Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Komissar Azərbaycanda ifadə azadlığına görə niyə təəssüflənir


Dunja Mijatovic
Dunja Mijatovic

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunja Mijatović Azərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar nümayəndə heyəti ilə birlikdə iyulun 8-dən 12-dək Azərbaycanda səfərdə olub və səfər zamanı da həmin məsələləri qaldırılıb.

İfadə azadlığı

Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Onun müşahidəsinə görə, hakimiyyətdən narazı, yaxud onu tənqid edən jurnalistlər və sosial media fəalları davamlı olaraq saxlanır, həbs olunur. Onlara polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınma, etnik, dini nifrət qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür. Səfər zamanı komissar həbsdə jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb.

Qeyd edək ki, Seymur Həzinin 5 illik həbs cəzası avqustun 29-da bitdi və azadlığa çıxdı.

Komissar qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir sıra qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin (hüquqların məhdudlaşdırılmasından istifadəni azaltmaq) pozulduğunu, bunun 5-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) il birlikdə həyata keçirildiyini bildirib, çünki ərizəçilər hansısa pozuntuya yol verdiyinə görə deyil, məqsədli saxlanıb.

Komissar Azərbaycan hakimiyyətini baxışlarına görə saxlanan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. O, onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulduğunu vurğulayır və hakimiyyəti bu qanunsuz maneələrdən çəkinməyə səsləyir.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin baxışlarına görə həbs olunmadığını bildirir, fərdlərin yalnız törətdikləri əmələ görə cəzalandırıldığını qeyd edir.

Komissarın ofisi bu hesabatla yanaşı Azərbaycan hökumətinin verdiyi şərhləri də yayıb. Hakimiyyətin mövqeyincə, hesabatdakı bəzi dəyərləndirmələr ölkədə insan haqları ilə bağlı real durumu əks etdirmir, bəzi bəndlər hətta qeyri-korrekt mənzərə cızmış olur.

“Hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır”, – hökumət bildirir.

Defamasiya, vebsaytların bloklanması

İnsan haqları komissarı Azərbaycan Cinayət Məcəlləsində defamasiyaya görə cəzanın qaldığını bildirir və defamasiyanın de-kriminallaşdırılmalı olduğunu bir daha dilə gətirir. O, 2017-ci ilin martında “informasiya, informasiyalaşdırma və informasiyanın qorunması” qanununa əlavələrə diqqət çəkir. Bu düzəlişlər hakimiyyətə imkan verir ki, “dövlətə və cəmiyyətə təhlükə yaradan informasiya”ya görə vebsaytları bloklasın. Bu düzəlişlərin qəbulundan sonra Bakıda rayon məhkəməsi bir sıra vebsaytları bloklayıb.

“Vebsaytların bloklanması informasiyaya çıxış hüququnu əngəlləyən aşırı tədbirdi. Bu səbəbdən komissarı hakimiyyəti internet azadlığına təsir göstərən qanunvericilik və praktikanı Avropa standartlarına uyğunlaşdırmağa çağırır”, – hesabatda deyilir.

2017-ci il martın sonundan AzadlıqRadiosu.az daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Vəkil qıtlığı

Dunya Mijatovic Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu qeyd edir. O, Vəkillər Kollegiyasının ölkədə vəkil sayını artırmaqdan ötrü bir sıra addımlar atdığını da vurğulayır. Eyni zamanda göstərilən hüquqi yardımın keyfiyyətindən narahatlığını dilə gətirir.

“Vəkilliyə təsir göstərən islahatların bir çox şəxsləri hüquqi yardıma çıxışdan məhrum etməsi haqda deyilənlər dəqiq deyil. Azərbaycan vətəndaşları vəkil çatışmazlığından, yaxud hüquqi yardımın olmamasından əziyyət çəkmir”, – hökumətin cavabında deyilir.

Komissar bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların əsasən siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını bildirir.

“Komissar Vəkillər Kollegiyasını vəkillərə qarşı şikayətlərin şəffaf və ədalətli ararşdırılması üçün prosedur qaydaları möhkəmləndirməyə çağırır və qeyd edir ki, vəkillərin ictimai maraq doğuran işlər üzrə öz fikirlərini ifadə etmək hüququ var və onların azadlığı təmin olunmalıdır”, – hesabatda deyilir.

“Bu qənaət doğru deyil. 2018-2019-cu illərdə 11 vəkil kollegiyadan çıxarılıb. Onlardan heç biri siyasi həssas hesab edilən işlərlə əlaqədar deyil. Altı vəkil 6 ay ərzində üzvlük haqqını ödəmədiyinə, 5 vəkil isə qanunvericiliyi pozduğuna görə kollegiyadan uzaqlaşdırılıb”, – hökumətin cavabında vurğulanır.

Məcburi köçkünlər

Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin Azərbaycan hökuməti üçün prioritet mövzulardan olduğunu bildirən Komissar hakimiyyətin bu şəxslərin hüquqlarının təminatı yönündə vacib addımlar atmasını alqışlayır. O, bəzi məcbur köçkünlərin hələ də yataqxanalarda ağır şəraitdə yaşadığını, yerləşdirildikləri mənzillər üzərində sahiblik hüququ əldə edə bilmədiyini, mənzil təminatı zamanı məcburi köçkünlərin spesifik ehtiyaclarının nəzərə alınmadığını qeyd edir.

Komissar hakimiyyəti məcburi köçkünlərin bütün iqtisadi və sosial hüquqlara, özəlliklə də adekvat mənzil və işlə təminata çıxışını yaxşılaşdırmağa çağırır.

XS
SM
MD
LG