Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Sevil Nuriyeva: "TV-lərdə azadlıq və pul çatışmır"


►Sevil Nuriyeva: “Heç eşitmisizmi ki, Azərbaycanda hər hansı ciddi verilişin infrastrukturuna vəsait xərclənsin?

Mən eşitmədim, amma Türkiyədə ən bəsit proqramların hazırlığında bunu gördüm”.

Azərbaycan teleməkanında populyar olan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” verilişləri 1 aylıq dayandırıldı. Qərarı Milli Televiziya və Radio Şurası verib və səbəb kimi proqramlarda etik pozuntuların qeydə alındığını göstərib.

ANS rəhbərliyi bu qərarı qərəzli sayıb və MTRŞ ilə məhkəmədə görüşmək niyyətindədir.

“Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” və bu kimi bəzi verilişlər tamaşaçı auditoriyasında populyarlıq qazansa da, tənqidçiləri də az olmur və verilişlərin ünvanına daha çox “bayağı, ucuz şouya qaçmaq, süni dram yaratmaq” kimi ittihamlar eşidilir.

Buna da bax: Ciqarxanyan deyir azərbaycanlı nazirin qızı ilə dostdur

“Evdar qadınlar hədəflənir”

Azərbaycanda şou-proqramlar həm tamaşaçının, həm də peşəkarın zövqünü oxşayan səviyyədə niyə hazırlanmır?

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

“Bu tip verilişlərdə mövzu düz seçilmir, mövzunun təqdimatı bəsit üsullara söykənir, televiziya xırda münaqişələr alətinə çevrilir,” filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyir.

O əlavə edir ki, belə şou-proqramlarda, əsasən, evdar qadınlar hədəflənir:

“İnanmıram ki, intellektual səviyyəsi olan adam oturub bu verilişlərə baxsın. Ancaq Milli Televiziya və Radio Şurasının yanaşmasında yanlışlıq var. İlk növbədə xəbərdarlıq edilməli və televiziyaya yeni verilişlər hazırlamağa vaxt verilməli idi. Televiziya proqramı yaratmaq, ideyaların reallaşdırılması asan iş deyil”.

Buna da bax: Qalmaqallı işləri aparan müstəntiqlərə medal verildi

“Süni səhnələr var”

Qulu Məhərrəmlinin fikrincə, televiziyada istər sosial, istər əyləncəli şoular olmalıdır:

“Belə verilişlər Türkiyədə də, Amerikada da var, Rusiyada da var. Ancaq söhbət ondan gedir ki, bizdə bu verilişlər nə qədər peşəkar hazırlanır. Belə verilişlər olmalıdır, bu, bir rəngdir. Amma bizdə fəlakət odur ki, bütün televiziyalarda bu tip verilişlərin çəkisi artıb, narazılıq da burdan qaynaqlanır. Peşəkarlıq deyəndə nəyi nəzərdə tuturam? Bir çox situasiyalar quraşdırılır, ürəkgetmələr, ağlamalar, aparıcının halının pisləşməsi sünidir və həssas tamaşaçı bunu dərhal görür. Peşəkarlıq isə tələb edir ki, ortada yaxşı ssenari olsun, ciddi dramatik vəziyyətlər qabardılsın, iştirakçıların müəyyən intellektual səviyyəsi gözlənsin”.

“Aparıcı təkcə gözəl görünən, gözəl geyinən biri olmamalıdır”

İlhamiyyə Rzayeva
İlhamiyyə Rzayeva

Keçmiş teleaparıcı İlhamiyyə Rzayeva hesab edir ki, Azərbaycanda bazar olmadığından şou proqram sənayesi inkişaf eləmir:

“Amma yenə də ölkənin miqyasına görə peşəkar veriliş hazırlamaq mümkündür. Fikrimcə, peşəkar standartlar yoxdur, ona görə də biz qonşu Türkiyədəki kimi şou proqramların şahidi olmuruq. Verilişin dekorasiyasından tutmuş aparıcının nitqinə qədər hər şey standarta uyğun gəlməlidir. Üstəlik, aparıcının bir intellektual səviyyəsi olmalıdır. Hətta əyləncəli verilişdə belə istəyirsən ki, səni yüksək səviyyəli aparıcı əyləndirsin. Bu aparıcılar danışanda hiss edirsən ki, onun söz ehtiyatı var, düşüncəsi, problemə özunəməxsus baxışı, yanaşması var. Aparıcı təkcə gözəl görünən, gözəl geyinən biri olmamalıdır”.

Buna da bax: Ölmədən neçə nəfər pensiya ala bilir?

“Azadlıq və pul”

Sevil Nuriyeva
Sevil Nuriyeva

AzadlıqRadiosuna müsahibəsində Türkiyə televiziyalarının birində aparıcılıq edən ​Sevil Nuriyeva deyir ki, Azərbaycan teleməkanında iki şey catışmır: azadlıq və pul:

“Öz təcrübəmdən deyirəm, Azərbaycan televiziyalarında çalışırlar ki, şou proqramlara az pul xərcləsinlər, amma yaxşı gəlir götürsünlər. İkincisi azadlıqdır. İstər siyasi, istər digər yönümlü şou proqramlarda fikir azadlığına və fikir müxtəlifliyinə ciddi ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycanda ssenarist institutu inkişaf eləməyib:

“Siz heç eşitmisizmi ki, Azərbaycanda hər hansı ciddi verilişin infrastrukturuna vəsait xərclənsin? Mən eşitmədim, amma Türkiyədə ən bəsit proqramların hazırlığında bunu gördüm”.

“Biz onsuz da verilişi dayandırırdıq”

Mirşahin Ağayev
Mirşahin Ağayev

ANS televiziyasında sözügedən verilişlərin aparıcısı Xoşqədəm Hidayətqızının da fikirlərini öyrənmək istədik, ancaq aparıcı telefon zənglərinə cavab vermədi. ANS-in Baş Direktoru Mirşahin Ağayev ANS PRESS-ə bildirib ki, MTRŞ-nın toplantısına qədər onlar özləri də bu verilişləri efirdən çıxarmaq qərarını veribmişlər:

“MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik. Bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa, faydalı olar. Əks təqdirdə bir kanal bu tip layihəni bağlayanda, başqası açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının 29-da- ATV-də “Öz aramızda” verilişi bağlanandan dərhal sonra biz Yaradıcılıq Şurasının qərarı ilə “Sən Tək deyilsən!” verilişini dayandırdıq. Elə “Xoşqədəmlə axtarıram səni” verilişi də bazar günü efirdə ənənəvi formatında son dəfə yayımlanacaqdı”.

Mirşahin Ağayev deyir ki, onlar yeni layihə ilə efir məkanına qayıdacaqdılar. Baş direktor hesab edir ki, MRTŞ ANS-ə qarşı qərəzli mövqe tutub və onlar da qurumu məhkəməyə verəcəklər:

“Çünki verilişlərin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in işgüzar nüfuzunu zərbə altına alır və bizim tamaşaçılarımızı incidir, onların zövq və istəklərini təhqir edir”.

Buna da bax: Qafqaz Müsəlmanları İdarəsi ərəb şirkətini ittiham edir

“Formatı dəyişib yenidən efirə qayıda bilərlər”

MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov isə Report"a açıqlamasında bildirib ki, "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verilişləri yalnız formatlarını tamamilə dəyişərsə, yenidən davam etdirilə bilər. Onun sözlərinə görə, əgər veriliş əvvəlki formatda efirə qayıdarsa, MTRŞ daha ciddi tədbirlər görəcək.

XS
SM
MD
LG