Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Rafiq Tağının Heydər Əliyev haqda essesi, 1998


Mərhum yazıçı Rafiq Tağı
Mərhum yazıçı Rafiq Tağı

- "Heydər Əliyev yalanlarını xalqın yaddaşına həqiqət şəklində çəkəcəyinə ümid edir. Ancaq heç elə şey yoxdur: hər şey öz taxcasına, öz rəfinə qoyulacaqdır."

Rafiq Tağı

10.10.1998-ci ildə yazdığı esse

Heydər Əliyev. Qırmızı dastan

Azərbaycanın taleyində müsbət nihilizm effekti

Qırmızı emosiyalardan alınır və onun məsrəfi əsasən inqilablaradır. Hətta çürüyüb-cırılmışlarını da tapıb baxsanız, XX yüzil bayraqlarının əksəriyyətini qırmızı görəcəksiniz.

XX yüzildə göydə Günəş, həmçinin onun çayda-göldə inikası da inqilabi bir şey kimi görsənirdi. “Ayrıca götürülmüş bir ölkədə” qırmızı ölüm rəmzinə çevrilmişdi.

Bir dəfə küçədə qırmızı qələmlə rastlaşanda, düzü, elə bilmişdim kimisə öldürüblər. Elə indi də qırmızı görəndə ürəyim gup eləyir. Həqiqətdə də, qırmızı bir şey olan qan tökülərkən hökmən ölüm baş verir.

Allaha şükür, özünüz görübsünüz ki, Qurban bayramlarında heyvanların qanı çıxan kimi canları da çıxır. Qan və can – işə bax, Allah-təala bir-biri ilə sıx bağlı iki sözü bilərəkdən qafiyə etmişdir. Bir sözlə, ölüm qırmızıdan sonrakı hadisədir.

Hər halda, qardaşlar, qırmızı təkamül rəngi deyil. Öküz öküzlüyü ilə əzəldən onu xoşlamayıb və bir balaca imkan düşən kimi ona qarşı buynuzlarını işə salıb.

Öküz beynində inqilablara qarşı əks kodlar var. Həri, öküz inqilablara qarşıdır və korridalarda qırmızıya hücumlarla bunu daim sübut edir. Dəlilər qırmızını sevdiklərindən, öküzlər daim onlara da qarşı çıxır.

Yadımdadır, uşaqlıqda inəyimizi çölə ötürərkən naxırdan bir buğa qalxıb V.Mayakovskinin əlimdəki qırmızı cildini buynuzuna taxmadı bə.

Şeirlər ortadan deşildilər və baş üzərində öz-özünə fırlanmağa başladılar. Bəlkə elə ona görədir ki, bir ədəbiyyatçı kimi mənim sosrealist tərbiyəm yarımçıqdır.

Öküzlər Sovet bayraqlarına düşmən idilər. Ümumiyyətlə, Allah öküzü zor simvollarına qarşı bir afət kimi göndərmişdir. Qorxuram, öküzlər qırmızı zolağını görüb Azərbaycan bayrağına da hücum çəkələr. Əlbəttə, öküzlər fəhmlə Azərbaycanı təkamül yolunda görürlər və yəqin odur ki, qırmızı onlara təəccüblü, həm də bir az şübhəli görünür.

Qardaşlar, qırmızı qaraya çevriləndir. Qara 20 Yanvar qan qırmızısından doğulmuşdu. Kalkulyatorda hesablamışam, mənim əksər qara günlərim qəhvəyiyə çalan qırmızı bir rejimdən törənmişdi.

İnsana həmişə qırmızı adam qara yaxar. Gözü qızıb gözləri qızarmış insanın taleyi qaraya çalar. Mən hərdən yaşımdan irəlini danışanam: çox görmüşəm ki, vətəndaş müharibələrində də yerə tökülən qıpqırmızı qan dərhal qapqara olur. Yəni qara qırmızının davamıdır.

Həri, söz çoxdur. Ancaq bunlar heç. Yəni onsuz bütün dediklərimiz həyatımıza uyğun puçdur.

***

Qardaşlar, onu desəm olar, deməsəm olmaz ki, məndə nihilizm şeytanın inkarından başlayıb. Nihilizm əslində dini mənşəlidir. Ancaq mən də balaca-zad oğlan deyiləm: nihilizmi xeyirin yüksəlişi, şərin süqutuna yönəltmişəm.

Mən şəri başına balta çalmaqla yox, ona etinasızlıq göstərməklə yox etmək iqtidarındayam. Qurban olum qaşqaldaq qıçlı Mahatma Qandinin getdiyi yola: şər dinc mübarizə üsullarıyla ram olandır.

Bəşərin həqiqətləri onun cinayətlərindədir. Yəni cinayətlərini araşdırmaqla bəşəriyyətin iç dünyasının real və dəqiq mənzərəsini cızmaq olar. Cinayət bəşərin mahiyyət göstəricisidir.

Əslində humanizm insanın öz xislətindən yayınması əlaməti kimi ortaya çıxır. İnsan şeytana daha çox meyllidir. İnsan həqiqət bildiyi şeyləri əksərən şeytanda axtarır və elə tapır da.

Təəssüflər olsun ki, şeytanı itirib daim həqiqətlərin yanında taparsan. Şeytanda səmimiyyət var. İnsanı illüzor və yalançı humanitar ehtiraslardan yalnız şeytan xilas edə bilir.

Bəlkə ona görə də şeytan yaxın durmayanda insan özü ona can atır. Şeytanla bağlı, ona könül bağlamış ədəbi obrazlar daha səmimidir. Bu elə-belə şey deyil: ağıl fövqündə şeytan daha real görünür.

Onu desəm olar, deməsəm olmaz ki, Azərbaycanda insan şeytan əlilə ucalmağa üstünlük verir. Azərbaycanda əbədiyyət şeytan əməlindən törənən yüksəlişlə qazanılır.

Ancaq bir iş var, iki əməl: qardaşlar, Azərbaycanda millətin zırpı oğlanları, məsələn, torpaqla işləməyi yox, despotlara xidməti əmək növü sayırlar. Zırpılarımız şər xidmətçiləridir.

Onlar şərə güldən ağır söz deyə bilməsələr də, xeyirin burnunu fətirə döndərməyə qadirdirlər. Onu deyim ki, hərgah Azərbaycanda zırpılar olmasaydı, bəlkə də xeyir şərə qalib gələrdi.

Hazırda xeyirin tərəfdarları lüt-üryan insanlarımızdır ki, onlar da yeyib-içib kökələn kimi şərin tərəfinə keçirlər. Köklükdə güc ehtimalı güclüdür. Həri, Azərbaycanda xeyirlə şərin arasında sədd yoxdur.

Şər özünü özünün yüksəltdiyi insanlarda reallaşdırır. Qardaşlar, şərin xeyirlə qucaqlaşmasına vətəndaş sülhü deməzlər. Şər qucaqlayıbsa, xeyirin beli ortadan qırılmalıdır. Özü də hökmən. Ancaq bunlar da heç.

Görürsünüz ki, mən bütün fikirlərimi dünyanın faniliyinə həmahəng-həmqafiyə qururam. Həri, heç, di vəssalam.

***

Hop, etiraf məqamı yetişdi. Mən bu yazıma İlham quşu qanadlarında gəlməmişəm. Boynumun saplağından yapışıb məni bu işə zaman məcbur etdi.

Bax, bu saat İlham quşu təsadüfən gələrsə, ilk dəfə olaraq məni öz yerimdə tapmayacaqdır. Mən ələlxüsus yazımın bundan sonrakı hissəsindən utanaraq talant deyilən və siftə onlarda olmuş ilahi bir şeyin Heydər Əliyevə sərfinə görə klassiklərdən üzr istəyirəm.

***

Herontoloji bir varlığı təzədən ölkə başçılığına layiq bilənlər gələcəyə baş üzərindəki gözlərdən yox, hemorroidal şəbəkəli anal çevrələrdən baxanlardır.

Gələcək həmin çevrələrdən onlara qədimi yumru fotolardakı kimi görsənir. Həri, bizlər gələcəyə psixoloji cəhətcə hazır deyilmişik. Bizim axırımız hökmən “futuroloji şok”la (Olvin Toffler) bitəcəkdir.

Bu saat Heydər Əliyev mənim üçün yalnız totalitar zamanların sonuncu magikanı kimi dəyərlidir. Mən ona yalnız tədqiqat obyekti kimi baxıram. O artıq Azərbaycan xalqının taleyində iltihablı appendiksə çevrilmiş və mütəmadi zoqquldamaqdadır.

Soyadında hələ də “yev” səhvini gəzdirən bir Azərbaycan padşahı alayarımçıq təhsilini boş danışıqlarla əvəzləməyə çalışmaqla Freyd natamamlıq kompleksinə düçardır.

Ancaq mən Şekspir faciələrindəki məkrli kralları Heydər Əliyevlə müqayisədə sadəlövh görürəm. Sən demə, zaman despotları yaxşılaşdırmır. Onların mənəviyyatında tərəqqi olmur. Mən despotlar timsalında insanların yaxşılaşacağına şübhələnmək ixtiyarındayam.

Qardaşlar, Heydər Əliyev artıq Azərbaycan xalqını dünyada utandıracaq bir siyasətçiyə çevrilmişdir. XXI yüz ilə onunla çıxmaq bizim üçün sadəcə, ayıb olacaqdır.

O, Azərbaycan xalqı üçün vaxtı keçmiş dərman yerindədir. Gələcəyə keçmişin himayəsində getməzlər. Boş qazan içində noxud kimi gumbuldayan fikirlərlə üstünə gedəsi olsaq, gələcək sinəmizdən basıb bizi geri oturdacaqdır. Gələcək heç də partıltılardan kar olmaq fikrində deyil.

Heydər Əliyev Azərbaycanda şərin təşviqindən törənmişdir. Heydər Əliyev zoru həmişə dövlətçilik, bizlər isə lotuluq əlaməti bilmişik. Zor əslində dövlətçilik yox, cinayətlər kateqoriyasıdır. Zor hökmən hüquqların pozulmasını təxmin edir.

Heydər Əliyev Azərbaycan xalqının tarixi ədalətsiz parçalanmasına ömrü boyu biganə qalmış yalançı böyük şəxsiyyətlərimizdəndir. Onun bütöv Azərbaycan uğrunda bircə kəlməsi yoxdur. O, gələcək bütöv Azərbaycanda tanınmayacaqdır.

Siyasətçi ölkədəki tikintilərin miqyasına görə böyük sayılmaz. Ona qalsa, türklərin hər hansı müstəqil tikinti təşkilatı üç-beş aya onun ömrü boyu tikdirdiklərindən çox bina inşa etmiş olar.

Heydər Əliyev Azərbaycan üçün qan tökmədən heç bir ciddi iş görməmişdir. O, Azərbaycan üçün trest rəisindən artıq işlər görə bilməmişdir. Dərin yaddaş siyasətçi böyüklüyünə dəlalət etmir; biz dəyərləri həmişə qarışıq salırıq.

Əlbəttə, bunlar Azərbaycan xalqının heç vaxt sistemli maariflənməməsinin nişanələridir. Azərbaycan xalqı hələ də əsl və qəlp şeyləri bir-birindən ayırd edə bilmir. Azərbaycan xalqı əzəldən bədii-estetik yönümlü inkişafı əsas tutub. Biz yaxşı hərbçidən çox, yaxşı nəğməkara heyran olanıq.

Etiraf edim ki, Heydər Əliyev dünyada olmazsa, mən bəlkə darıxaram da. Hər halda, hökmən bir boşluq duyardım. Hərçənd həmin boşluq həyatımda fantom ağrılarla müşayiət olunardı.

Heydər Əliyevdən sonra Azərbaycanda vətəndaş müharibəsi ehtimalı təzə miflərimizdəndir. Güclü mifoloji təfəkkürü artıq Azərbaycan xalqının evini yıxır, onun tifağını dağıdır.

Zaman və məkan təsəvvürlərinin ildırım sürətli dəyişkənliyi, nisbiliyin daha bariz görsəndiyi bir dövrdə mif yaradıcılığı xalqı tərəqqidən saxlayır. Mifoloji təfəkkürümüzün güclülüyü elmi-texniki gücsüzlüyümüzün göstəricisidir.

Düzdür, Heydər Əliyev sağ ikən Azərbaycanda müharibə yoxdur. Lakin o heç də sülh adamı təəssüratı oyatmır. Əksinə, mən bir dəfə dediyim sözün üstündə yenə durmaqdayam ki, o, düşmənə sülh, öz xalqına müharibə elan etmişdir.

Həm də bilsə ki, uda biləcək, o, hər hansı düşmənlə müharibəni dərhal başlayardı. Müharibəni başlamamaq yalnız onun udulacağı ehtimalı güclü olan təqdirdə əxlaqidir.

Üstəlik, mən hər hansı kiçik, ya böyük müharibənin udulması üçün Heydər Əliyevdə əlahiddə qabiliyyət görmürəm. Amma əslində o, batində müharibələr, zahirdə isə sülh aşiqidir.

O özü öz zahirini yaratmış və Narsis kimi də onun əsirinə çevrilmişdir. O daim zahirinə xidmət etmişdir. O, ictimai rəydə bir növ “dəri”si ilə rol oynayır.

Üstəlik, səhvən daxilinin ictimai rəyə tamam dəxli olmadığını zənn edir. Ona elə gəlir ki, daxili sirli sandıqçalar içi kimi heç kəs tərəfindən görünmür.

Halbuki, interferensiyalı tərzdə olsa da, onun daxili zahirində daim əks edir. Heydər Əliyev heç vaxt öz daxilinin təmizlənməsi qeydinə qalmamışdır.

Əksinə, zahiri və batinindəki təzadı o, yüksək siyasətçilik əlaməti sanmışdır. Heydər Əliyevin müdrikliyi onun özünə nifrəti ola bilərdi. O, ömrü boyu həm zahiri, həm də batininə - həm yaxşı, həm də pisə vurğun olmuşdur.

Onun eyni zamanda həm pisi, həm də yaxşını sevməsi bir müəmmadır. Zahiri olmasaydı, batinindəkilər onu məhvə uğradardılar. Zahiri onun xilas yeridir və daxili ilə tarazlıq üçün vacibdir.

Hərçənd, zahirini o, zor-bəla tarazlıqda saxlaya bilir. O, Herakl kimi çiyinlərini xalqın yox, öz taleyinin altına tutmuşdur. O, əbədiyyətə zahiri hesabına qovuşmaq ümidindədir.

Əlbəttə, xalq çox zaman səhvən siyasətçinin zahirini əldə dəstavüz edir və təkcə elə ona da heykəl yapır. Hərçənd artıq heykəllərlə əbədiyyətə qovuşmağın müşküllüyü XX yüzildə tam sübuta yetmişdir.

Çağdaş dövrdə heykəl bütə çevrilməyə macal tapmır. Heydər Əliyevi qarşıda fantasmaqorik bir situasiya gözləyir: heykəlləşmək və sonradan tez də heykəllərinin demontajı. Ara yerdə bu işlərə sərf olunası əmək itib gedəcəkdir.

Heydər Əliyev özü ilə dünyadan çoxlu sirlər aparacaqdır. O indi memuarlar yazsaydı, “çox sevdiyi xalq”ına əvəzsiz xidmət göstərmiş olardı. Lakin neyləyəsən ki, tərslikdən o, memuarlar yazmaq niyyətində bulunmur. Əvvəla, bunun üçün filoloji qabiliyyəti yoxdur. İkincisi, bunu qocalara xas bir iş bilir; yəqin o ölənəcən özünü qoca saymayacaqdır.

O, yığıncaqlarda ayaq üstdə nitq irad etməyi cavanlıq əlaməti bilir. O, yüngülcəsinə cavanlığı həmişə qocalıqdan üstün tutur. O, ömrü boyu həqiqət şəklində sənədləşdirilmiş yalanlarla yaşamışdır. O, əyrilikləri həmişə düzlük bilmişdir.

Üçüncüsü və ən əsası da, Heydər Əliyev memuarlarda həqiqətlərlə rastlaşmaqdan qorxur. Heydər Əliyev yalanlarını xalqın yaddaşına həqiqət şəklində çəkəcəyinə ümid edir. Ancaq heç elə şey yoxdur: hər şey öz taxcasına, öz rəfinə qoyulacaqdır.

Heydər Əliyevdə hakimiyyət maniakal ehtirasdır. Həm də artıq onu qınamaq olmaz da. O, mühafizəsiz, sakit və dinc həyata yadırğamışdır. O haradasa tək durub Günəşə baxa bilməz.

Artıq o, təbiətə yaddır. O, təbiət qoynuna təkbaşına çıxa bilməz. O, təbiətdəki gözəllikləri bəlkə təkcə uşaqlıqda, sonralarsa ancaq dövlət xadimi kimi qavramışdır. Uşaqlıqdan sonra gözəllik onun tərəfindən daim zorlanmışdır.

Zorlandıqlarından təbiət gözəllikləri onun içində işləmirlər. Təbiət gözəllikləri Heydər Əliyevin mənəviyyatında yox, olsa-olsa ləziz təamlar şəklində daim mədəsində həzm olunmuşdur.

O, gözəlliyə münasibətdə Qarqantüa iştahındadır. Təbiət gözəlliklərini bəlkə onun qədər görən olmayıbsa da, onlar onun içində harmoniyaya səbəb olmamışdır.

Gözəlliklər ondan harmoniyanı əsirgəmişlər. Onun gözəlliyə münasibəti mənimsəmə effektlidir. Gözəllik onun nə içində, nə də çölündə xeyirlərlə nəticələnməmişdir. Təbiət gözəllikləri Heydər Əliyevə münasibətdə həmişə qəza vəziyyətində olmuşdur.

Onun təbiət gözəlliklərinə münasibəti eybəcər təzahürlərlə əlamətdardır. “Heydər parkları” Azərbaycanın həyatında başda dombalan fır bənzərlidirlər. “Heydər parkları” təbiətin yox, anormal insan beyinlərinin məhsuludur.

Sanki şəhər ağaları tərəfindən ağaclara qəfildən “dur” əmri verilmişdir. Əslindəsə Azərbaycan ağacları Heydər Əliyevin Sumqayıt gübrələrindən həmişə ölmək arzusunda bulunublar. Heydər Əliyev 70-ci illərdə təbiəti “pripiska”larla ləkələmişdir. Təbiət Heydər Əliyevdən peşimandır.

Bu gün Heydər Əliyevin demokratiyaya haraylanması imana çağırış kimi səslənir. Onda bəşər əzablarına ehtiram yoxdur. O, bəşər əzabları haqqında heç kitablardan da oxumamışdır. Kommunist təfəkkürü əzab qavrayışını istisna edir.

Azərbaycan xalqının Heydər Əliyevə etimadı bir yanlışlıqdır. Heydər Əliyev xalqı bəs deyincə aldatmışdır – onun “pripiska” etmədiyi yeganə sahə budur. O, ömrü boyu Allahdan kənarda əcaib-qəraib qurğular qurmuşdur.

Onun başında daim çar ideyası olmuşsa da, Allah ideyası heç vaxt olmamışdır. Ona həmişə elə gəlib ki, Allah insanı özünə oxşar tərzdə - Leonid Brejnev surətində xəlq etmişdir.

Dünyada Brejnev vardısa, Allaha ehtiyac yoxdu. Əfsus, Heydər Əliyev bəlkə bilmir də ki, ömrünü Allahdan kənarda yelə vermişdir. O, şöhrətə aldanmış və indi elə ona da qurban getməkdədir.

Heydər Əliyevin bu fani dünyadan qisməti beş metr ağdan savayı, olsa-olsa yekə və parlaq bir başdaşıdır – hər halda, rəhmət deyil.

***

Mən bu fikirlərimin izharıyla keçmişdən azad olmaqda ikən, güman, İlham quşu gəlib qapımda çırpınmış, məndən mehr-ülfət görmədiyindən çıxıb getmişdir. İlham quşunu gözləmədən yazdığıma – bu tələskənliyimə görə də klassiklərdən dönə-dönə üzr istəyirəm.

(Yazıdakı fikirlər mərhum yazıçının mülahizələridir)

XS
SM
MD
LG