Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:49

Həbsdə olan cəbhəçi: '10 gündür ki, eyni paltardayam...'


 AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalı barəsində cinayət işi başlandığını bəyan edib.
AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalı barəsində cinayət işi başlandığını bəyan edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qarabağa dəstək yürüşünə görə həbs olunan fəallarından daha üçünün şikayətinə baxılıb. Bunlar Ceyhun Novruzov, Məhəbbət Nağıyev Telman Seyfullayevdir. Onların heç biri məhkəməyə gətirilməyib. Yalnız T.Seyfullayev Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesə qatılıb. Digər iki cəbhəçinin vəkilləri də prosesdə hüquqlarını müdafiə etdikləri şəxslərin iştirakının təmin olunmasını istəyiblər. Amma o işlərə baxan hakimlər bunu nəzərə almayıb.

Hər üç məhkəmə iclasında vəkillər müvəkkilləri haqqında həbs qərarı verilməsi üçün heç bir əsas olmadığını deyiblər. T.Seyfullayev özü də günahsız olduğunu vurğulayıb. O, həmçinin, ailə üzvləri ilə əlaqələrinin məhdudlaşdırılmasından şikayətlənib: "10 gündür eyni paltardayam. Ailəmlə telefonla da olsa, danışmağa imkan verilməyib...".

T.Seyfullayev nə istintaqda dindirilərkən, nə də təcridxanada pis rəftardan şikayətlənməyib.

Vəkili Bəxtiyar Hacıyev onun istintaq dövründə azadlıqda qalmasını xahiş edərkən T.Seyfullayevin ailə vəziyyətinin ağırlığını da vurğulayıb. Vəkil bildirib ki, həyat yoldaşının bir ayağı amputasiya olunub, xərçəng xəstəliyindən əziyyət çəkir. Yeganə qulluq edəni də T.Seyfullayev olub, çünki oğlu ölkədən kənardadır.

Amma nə T.Seyfullayev, nə də digər iki cəbhəçinin şikayəti təmin edilib.

Vəkillər AzadlıqRadiosuna bildirib ki, həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün apellyasiya məhkəməsinin qərarından şikayət nəzərdə tutulmayıb. Ona görə də növbəti hüquqi addımları müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatət vermək olacaq.

Xatırlatma

İyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya və Qarabağa kütləvi dəstək yürüşünə minlərlə insan qatılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlamasında yeddi polis əməkdaşına, 13 xidməti avtomobilə ciddi ziyan vurulduğunu, iki xidməti avtomobilin aşırılaraq yararsız hala salındığını bildirib. Kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

Həbs olunan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur. AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalı barəsində cinayət işi başlandığını, onlardan 13-ü barəsində həbs-qətimkan tədbiri seçildiyini bəyan edib. 11 cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb.

Həbs olunan cəbhəçilərin əksəriyyətinə qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya isə bu maddələrlə yanaşı, CM-in 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsi ilə də ittiham verilib.

Mehdi İbrahimov və Məhəmməd İmanlı isə CM-in 139.1.1 maddəsi ilə - koronavirus infeksiyasını yaymaqda suçlanır.

AXCP ittihamların yalan olduğunu bəyan edib.

AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

XS
SM
MD
LG