Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Prezident istintaqı qabaqlayırmı?


İ.Əliyev
İ.Əliyev

İyulun 21-də Bakının Xətai rayonunda ölkənin ərazi bütövlüyü uğrunda həlak olan insanların ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev yenidən iyulun 14-də keçirilən orduya dəstək aksiyasından bəhs edib.

Prezident deyib ki, "mən istintaqı qabaqlamaq istəmirəm". Amma onun vurğulamasına görə, iyulun 14-də faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Prezidentin sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsinin (AXCP) üzvləri onda iğtişaş yaratmağa cəhd ediblər: "Parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var?".

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, istənilən halda prezidentin açıqlamasında kimlərsə təqsirkar kimi təqdim edilirsə, bu, yolverilməzdir, çünki bu, istintaqa, məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər.

"...Prezident təyin edir"

"Çünki məhkəmələrin sədrlərini, istintaq qurumlarının rəhbərlərini, baş prokuroru, ədliyyə nazirini və xüsusi xidmət orqanları başçılarını prezident təyin edir. Bu mənada prezidentin ümumiyyətlə. təqsirləndirilən şəxslərlə bağlı hər hansı formada açıqlama verməsi doğru olmaz", - hüquqşünas belə deyir.

Başqa tərəfdənsə, Ə.Məmmədli Konstitusiyanın 63-cü maddəsində təqsirsizlik prezumpsiyasının təsbit edildiyinə diqqət çəkir:

Ə.Məmmədli
Ə.Məmmədli

"Məhkəmə qərarı olmadan..."

"Yəni, məhkəmə qərarı olmadan heç kim təqsirli, cinayətkar, cinayətdə əli olan şəxs kimi göstərilə bilməz".

Onun fikrincə, bu halda yalnız onların şübhəli şəxslər kimi istintaqa cəlb olunmaları barədə danışmaq olar. Hüquqşünasa görə, bu halda da vurğulanacaq yeganə məsələ istintaqa inam ifadə etməkdir:

"Faktiki istintaqa istiqamət vermək sayıla bilər"

"Bunun xaricində hansısa siyasi güclərin prosesdə iştirakının mümkünlüyünü dilə gətirmək belə, faktiki istintaqa istiqamət vermək sayıla bilər".

Ə.Məmmədlinin bu fikirlərinə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Deputat Razi Nurullayev isə "Turan" agentliyinə mövzu ilə bağlı deyib ki, prezident hər hansı bir məsələ ilə bağlı fikir bildirirsə, bu, daha çox ciddiyə alınır:

R.Nurullayev
R.Nurullayev

"İstintaq o nəticəyə gəlsə ki,..."

"Amma istintaq o nəticəyə gəlsə ki, adıçəkilən aksiyaya toplaşan insanların başqa niyyəti olmayıb, kütlənin arasında bir neçə nəfər təxribatçı olubsa və vəziyyətdən sui-istifadə etmək istəyibsə, elələri üçün konkret cəza mexanizmi tətbiq oluna bilər".

Deputat əlavə edib ki, ora toplaşan insanların çoxu orduya, elə prezidentə dəstək üçün gəlmişdilər. R.Nurullayevin fikrincə, prezidentə verilən məlumatdan asılı olaraq, bu deyilənlər istintaqa təsir edə və ya etməyə bilər.

Deputat qeyd edib ki, doğrudan da orada sui-istifadə halları tapılacaqsa, prezidentə bildiriləcək, elə insanlara cəza tətbiq edilə bilər.

Xatırlatma

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 100-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. Saxlananların 20-dən çoxunun AXCP üzvü olduğu deyilir. Onlardan 10-a qədərinin artıq istintaqa cəlb edildiyi bildirilir.

AXCP-nin təmsil olunduğu Milli Şura bəyanat verərək cəbhəçilərin təxribat törətmələri haqqında deyilənləri təkzib edib.

XS
SM
MD
LG