən 15-nə keçən gecə yürüşdə də ancaq "Qarabağa azadlıq!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirib. Bu barədə o, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsində danışıb.

Məhkəmədə A.Yusifli haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Yürüş zamanı təxribatlar yaratmaqda suçlanan A.Yusiflinin barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Şikayət də həmin qərardan verilib.

A.Yusiflinin vəkili Nemət Kərimli onun həbsi üçün əsaslar olmadığını bildirib. AXCP fəalının ailə durumunun ağır olmasını, sağlamlığını Qarabağ uğrunda döyüşlərdə itirməsini vurğulayan vəkil istintaq dövründə onun azadlıqda qalmasını istəyib.

A.Yusifli özü də bildirib ki, həbsi qanunsuz və əsassızdır. Çünki həmin gün baş verən təxribatlarda iştirak etməyib – nə Milli Məclisin binasına daxil olub, nə də polis maşınının aşırılmasında rolu olub. Onun sözlərinə görə, kütlə ilə birlikdə Şəhidlər Xiyabanından sonra parlamentin qarşısındakı dayanacağın yanına gəlib, oradan da çıxıb evinə gəlib. Bir qrup şəxs Milli Məclisin binasına daxil olanda isə heç həmin ərazidə olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov A.Yusifli haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərarı qüvvədə saxlayıb.

Qarabağa dəstək yürüşünə görə həbs olunmuş daha bir cəbhəçi İsmayıl Həsənovun da şikayətinə baxılıb. Onun haqqındakı həbs qərarını isə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov əsaslı sayaraq qüvvədə saxlayıb.

AXCP fəallarının vəkilləri AzadlıqRadiosuna bildirib ki, onların ev dustaqlığına buraxılması üçün də ayrıca vəsatət verəcəklər. Əgər məhkəmələr bu vəsatətlərə də "yox" desə, o halda cəbhəçilərin Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

Xatırlatma

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

AXCP-dən verilən məlumata görə, son iki həftə ərzində partiyanın 38 üzvü saxlanılıb. Onlardan 16 nəfər haqqında cinayət işi başlanıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 14 nəfər karantin rejimini pozmaqda suçlanaraq onların hər birinə 30 sutka həbs cəzası verilib.

Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı CM-nin 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanlardan AXCP Rəyasət Heyətinin üzvləri Fuad QəhrəmanlıMəmməd İbrahimə isə bu maddələrlə yanaşı, CM-in 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsiylə də ittiham verilib.

AXCP bu ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib. Əli Kərimli baş verənləri "partiyaya qarşı repressiyaların növbəti mərhələsi" adlandırıb. Onun sözlərinə görə, cəbhəçilərin həbsi Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında AXCP haqqında səsləndirdiyi sərt fikirlərdən qaynaqlanır.

XS
SM
MD
LG