Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Vergilər Nazirliyinin AzadlıqRadiosu ilə bağlı ziddiyyətli qərarları


AzadlıqRadiosu
AzadlıqRadiosu

Vergilər Nazirliyi cəmi 10 gün ərzində AzadlıqRadiosu (RFE/RL.Inc.) ilə bağlı bir-birinə zidd iki qərar verib.

2016-cı ilin yayından AzadlıqRadiosu ilə Vergilər Nazirliyi arasında məhkəmə çəkişməsi var. Radionun Azərbaycan nümayəndəliyi Bakı Vergilər Departamentinin qəbul etdiyi yoxlama aktını, eləcə də bunun nəticəsində radionun üzərinə qoyulmuş vergi borcu (131 min 540 manat 86 qəpik) və maliyyə sanksiyası (12 min 6 manat 89 qəpik) haqda qərarı mübahisələndirir və onların ləğv olunmasını istəyir.

2016-cı ilin avqustunda 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində radionun iddiasına baxılanda, Vergilər Nazirliyinin nümayəndəsi vəsatət qaldırmışdı ki, bu iş üzrə məhkəmə baxışı dayandırılsın. Səbəb kimi isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində «RFE/RL.Inc» şirkəti ilə bağlı istintaqın davam etməsi göstərilmişdi. Xahiş olunurdu ki, istintaq yekunlaşandan sonra bu iş üzrə məhkəmə də davam etdirilsin. Cavabdeh tərəfin bu vəsatəti təmin olunmuşdu – 22 avqust 2016-cı il tarixli qərardadla məhkəmə baxışı dayandırılmışdı.

***Buna da bax-Nazirlik təmsilçisi: 'Bizim tədbirdən sonra əksinə, saytların izləyicilərinin sayı artıb...'

İki vəsatət

Bu yaxınlarda AzadlıqRadiosunun nümayəndəsi, vəkil Adil İsmayılova məhkəmədən bildiriş gəlib. Məlum olub ki, cavabdeh tərəf sözügedən məhkəmənin davam etdirilməsini istəyir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Xəyal Babayev dekabrın 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatət göndərib. Vəsatətdə yazıb ki, cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb, Ali Məhkəmənin də 25 may 2016-cı il tarixli qərarı var, ona görə də məhkəmədə bu iş üzrə icraatın təzələnməsi xahiş olunur.

İkinci vəsatət
İkinci vəsatət

Hakim Elçin Məmmədov bu vəsatət əsasında dekabrın 26-na məhkəmə təyin edib. Tərəflərə də dekabrın 7-də bu haqda bildiriş göndərib.

Heç bir həftə keçməmiş – dekabrın 13-də X.Babayev məhkəməyə daha bir vəsatət göndərib. Bu dəfə isə əvvəlki vəsatətin baxılmadan geri qaytarılmasını xahiş edib. Hakim də bunun əsasında dekabrın 26-na təyin olunmuş məhkəmə iclasını ləğv edib, dekabrın 15-də tərəflərə bu haqda məktub göndərib.

X.Babayevin birinci vəsatətində bəhs etdiyi Ali Məhkəmənin qərarı araşdırmaçı-jurnalist Xədicə İsmayıl haqqındadır. Jurnalist barəsində iş «RFE/RL.Inc.» şirkəti ilə bağlı ümumi cinayət işindən ayrılaraq, məhkəməyə göndərilmişdi.

***Buna da bax-'AzadlıqRadiosu mənfəət vergisi ödəyicisi ola bilməzdi'

AzadlıqRadiosunun nümayəndəsi A.İsmayılov deyir ki, dəfələrlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə müraciət edib. Hər dəfə də eyniməzmunlu cavab alır – istintaq davam edir.

AzadlıqRadiosu ilə bağlı istintaq 2014-cü ilin dekabrında başlanıb və üç ildir ki, davam edir. Nə vaxt başa çatacağı da bəlli deyil.

«Bu akt qanunsuz və əsassızdır»

Vergilər Nazirliyinin AzadlıqRadiosundan tələb etdiyi 131 min 540 manat 86 qəpik mənfəət vergisidir. Vəkil A.İsmayılov isə deyir ki, bu qərar qanunsuz və əsassızdır. AzadlıqRadiosunun qeyri-kommersiya təşkilatı olduğunu deyən vəkilin sözlərinə görə, bu qurumun nə mərkəzi ofisi, nə də Azərbaycan nümayəndəliyi mənfəət vergisinin ödəyicisi ola bilər:

Adil İsmayılov
Adil İsmayılov

«Çünki bu təşkilatların mənfəəti yoxdur. AzadlıqRadiosunun mərkəzi ofisi məhkəməyə bu haqda sənəd təqdim edib. Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydalara görə, mənfəət yoxdursa, mənfəət vergisi hesablana bilməz. Üstəlik, vergi orqanı mənfəət vergisini hesablamaq üçün AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinə daxil olan ümumi məbləği götürüb, ondan 20 faizlik rentabelliklə vergi hesablayıb. Faktiki AzadlıqRadiosu heç bir gəlir əldə etməyib, nə reklamı, nə də başqa yerdən qazancı var. Daxil olan bütün məbləğlər də radionun baş ofisindən gələn pullar olub. Heç bir mənfəətdən söhbət gedə bilməz. AzadlıqRadiosu mənfəət vergisinin ödəyicisi olmadığına görə bu akt qanunsuz və əsassızdır».

***Buna da bax-'AzadlıqRadiosunun Azərbaycan dövlətiylə problemi yoxdur'

Xatırlatma

Üç il öncə – 2014-cü il, dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosu qapadıldı. Büroda axtarış aparıldı, radionun əməkdaşları sorğu-sual edildi.

Baş Prokurorluğun mətbuat xidməti radioya qarşı cinayət işinin istintaqının yubanmasını əməkdaşlarının ölkə xaricində olması və dindirilə bilməməsi ilə əsaslandırırdı.

Araşdırmaçı-jurnalist X.İsmayılsa 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. Məhkəmə ona ittiham olunduğu iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) - üzrə bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) - üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

XS
SM
MD
LG