Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Avropa Rafiq Tağının düşündüyü qədər cəsarətli qitə deyil


Rafiq Tağı
Rafiq Tağı

- Bu gün (5 avqust) yazıçı Rafiq Tağının ad günüdür.

2011-ci ilin noyabrında yazıçı Bakıda qaranlıq küçədə bıçaqlanandan bir neçə gün sonra xəstəxanada vəfat etdi.

Bu münasibətlə noyabrın 26-da Britaniyalı jurnalist Nick Cohen "The Guardian" qəzetində maraqlı bir məqalə dərc etmişdi. Məqalənin məzmununu bir daha xatırlayaq.

"The deafening silence on a good man's death" (Yaxşı adamın ölümü ilə bağlı qulaqdeşən sükut) adlanan məqalədə deyilirdi ki, Rafiq Tağının qətli Qərbin dini ekstremizm qarşısında qorxaqlığını göstərir.

"Beynəlxalq ictimaiyyət"in Rafiq Tağının ölümündən kədərləndiyi heç hiss olunmadı. Naməlum şəxs qorxaqcasına onun kürəyinə bıçaq sapladı... Onun qatili yəqin ki, siyasi yox, dini tiranlığın tərəfdarlarından idi. Amma 61 yaşlı azərbaycanlı yazıçının qətlinə demək olar ki, reaksiya gəlmədi...

Kohen yazırdı ki, "ərəb baharı" davam etdikcə hər yerdə Rafiq Tağı kimi insanların hücuma məruz qaldıqlarını görmək olar.

Məsələn, Tunisdə inqilabdan sonrakı ilk seçkidə "Ən Nahda" Partiyası qalib gəlib. Qərb media orqanları həmin partiyanı "mötədil islamçı" kimi təqdim edir.

Amma bu həmin "mötədil" partiyadır ki, İranda qadınlara qarşı zorakılıq haqda proqram yayımlayan telekanala hücum edir, onları "İslamın müqəddəs dəyərlərini təhqir etməkdə" günahlandıraraq məhkəməyə verir. Misirdə isə liberal müxalifət artıq anlayıb ki, "Müsəlman qardaşlığı"ndan onlara müttəfiq olan deyil.

Kohen yazırdı: "Güman ki, məndən başqa heç kəs Britaniyada Rafiq Tağının ölümündən yazmayacaq."

O, Rafiq Tağını "dünyəvi diktatura və dini ekstremizmə qarşı mübariz" kimi təqdim edirdi.

Jurnalist yazırdı ki, dünya ölkələri neft və qaz ehtiyatlarına görə "keçmiş KQB zabitinin oğlu" İlham Əliyevin idarə etdiyi "dünyəvi diktatura" ilə yaxşı əlaqələr qurublar. Qərblilər bu uzaq ölkə haqqında məlumatları ingilisdilli "Bakı" jurnalından alırlar.

Prezidentin qızı Leyla Əliyevanın redaktoruluğu ilə çıxan həmin jurnalda moda, kino ulduzları haqda məqalələr və Azərbaycan mənzərələri yer alır. Amma hakimiyyətin müxalifətə qarşı təqiblərindən heç nə yazılmır. Pul hərisliyi haqda da.

Halbuki "Transparency International" bildirir ki, Azərbaycan ən çox korrupsiyaya bulaşan ölkələr sırasında yer alır. Məqalədə o da deyilir ki, bəzi Amerika diplomatları hətta hakim elitanı Karleone cinayətkar qrupu ilə müqayisə edirlər.

Tağı həm də dini ekstremizmə qarşı çıxırdı. O da müsəlman ölkələrində liberalların döyüşdüyü iki istiqamətli cəbhə xəttinin önündə idi.

Onun din cəbhəsindəki düşmənləri bunu bilirdilər və onun qətlinə fərman vermişdilər.

Yaxınları və dostları Rafiq Tağının məzarını ziyarət edir

​ ​Rafiq Tağı müqayisə zamanı İsa peyğəmbəri Məhəmməd peyğəmbərdən üstün sayırdı.

O qeyd edirdi ki, xristianlıq Avropada insan haqları və demokratiyanın təntənəsinə gətirib çıxarıb, İslam isə Şərqdə despotizmə.

O düşünürdü ki, azərbaycanlılar azad olmaq istəyirlərsə, dünyəvi dövlət quruluşunu seçməlidirlər.


Azərbaycan hökuməti onu həbs etmiş və İran ayətullahı Lənkərani onun ölümünə fitva vermişdi. Amma Rafiq Tağı azadlığa çıxandan sonra yenə yazılarına davam edirdi.

Kohen yazırdı ki, Rafiq Tağı son yazılarında İrandakı dini dövlət quruluşunu tənqid edirdi. "Onun qətlini ya İran, ya da yerli dindarlar təşkil edib".

Amma dövlətlə bağlı şəxslərin də burada əli olduğu istisna edilə bilməz. O, azərbaycanlı blogger Emin Milli ilə söhbətinə istinad edirdi. "E.Milli təəccüblənir ki, dövlət klinikasında müalicə alan və ağır əməliyyatdan çıxıb sağalmağa doğru gedən yazıçı birdən-birə necə ölə bilərdi?"

Britaniyalı jurnalistin yazdığına görə, Emin Milli heç cür anlaya bilmir: necə olur ki, Qərb ölkələri onun həbsini qəti şəkildə pislədikləri haqlda Rafiq Tağının qətli ilə bağlı susurlar.

Kohenin azrbaycanlı bloggerə cavabı belə olub: "Mən izah etməyə çalışdım ki, Avropa Rafiq Tağının düşündüyü qədər cəsarətli qitə deyil. Avropa siyasi təqiblərin qurbanlarını müdafiə edər, amma dini təqiblərin qurbanlarını yox. Salman Rüşdiyə qarşı təqiblərdən sonra burda bir çoxları repressiyalardan ehtiyat edib islamçıları pisləmədi.

Bəziləri isə orientalizm, neokonservatizm və başqa "fobiya"larda ittiham ediləcəklərindən ehtiyatlanmağa başladılar... Liberal qərblilər siyasi avtoritarizmlə mübarizədə müttəfiq ola bilərlər, amma dini avtoritarizmlə mübarizədə yox".

"Emin Milli bunu anlamadı və mən xəcalət çəkdim. Yaxın Şərqdə və digər bölgələrdə liberalların nələrlə üzləşə biləcəyini nəzərə alanda adam düşünür ki, qərblilərin öz cılız mənafelərini hər şeydən önə çəkməyə nə haqları var?"

XS
SM
MD
LG